"Rus bölməsi ləğv edilməlidir”
Bakıda övladını rus məktəbinə və ya rus dilli bağçalara qoyan ailələrin sayı əhəmiyyətli dərəcədə artıb. Hər halda həyət-bacada, küçədə rusca danışan azərbaycanlı uşaqların sayının artması buna dəlalət edir. Bəs builki təhsil ili ərəfəsində vəziyyət nə yerdədir, tendensiya nə deyir? Rus dilində təhsil almaq uşağın milli ruhda yetişməsinə, kimliyinə necə təsir edir? Əlbəttə, dil bilmək yaxşıdır. Lakin yəqin ki, bu ana dilinin ikinci plana atılması hesabına, soykökdən uzaqlaşmaq hesabına olmamalıdır. Doğrudanmı uşağı rus sektoruna qoymaqla biz onun gələcəyini daha yaxşı təmin etmiş oluruq, yoxsa burada dəb amili, bəhsə girmək məsələsi daha çox rol oynayır? Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, artıq bir çox MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri rus dilində təhsildən imtina ediblər: “Azərbaycanda da bu addım atılmalıdır. Rus dili ümumilikdə kadr hazırlanmasında hər hansı bir üstünlük təşkil etmir. Sadəcə olaraq, rus bölməsini bitirən abituriyentlər Azərbaycan bölməsini bitirənlərlə müqayisədə qəbul zamanı daha çox üstünlük əldə edirlər. Rus bölməsini bitirənlərin şansı daha çox olur. Azərbaycan bölməsi abituriyentlərinin 500-600 balla qəbul olduğu yerə, rus bölməsi 200-300 balla qəbul olur. Deməli, biz bu bölmədə yüksək ixtisaslı kadr hazırlaya bilmirik. Bu gün Azərbaycanda müəllimlik ixtisasında rus bölməsi demək olar ki, yox səviyyədədir. Bunu illər ərzində qəbul-plan yerlərinin təhlili zamanı da görə bilərik”.
Kamran Əsədov vurğuladı ki, dil birmənalı şəkildə təfəkkürün formalaşmasına təsir göstərir: “Bunu inkar etmək mümkün deyil, Azərbaycanda rusdilli vətəndaşlar var. Azərbaycanda təhsil alan 1,5 milyon şagirdin 130 min nəfəri rus bölməsinin payına düşür. Onlardan 1100 nəfəri gürcü bölməsini bitirib. Bütün bunlar hamısı fərqli düşüncə tərzini ortaya qoyur. Bu gün şagirdlərin ən çox yönəldiyi sahə rus bölməsidir. Biz birmənalı şəkildə ibtidai sinifdə rus bölməsini ləğv etməliyik. Yalnız yuxarı siniflərdə rus bölməsinə keçid edə bilərik”.
Ekspertin sözlərinə görə, rus bölməsi üzrə Azərbaycanda təhsil verilməsə, burada heç kimin konstitusion hüququ pozulmur: “Konstitusiyaya görə, dövlət Azərbaycan dilində tədris həyata keçirir. Bu günləri 4447 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində aparılır, bu da 7,6 faiz deməkdir. Ciddi bir məsələdir. Burada 90 min şagird rus dilində təhsil alır. Ölkədə bütün məktəblərdə birinci və ikinci xarici dil rus dilidir. Orada da 450 mindən çox şagird rus dilini xarici dil kimi öyrənir. Mən düşünürəm ki, biz rus dili bölməsinin yerinə xarici dil kimi daha keyfiyyətli rus dili tədris etməliyik. Bu daha yaxşı olar. Rus dilində təhsil həm milli düşüncə tərzinə öz təsirini göstərir, həm də bir çox məsələlərə yanaşmada. Xarici dil bilmək yaxşı əlamətdir, amma biz bunun siyasi təsirlərini də istisna etməməliyik”.
Ekspert bu gün rus dili bölməsinə meyllənmənin güclü olduğunu söylədi: “Son rəqəmlərə baxanda görürük ki, 2019-2020-ci illərdə 90 min şagird rus dilində təhsil alırdı, amma indi görün ki, bu rəqəm 130 minə qədər artıb. Orta məktəblər üçün ciddi bir rəqəmdir. Birinci sinfə təkcə 15 min nəfərdən çox şagird rus bölməsinə gedəcək. Halbuki sənəd verənlərin sayı 30 minə qədər idi. Valideynlər istəyirlər ki, uşaqlar rus dilində təhsil alsın, amma özləri rus dilində bilmirlər. Dünya ölkələrində Qazaxıstanda, Ukraynada, Gürcüstanda, Baltikyanı ölkələrdə rus bölməsi təhsildən çıxarılıb. Azərbaycanda isə rus dillini tamamilə çıxarmayaq, bütün hallarda xarici dil kimi keçək. Amma ibtidai siniflər üçün rus bölməsi birmənalı şəkildə ləğv edilməlidir”.