Gənc yaşda bu qidaları yeyənlər ürək xəstəliklərindən qoruna bilər
Avstraliyada aparılan genişmiqyaslı araşdırma gənc yaşlarda düzgün tərəvəz seçiminin gələcəkdə ürək-damar xəstəlikləri riskinə təsir göstərə biləcəyini ortaya qoyub.
Xarici mediaya istinadən xəbər verilir ki, Edith Cowan Universitetində (ECU) aparılan və “Nutrition, Metabolism and Cardiovascular Diseases” jurnalında dərc olunan tədqiqatda həyatın ilk 37 ili araşdırılıb. Alimlər xüsusilə kişilər və qadınlar üçün fərqli tərəvəz qruplarının faydalı ola biləcəyini müəyyənləşdiriblər.
Araşdırmaya görə, kişilərdə lobya, mərcimək və noxud kimi paxlalıların qəbulunun metabolik sağlamlığa və ürək-damar sisteminə müsbət təsiri ola bilər.
Qadınlarda isə brokoli, gül kələmi və kələm kimi kələmkimilər qrupuna aid tərəvəzlərin ürək-damar sağlamlığının qorunmasına töhfə verdiyi müəyyənləşdirilib.
Tədqiqatçılar gənc yaşlarda bu qidalardan müntəzəm istifadə edən şəxslərdə ürək-damar xəstəlikləri ilə əlaqəli bəzi risk göstəricilərinin daha aşağı olduğunu bildiriblər.
Araşdırma zamanı iştirakçıların qan təzyiqi, xolesterin, qan şəkəri, triqliserid səviyyəsi və bel çevrəsi də qiymətləndirilib. Məlum olub ki, hər beş gəncdən biri artıq 20-li yaşlarında bir neçə xroniki xəstəlik risk faktoruna sahibdir.
Mütəxəssislər ürək-damar sağlamlığının qorunmasına erkən yaşlardan başlanmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, gündəlik qidalanmaya bir porsiya paxlalı və ya kələmkimilər qrupundan tərəvəz əlavə etmək sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edə bilər.
Qeyd edək ki, araşdırma müəyyən qidaların ürək infarktını tamamilə önlədiyini sübut etmir. Sağlam qidalanma ilə yanaşı, fiziki aktivlik, siqaretdən uzaq durmaq və mütəmadi tibbi müayinələr də ürək-damar sağlamlığı üçün önəmlidir.
Mənsumə