azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada Zəfər Günü qeyd edilib

5-11-2021, 00:03

Mərkəzi Elmi Kitabxanada Zəfər Günü qeyd edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Zəfər günü qeyd edilib.
Öncə MEK rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət ediblər. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.
Millət vəkilləri, elm adamları, şəhid ailələri, müharibənin canlı iştirakçıları, qazilər və digər qonaqların iştirakı ilə Şanlı Qələbəmizin bir ili münasibətilə MEK-də keçirilən “Zəfər memarları Mərkəzi Elmi Kitabxanada əbədi yaşayacaq” adlı tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları və bütün kitabxana kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib. Baş direktor vurğulayıb ki, hələ Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsasları xalqımızın ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı. Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.Mərkəzi Elmi Kitabxanada Zəfər Günü qeyd edilib
“Hər kəs yumruq kimi birləşib Ali Baş Komandanımızın dediyi kimi, “dəmir yumruq”larını bütün sahələrdə düşmənin başına endirmək əzmində idi. Ziyalılar, yaradıcı insanlar, hərbi ekspertlər fikir və düşüncələrini bölüşür, xalqı məlumatlandırmağa çalışırdı. Bu müharibə elmi məqalə, esse, şeir, hekayə, dastanlar yazılmağına zəmin yaratdı. Kitabxana olaraq bizim missiyamız xalqın yaratdığı intellektual milli sərvəti toplamaq, qorumaq və gələcək nəsillərə ötürməkdir. AMEA Mərkəzi Elmi Kitabxanasının da möhtəşəm qələbəyə layiqli töhfəsi, bir neçə ay öncə fəaliyyətə başlayan, Azərbaycan kitabxana sistemində bir ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun istifadəyə verilməsi, həmçinin yenicə işıq üzü görən “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici oldu. Təqdim olunan biblioqrafik göstərici qırx dörd günlük II Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib edilib” - deyə baş direktor vurğulayıb.
“Ermənistan üzərində qazanılan möhtəşəm Qələbə bizi tarixi yurd yerlərimizə qovuşdurdu. Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları dəyərləndirən Prezident cənab İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi hədəflər bu gün uğurla reallaşmaqdadır”-bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ətraflı məruzəsi zamanı qeyd edib.
Millət vəkili, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Natiq, Qarabağda, xüsusən də Şuşada aparılan tikinti, quruculuq işləri, Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulmasını bunun nəticəsi olduğunu vurğulayıb.
Millət vəkili Aqil Abbas çıxışı zamanı qeyd edib ki, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi böyük Vətən müharibəsinin şəhidləri də Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılaraq daim yaşayacaqlar. “Şəhidlərimiz çinar ağacı, palıd ağacı olaraq daim yaşayacaqlar, çiçək olub açacaqlar Qarabağda! Valideynləri şəhid övladlarının qoxusunu bu çiçəkdən alacaqlar!” – deyə yazıçı-jurnalist Aqil Abbas bildirib.
Tədbirdə şəhid İlkin Məmmədzadənin anası Fatma xanım, Milli Qəhrəman Fred Asifin qardaşı Ədalət Məmmədov, I Qarabağ Müharibəsinin şəhidi Elmar Hüseynovun oğlu Emin Hüseynli, İkinci Qarabağ Müharibəsinin iştirakçısı, qazi Nəsir Zeyniyev və digər çıxışçılar torpaqlarımızın işğaldan azad edilməsini ədalətin təntənəsi və hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıblar.
Daha sonra Respublika kitabxanaları arasında 44 günlük Vətən müharibəsinə həsr edilmiş, ilk vəsait olan yenicə işıq üzü görən “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici haqqında MEK-in əməkdaşı Aygün Əliyeva tədbir iştirakçılarına ətraflı məlumat verib. Ön sözünün müəllifi AMEA prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olmaqla adıçəkilən unikal biblioqrafik göstərici qısa zaman ərzində hazırlanıb. Bu dəyərli göstəricidə İkinci Qarabağ müharibəsi zamanı ölkəmizdə Azərbaycan və Rus dillərində toplanmış analitik yazılar xronoloji ardıcılılıqla işlənərək biblioqrafiya şəklində ərsəyə gəlib.
Tədbir zamanı vətənpərvərlik mövzusunda Azərbaycan Respublikasının Əməkdar artistləri İlkin Əhmədov, Babək Niftəliyev, gənc müğənnilər Hacı Mehtab, Mehman Vəliyev, balaca vətənpərvər Cavidan Məmmədovun vətənpərvərlik mövzusunda ifaları dinlənilib, şeirlər səsləndirilib, MEK tərəfindən Zəfər Günü ilə əlaqədar hazırlanan videoçarx nümayiş etdirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi