azia.az
azia.az

"Moskva rus ayısının jestləri ilə davranır" - Qulu Məhərrəmli

Dünən, 23:29

"Həqiqətən, son dövrlərdə Rusiyanın mətbuat orqanlarında, bəzi televiziya və radio verilişlərində Azərbaycan əleyhinə, onun görkəmli şəxsiyyətləri, Azərbaycan mədəniyyəti əleyhinə o qədər belə əcaib tənqidlər, iftiralar söylənilir ki, heyran olursan ki, hansı sağlam ağılla bu cür hərəkətlər etmək mümkündür. Ümumiyyətlə, zaman-zaman Rusiyada bu cür dalğavari Azərbaycan əleyhinə hücumlar olur".

Bu sözləri Redaktor.az-a açıqlamasında  Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Rusiya aqoniya vəziyyətinə düşdükcə, onun özünüqoruma instinkti zəiflədikcə, Ukrayna tərəfdən təzyiqlər artdıqca, hərb meydanında Rusiyanın uğursuzluqları çoxaldıqca, Rusiyanın idarəçilərinin və Rusiya mətbuatının da sanki sinirləri gərilir. Bu cür Azərbaycan, Ermənistan əleyhinə, lap türk xalqları əleyhinə, bəzən Türkiyə əleyhinə belə ağlasığmaz yazılar dərc edirlər.

"Azərbaycan Rusiya ilə münasibətlərini normal şəkildə saxlamağa çalışır. Təyyarə böhranından sonra, əlbəttə, bu münasibətlər ciddi şəkildə sınağa çəkildi. Amma bununla yanaşı, Azərbaycan bu şəraitdə də soyuqqanlı, ağılla, siyasətlə bu məsələləri həll etməyə çalışır. Amma sözün həqiqi mənasında Moskva rus ayısının jestləri ilə davranır. Özünü hələ də böyük imperiya hesab edir, digər xalqlara yuxarıdan-aşağı baxır, müstəqil siyasət yürüdənlərə qarşı qəzəbli olur. Bütün bunların hamısı ölkənin siyasətindəki ciddi böhranların olduğunu göstərir. Mətbuat Şurası da bəyanatla bütün bunları özündə akkumulyasiya edib və çox soyuqqanlı, əsaslı, təkzibedilməz sübutlarla dolu olan bir bəyanat imzalayıb".

Həmsöhbətimiz hesab edir ki, Rusiyada, Rusiya mətbuatındakı sağlam düşüncəli insanlar hər halda bu müraciətin ruhunu düzgün anlayacaqlar:

"Ölkələrarası münasibətlər, əlbəttə, mətbuat münasibətindən keçmir. Bunlar müəyyən ənənələrə, maraqlara əsaslanır və Azərbaycanla da Rusiyanı yaxın əlaqələrdən, dostluqdan başqa heç bir əlavə münasibətlər orbitinə çəkmək mümkün deyil".

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi