azia.az
azia.az

Bakıda 9 kilometrlik yol yenidən qurulur

5-04-2016, 10:02

Bakıda 9 kilometrlik yol yenidən qurulur “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı prezidentin sərəncamına uyğun olaraq “Azəravtoyol” tərəfindən müvafiq işlərə başlanılıb. Lent.az ASC-yə istinadən xəbər verir ki, uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9,1 km-dir.

Hazırda yolun hərəkət hissəsinin eni 6 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, kənara daşınır. Əvəzində 11 m enində yeni yol əsası tikilir.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yolunun 85 min m2 sahəsinə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Ramana-Maştağa avtomobil yolunun kənarlarına 20 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılır. Bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülür. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisindən sonra 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi