Bakı Ali Neft Məktəbində təntənəli Zəfər Günü
Bakı Ali Neft Məktəbində (BANM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən təntənəli tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, millət vəkilləri, ictimai xadimlər, Ali Məktəbin müəllim-professor heyəti və tələbələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də başlanan və 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsindəki şücaətindən, qəhrəmanlığından, Azərbaycan xalqının birliyindən danışaraq, böyük tarixi hadisələr yaşadığımızı vurğulayıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramını bildirən rektor tələbələrə müraciət edərək Azərbaycanın intellektual əsgərləri kimi hər zaman və hər yerdə ölkəmizi layiqincə təmsil etməyi, şəhidlərimizi ehtiramla yad etməyi, tariximizi unutmamağı və təbliğ etməyi tövsiyə edib: “Zəfəri bizə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, canını fəda edən şəhidlərimiz, qazilərimiz bəxş edib. Bu günü 30 ilə yaxın müddətdə həsrətlə gözlədik, nəhayət, qəhrəman anaların dünyaya gətirdiyi igid oğullar sayəsində böyük Zəfəri yaşadıq. O anaların əllərindən öpürəm. Bizim müqəddəs yerimiz şəhidlərimizin məzarlarıdır. İşğal altında olan torpaqlarımızın azad olunması, qələbə qazanmağımız bizə böyük ruh, əminlik verdi. Bu zəfər qəhrəmanlıq salnaməmizdir. Biz tələbələrimizə beynəlxalq səviyyəli təhsil verməklə yanaşı, onları vətənpərvərlik ruhunda yetişdiririk. Fəxr edirik ki, bizim tələbələrimiz, məzunlarımız arasında da Vətən müharibəsində iştirak edən, qəhrəmanlıq göstərərək medalla təltif edilən igid oğullarımız var”.
Tədbirdə çıxış edən Milli Məclisin Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Ordu, dövlət, xalqın birliyindən danışaraq qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının gözlədiyi bu qələbəni yaşadan müzəffər Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusu, qalib Azərbaycan xalqı oldu: "Hər birimiz bu tarixi günlərə şahidlik etdiyimiz üçün xoşbəxt insanlarıq. Azərbaycan dövləti, xalqı daim sülh tərəfdarı olub. Ona görə də 30 ilə yaxın müddətdə torpaqlarımızı danışıqlar yolu ilə işğaldan azad etməyə çalışdıq. Amma bu müddətdə məkrli düşmənlərimiz dəfələrlə təxribatlar törətdilər, yeni ərazi iddiaları irəli sürdülər. Artıq Azərbaycan xalqının səbir kasası daşdı və 27 sentyabr dönüş tarixi oldu. Nəhayət, biz tarixi ədaləti bərpa etdik”. Millət vəkili Bakı Ali Neft Məktəbi haqqında da yüksək fikirlər söyləyərək tələbələrin bilikli, savadlı, bacarıqlı olmaqla yanaşı, vətənpərvərlik ruhunda yetişdirildiyini təqdirəlayiq hal kimi qiymətləndirib.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bütün şəhidlərimizi anaraq gənclərə azadlığı uğrunda minlərlə qəhrəman oğulların canını fəda etdiyi torpaqlarımızı qorumağı tövsiyə edib: “Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Siz gənclər bu əmanəti göz bəbəyiniz kimi qorumalı, ona sahib çıxmalısınız. Bütün müstəvilərdə müqəddəs dəyərlərimizi təbliğ etməli, onların qəhrəmanlıqlarından bəhs etməli, gələcək nəsillərə ötürməlisiniz”.
"Mən bir oğul itirdim, amma minlərlə oğul qazandım",- deyən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filara İsmayılova oğlu haqqında xatirələrini bölüşüb.
Vətən Müharibəsi qəhrəmanı Vüsal Yaqubov və BANM tələbəsi, Vətən müharibəsi iştirakçısı Rüfət Hüseynzadə isə döyüş yolundan danışıb, şəhid döyüş yoldaşlarının xatirələrini ehtiramla yad edib, onların adlarını hər zaman yaşadacaqlarını, nümunəvi həyat və döyüş yollarını təbliğ edəcəklərini bildiriblər.
Daha sonra "Zəfər yolu" qısametrajlı film nümayiş olunub.
Tədbir "Vətənim Azərbaycandır" esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, İkinci Qarabağ savaşında şəhid olmuş Rövşən Nurzadənin atası xalq artisti, aktyor Əli Nurun çıxışı və Dövlət Sərhəd Xidmətinin orkestrinin ifasında vətənpərvərlik ruhunda mahnılarla davam etdirilib.