azia.az
azia.az

Orxan Fikrətoğlu təyinatından yazdı: “İcazə verin, bütün sahələri salavatlayaq”

13-05-2022, 10:39

Orxan Fikrətoğlu təyinatından yazdı: “İcazə verin, bütün sahələri salavatlayaq”
Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

O, təyinatı ilə bağlı özünün “Facebook” hesabında açıqlama yayıb:

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə “Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi