“Gürcüstanda Azərbaycan dilli məktəblərin sayı ciddi şəkildə azalıb" - NƏ BAŞ VERİR?
“Gürcüstandakı Azərbaycan dilli məktəblərdə ana dili və kadr çatışmazlığı çox ciddi problemdir. Bu, hamımızı narahat edən ən əsas məsələlərdən biridir”. Bu fikirlər iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevaya aiddir. A.İsayeva mövcud problemlə bağlı geniş məqalə ilə çıxış edib. O bildirib ki, son illər Gürcüstandakı Azərbaycan dilli məktəblərin sayı ciddi şəkildə azalıb:
- Bu gün riyaziyyat, fizika, kimya, Azərbaycan dili və ədəbiyyatı və s. fənləri Azərbaycan dilində tədris edən kadrların əksəriyyəti yaşlı insanlardır. Allah ömür versin onlara. Cavan kadrlar azlıq təşkil edir, aralarında bəzi qeyri-peşəkarlar da var. İşinin peşəkarı olan gənclərimizi inkar etmirik. Bəzən yaşlı kadrlara “sovet dönəminin qalıqları” kimi baxıb onların əziyyətini ayaq altına atırlar. Ancaq unutmaq lazım deyil ki, məhz həmin “sovetin qalıqları” adlandırdığınız müəllimlər 90-cı illərdə aylarla maaş almadıqlarına baxmayaraq (bəli, acı reallıq budur: aldıqları bir aylıq maaşa bir çörək almaq mümkün idi), məktəbdə təhsil-tədris prosesini dayandırmamışdılar, bütün çətinliklərə baxmayaraq fədakarcasına elin-obanın çətin günlərində övladlarımızın təhsil almasına çalışırdılar, məktəbdən ayrılmırdılar. Bu gün gənc və yaşlı kadrlar birgə, müştərək işləyib təcrübələrini bir-birilə bölüşməlidir.
Qeyd edək ki, bir neçə il əvvəl Gürcüstanda yaşlı nəslin nümayəndəsi olan müəllimlərin işdən kənarlaşdırılması prosesi başladı, bəziləri təqaüdə göndərildi. O cümlədən azərbaycanlı müəllimlər də. Kadr çatışmazlığının bir səbəbi də budur. Köhnələr uzaqlaşdırılıb, yenilərsə kifayət etmir. Hazırda elə müəllimlər var ki, onlar yenidən tədris prosesinə cəlb olunmaq istəyir, buna potensialları da var. Bu müəllimlərlə qısamüddətli əmək müqaviləsi də bağlana bilər. Yaxşı olardı ki, potensiala malik yaşlı müəllimlər yenidən tədrisə cəlb edilsin. Bu, gənc kadrların təcrübə toplamasına da yardımçı olar.
A.İsayeva hesab edir ki, Gürcüstanda əsası qoyulacaq müştərək Azərbaycan-Gürcüstan Universitetinin mövcud problemin həllində əhəmiyyətli rola malik ola bilər:
- Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan-Gürcüstan müştərək universitetin əsasının qoyulmasına nail olmaqdır (əlbəttə ki, belə bir universitetdə Azərbaycan dilində digər fənləri mənimsəməklə yanaşı gürcü dilinin öyrənilməsi də mütləq nəzərdə tutulmalıdır, bakalavr pilləsində təhsil aldığı dövrdə 4 il ərzində hər gün gürcü dili də keçilməlidir). Azərbaycan dövlətinin dəstəyi ilə bunu reallaşdırmaq olar. İlbəil Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaqdadır,
ANA dili ölmək üzrədir, kadr çatışmazlığı ilə əlaqədar bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyəcan təbilini çalmaq və hərəkətə keçmək mütləqdir. Etnik azlıqların ana dilində təhsil almaq hüquqları Gürcüstan konstitusiyasında da öz əksini tapıb. Gürcüstan dövlətinin qəbul etdiyi “Ümumtəhsil haqqında qanun”-a (2005) əsasən etnik azlıqlar öz ana dilində tam ümumi təhsil almaq hüququna malikdirlər. Gürcüstan bütün əsas beynəlxalq hüquq təşkilatlarının üzvüdür. Gürcüstan Avropaya inteqrasiya yolunu seçib, “Avropa ailəsi"nin bir üzvü olmaq üçün Avropa standartlarına uyğun hərəkət etməlidir, Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Avropa Şurası Gürcüstanda yaşayan etnik azlıqların Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya etməsi üçün, təhsildə islahatların aparılmasına dəstək olmaq üçün hər il Gürcüstana külli miqdarda vəsait ayırır. Bu pullar təyinatı üzrə xərclənsəydi nəticələr də olardı.
Mənbə:My Webpage