Gülnarə Xəlilovanın libasları Qazaxıstan dəb həftəsində
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri modelyer - dizayner Gülnarə Xəlilovanın kəlağayıdan yaratdığı “İpək sərvət” geyim kolleksiyası Qazaxıstanda “Aspara Fashion Week” Beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olunub.
OLAY yazır ki, layihə “Azerbaijan Kelagayi” Milli Brendi ilə birgə reallaşdırılıb. Dəfilə Taraz şəhərinin “Көне Taraz” etno-mədəni kompleksinin “Şahristan” sərgi pavilyonunda baş tutub.
Moda Həftəsi “Taraz-sənətkarlar şəhəri” Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim olunub. Tədbirdə İtaliya, Almaniya, Polşa, Türkiyə, Çexiya, Çin, Rusiya, Fransa, Bolqarıstan, Hindistan, Ukrayna, Niderland, Qırğızıstan, Tailand, Qazaxıstan və Özbəkistandan tanınmış dizaynerlər iştirak ediblər.
Ekspozisiyada həmçinin “Cizgi by Gulnara Khalilova”dan Qarabağ və Xarıbülbülün çiçəyi milli naxışlarla ipək yaylıqlar, libaslar, araxçınlar, müxtəlif aksesuarlar təqdim olunub. Dizayner “Aspara Fashion Həftəsi” və “Taraz – sənətkarlar şəhəri” Beynəlxalq sərgisində iştirakına görə Taraz şəhəri Akimatından iki diplomla təltif olunub.
2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmış “Aspara Fashion Week” bu il “Mədəniyyətlərin dialoqu” devizi altında keçirilib.