azia.az
azia.az

Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR

20-12-2021, 16:16

Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR
Bu aktrisanı “Böyük dayaq” filmindən hamı Səkinə ana kimi tanıyır. Amma onun əsl həyatda kim olduğu haqda çoxları heç nə bilmir.

1962-ci ildə görkəmli rejissor Həbib İsmayılov Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkdiyi "Böyük dayaq" filmində ana obrazını ona tapşırmaqda səhv etməmişdi...

Çünki aktrisa bu rolu o qədər səmimi, o qədər təbii ifa edib ki, onun kinoda oynadığını təsəvvür etmək belə çətindir...

Azia.az xəbər verir ki, Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə yuxarıda haqqında bəhs etdiyimiz aktrisanı - Leyla Rzayevanı sizə tanıdır...

O Leyla Rzayeva ki, “Böyük dayaq” filmindən əvvəl də kinoya çəkilmişdi...

1959-cu ildə “Əsl dost”, 1960-cı ildə “Aygün” və “Səhər” filmlərində oynamışdı.

1962-ci ildə çəkildiyi “Böyük dayaq”dakı uğurlu ifasından sonra 1966-da ekranlaşdırılan “İstintaq davam edir” filmində də ana obrazı ona etibar olunmuşdu.

Amma o, daha çox “Böyük dayaq”dakı obrazı ilə yaddaşlarda silinməz iz qoyub.

Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR
“Böyük dayaq” filmi sovet Azərbaycanında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edir. Filmdə Rüstəm kişi kolxoz sədri olmaqla yanaşı, ağır təbiətli ailə başçısı, Səkinə ana isə onun sədaqətli həyat yoldaşıdır.

Aktrisa Leyla Rzayeva bu rolu çox real və təbii şəkildə canlandırmaqla tamaşaçıların sevimlisinə çevrilib desək, şübhəsiz səhv etmərik.

"Böyük dayaq"dakı Səkinə obrazı digər ekran əsərlərində gördüyümüz ana rollarından bir sıra xüsusiyyətləri ilə fərqlənir. O, həm övladlarını ürəkdən sevən bir ana, həm gözəl həyat yoldaşı, həm də mehriban qayınanadır.

Səkinə ana filmdə yenilik tərəfdarları olan gənclərlə həmfikir obrazdır.

Bəs Səkinə ananın bizə sevdirən Leyla Rzayeva kim olub?

Əməkdaşımız aktisa ilə bağlı araşdırma apararkən, təsadüfən onun nəvəsi Sona Rzayeva ilə tanış olub və yaddan çıxmış sənətkar haqqında bəzi bilgilər toplayıb.

Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR
Leyla Rzayeva 21 aprel 1930-cu il tarixində Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunda təhsil alıb (Mehdi Məmmədоvun sinfi). Daha sonra Milli Dram Teatrında səhnə fəaliyyətinə başlayıb. Və ömrünün sonuna kimi də bu sənət məbədində çalışıb.

Nəvəsi deyir ki, Leyla xanım bu teatrın səhnəsində xeyli rollar ifa edib. “Хоşbəхtlər” tamaşasında Gülər, “Şöhrət və ya unudulan adam”da stenоqrafçı, “Ana ürəyi”ndə Nurəngiz, “Vaqif”də Tükəzban, “Əliqulu evlənir”də Yasəmən rоlları onun oynadığı çox sayda obrazdan bir neçəsidir.

Müsahibimizin sözlərinə görə, Leyla Rzayeva “Böyük dayaq” filminə görkəmli aktyor, bu ekran əsərində Rüstəm kişi rolunda çəkilmiş Xalq artisti Ələsgər Ələkbərovun dəvətilə gəlib. Maraqlıdır ki, həmin filmdə çəkilərkən onun 32 yaşı olub. Amma gənc olmasına baxmayaraq, 32 yaşlı Leyla Rzayeva yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək, həm rejissorun etimadını doğruldub, həm də tamaşaçıların sevimlisinə çevirilib.

Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR
Leyla Rzayevanın 4 övladı olub – 2 oğlu, 2 qızı...

Aktrisa həyatdan çox erkən köçüb.

Nəvəsi Sona Rzayeva: “Təəssüf ki, mən həyatdan erkən köçmüş nənəm haqqında daha ətraflı danışa bilmirəm. Onunla bağlı sizi maraqlandıran bir sıra suallara cavab vermək də mənim üçün çətindir. Onun xarakteri barədə filmlərdə birgə çəkilmiş sənət yoldaşları daha yaxşı danışa bilərdilər, amma onlar da dünyalarını dəyşiblər.
Leyla nənəmlə bağlı bunu əlavə edə bilərəm ki, o iki dəfə ailə həyatı qurub.
Birinci həyat yoldaşı Məmmədtağı kişidən 3 ovladı dünyaya gəlib - Məsumə, Xanlar və Qəmər. İkinci həyat yoldaşı Adildən isə Əziz adlı oğlu doğulub”.

Nəvəsinin sözlərinə görə, Leyla Rzayevanın 4 övladından 2-si Məsumə və Xanlar Rzayevlər dünyadan köçüblər.


Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR

Yeri gəlmişkən, Leyla Rzayevaın böyük qızı Məsumə Rzayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox Musiliqi Komediya Teatrının aktrisası olub. 1949-cu ildə dünyaya gəlmiş Məsumə Rzayeva 2002-ci ildə 53 yaşında vəfat edib. O, xərçəng xəstəliyindən rəhmətə gedib.

Aktrisa Leyla Rzayevın böyük oğlu Xanların infarktdan öldüyü bildirilir.

Leyla Rzayevın digər qızı Qəmər xanım məşhur müğənni, Xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Bu evlilikdən onların Əhəd ağlı bir oğlanları doğulub. Amma atasının ölümündən xeyli sonra Əhəd də dünyadan köçüb.

Leyla Rzayevanın birinci ərindən olan qızı Qəmər xanım və ikinci evliliyindən dünyaya gəlmiş oğlu Əziz isə hazırda sağdırlar.

Nəvəsi Sona Rzayeva deyir ki, böyüklərdən eşitdiyinə görə, Leyla Rzayeva “Böyük dayaq” filmindəki kimi, həyatda da xaraktercə mehriban, xoşxasiyyət, ədəb-ərkanlı xanım olub.


Yaddan çıxmış sənətkarlar: Rüstəm kişinin arvadı, Qaraşın nənəsi - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR
Leyla Rzayeva “Böyük dayaq” filmində səsləndirdiyi bir atalar sözülə diqqət çəkir. Ekran əsərinə baxmış tamaşaçılar yəqin ki, onun dilindən eşidilən bu məşhur məsəli xatırlayırlar: “Ho-ha var dağa çıxardar, ho-ha var dağdan endirər”...

Yuxarıda qeyd etdiyimiz kimi, Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci il tarixində beyninə qan sızmasından vəfat edib. Dünyasını dəyişərkən Leyla Rzayevanın cəmi 40 yaşı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi