Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə hökm oxunub
 Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
"Report"un məlumatına görə, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Eyni zamanda, onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.
Qeyd edək ki, sözügedən şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.
Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.