“8-9-cu sinif qızları narkotik aludəçisinə çevrilir” - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ
“Avara uşaqlarla maraqlanmaq lazımdır. 8-9-cu sinifdə oxuyan qızlar narkotik vasitə aludəçisinə çevriliblər”.
Bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan deputat Fazil Mustafa deyib.
F.Mustafanın sözlərinə görə, bəzən məktəblərin tualetlərində narkotik vasitələr tapıldığı deyiləndə inkar edirlər:
“Deyirlər ki, əvvəllər var idi, indi yoxdur. Bunu ört-basdır etməklə məşğuluq. Birinin oğludur, birinin bacısıdır, birinin qızıdır, bu bəla hamısına təsir edən məsələdir. Bilmək olmaz kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmaq lazımdır”.
O, həm də onu da qeyd edib ki, narkotik maddə istifadə edərək ictimai nəqliyyatda sükan arxasına keçənlər ətrafa dəhşət saçırlar:
“Taksi sürücülərinin çoxu işə onlayn götürülür. Onlar yoxlanılmalıdır. Təsəvvür edin ki, narkotikdən asılılığı azaltmaq üçün müəyyən əvəzləyici vasitələr tapırlar. Necə siqareti tərgitmək üçün elektron siqaret istifadə edirlər, hərçənd ki, nəticə vermir. Yəni, bu şəkildə narkotik vasitə istifadə edə-edə sükan arxasında əyləşirlər. Qəza olan zaman isə bunu araşdırmaq da problem yaradır. Tam məsuliyyəti ilə deyirəm ki, bunun qarşısını almasaq, gələcəkdə dəhşəti faciələr baş verəcək. Ölkədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Lakin mən düşünürəm ki, komissiya hər gün televiziyalarda olmalı və çağırış etməlidir”.