Müəllim daha çox qazanacaq - Məktəblərdə YENİ MODEL
“Bu il ucqar kənd məktəblərində kadr təminatı problemi son 10-20 ilin bəlkə də ən aşağı səviyyəsinə enib”.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.
O bildirib ki, bütün ucqar məktəblərdə təhsilin keyfiyyətinin aşağı olması fikri ilə razı deyil. Bununla belə, bəzi ucqar məktəblərdə, xüsusilə müəllim təminatından irəli gələn çətinliklərin mövcud olduğunu və bunun şagirdlərin nəticələrinə də təsir etdiyini qeyd edib.
Eşqi Bağırovun sözlərinə görə, bu problemlərin həllində hibrid təhsil modeli əsas vasitələrdən biridir. Onun sözlərinə görə, bu modelin növbəti illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
MÜTDA direktoru qeyd edib ki, son iki il ərzində ucqar kənd məktəblərində müəllim təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər də həyata keçirilib. Belə ki, həmin məktəblərə təyin olunan müəllimlərin stimullaşdırılması məqsədilə əməkhaqqına əlavələr və kompensasiyalar ödənilir. Həmçinin müəllimlər təyin olunduqda onlara ilkin əməkhaqlarının iki misli qədər müavinət verilir.
O əlavə edib ki, müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerin olduğu rayonun sakinlərinə də üstünlük verilir. Bu yanaşmanın məqsədi müəllimlərin həmin məktəblərdə daha dayanıqlı fəaliyyət göstərməsini təmin etmək və sonradan vakansiyadan imtina hallarını azaltmaqdır.
E.Bağırov bildirib ki, ucqar kənd məktəblərində şagird sayının az olması səbəbindən müəllimlərin dərs yükü də aşağı olur. Bu səbəbdən bir neçə məktəbdə eyni fənn üzrə olan vakant yerlər bir iş yeri kimi müsabiqəyə çıxarılır.
Məsələn, iki və ya üç məktəbin hər birində kimya fənnindən 6 saat dərs yükü varsa, həmin vakansiyalar bir iş yeri kimi təqdim olunur. Nəticədə müəllim əvvəlcədən razılığı alınmaqla bir neçə məktəbdə işləyə bilir. Bu isə həm müəllimin dərs yükünün optimallaşdırılmasına, əməkhaqqının daha rəqabətli olmasına, həm də bir neçə məktəbdə fənn tədrisinin təmin edilməsinə imkan yaradır.
Eşqi Bağırovun sözlərinə görə, həyata keçirilən bu tədbirlər nəticəsində bu il ucqar kənd məktəblərində kadr təminatı problemi son 10-20 ilin ən aşağı səviyyələrindən birinə enib.