Regionların sosial-iqtisadi inkişafı
“Əsrin müqaviləsi”nin uğurlu icrası nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönədilməsi sayəsində regionların tarazlı sosial-iqtisadi inkişafına nail olmaq Azərbaycan dövlətinin prioritet vəzifələrdən biri olmuşdur.
Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi Ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdi.
Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramı çərçivəsində dövlət bölgələrdə çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsinə - yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların tikintisinə və digər layihələrə 6,8 milyard manat həcmində investisiya yatırmışdır.
Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.
Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır.
Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.
Dünya Birjalarında neftin qiymətinin ən yüksak həddə çatması ilə dövlət büddcəsinə daxil olan gəlirlər hesabına Respublikamızın sürətli inlişaf dövründə qəbul edilmiş bu Dövlət Proqramlarının yerlərdə icrası və əldə edilmiş nəticələr barədə “Regionların sosial-iqtisadi inkişafı” rubrikasında oxucularımızı davamlı olaraq qərəzsiz informasiyalarla təmin edəcəyik.
Bu gün Sizləri 1930-cu ildə yaradılmış, əsas fəaliyyəti bitkiçilik və heyvandarlıq olan Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və real vəziyyətlə tanış edəcəyik.
Dövlət Proqramının icrası ilə əlaqədar 2015-ci ilin 6 ayı ərzində Yol İstismarı idarəsi tərəfindən “Azəryolservis” ASC-nin xətti ilə fiziki göstəricisi 4 km olmaqla orta təmir üzrə kənd yollarının çınqılla təmir edilməsi və avtoqreyderlə hamarlanması işləri görülmüşdür. Cari təmir üzrə Sor-Sor-Muradxan, Pirili, Şilyan kənd yollarının gediş-gəliş hissələri avtoqreyderlə hamarlanmış, çökək yerlər çınqılla doldurulmuşdur. Respublika əhəmiyyətli Ağsu - Kürdəmir - Bəhrəmtəpə avtomobil yolunda fiziki göstəricisi 5750 m2 olmaqla asfalt beton qarışığı ilə çala təmiri işləri görülmüş və həmin yollarda yerləşən körpülər və yol nişanlarının rənglənməsi, körpülərin yuyulması və sair işlər görülmüşdür.
“Azəryolservis” ASC-nin xətti ilə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 34-cü km-də əsası yenidən işlənilməklə 1150 metr məsafədə,eni 20 metr olmaqla 21700 m2 sahədə Kürdəmir şəhərinin Babək küçəsindən keçən ərazisinə yeni asfalt-beton örtüyü vurulmuşdur.
Rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar hələ də davam etməkdədir.
Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətə düşmüşdür.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə bir çox Proqramlar və layihələr həyata keçirilmişdir.
Bu qeyd etdiklərim yerli icra hakimiyyəti orqqanlarının hesabat yığıncıqlarındakı alovlu çıxışlarından bir nümunə idi. Bəs əslində necədir?
Bəli, ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənabları əhalinin sosial rifah halının yaxşılaşdırılması və məişət qayğılarının azaldılması istiqamətində dəyərli layihələrin həyata keçirilməsi üçün müxtəlif dövlət proqramlarını qəbul etməsinə baxmayaraq etimad göstərək təyin etdiyi yerli hakimiyyət orqanları bu etimaddan sui–stifadə hallarına yol verməklə küllü miqdarda dövlət vəsaitlərinin mənimsənmə hallarına yol verməklə xalq üçün bir bəlaya çevrilirlər.
2014-2015-ci illəri əhatə edən dövrlərdə Kürdəmir rayon İcrahakimiyyəti tərəfindən ayrı-ayrı xərc maddələri üzrə satınalmalara diqqət yetirdikdə asanlıqla görmək olar ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozmaqla yanaşı özlərinə məxsus olan yaxın adamlarının tender müqavilələri bağlayırlar. Ayrılmış vəsait görülən işlərlə vəhdət təşkil etmir.
2014-cü ildə fiziki şəxs Şıxıyev Elşən Məmməd oğlu Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 15000 manat dəyərində “dəftərxana ləvazimatlarının satın alınması” xərc maddəsi üzrə “qalib” gəlmişdir.(Keçirilmiş müsabiqələrin reyestrində 2014 № 9504)
2015-ci ildə isə keçirilmiş müsabiqədə F/ş: Eyyubova Fatma Abbasəli qızı iştirak edərək Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 19700 manat dəyərində “dəftərxana ləvazimatlarının satın alınması” xərc maddəsi üzrə “qalib” gəlmişdir.(Keçirilmiş müsabiqələrin reyestrində № 4036)
Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hər il bu qədər dəftərxana ləvazimatlarının satın alınması xərc maddəsi üzrə müsabiqələrdə iştirak etməsi məsələsinə toxunmayaraq maraqlı bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu qədər material icra nümayəndəliyinə yerləşib-yerləşməməsi məsələsini diqqətə gətirmək istərdim.
Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi 2014-cü ildə “Küçələrin təmiri işlərinin satın alınması” xərc maddəsi üzrə 455777 manat miqdarında (Keçirilmiş müsabiqələrin reyestri № 7008), 2015-ci ildə isə “Yolların əsaslı təmir işlərinin satın alınması” xərc maddəsi üzrə 363657,12 manat miqdarında (Keçirilmiş müsabiqələrin reyestri № 1223) satınalmada iştirak etmişdir. Hər iki tenderdə Kürdəmir 30 saylı Yol İstismar İdarəsi “qalib”gəlmişdir.
Yağışlı havada magistral yoldan Kürdəmir rayonuna daxil olan lehmədən yollara xərclənmiş vəsaiti asanlıqla görə bilər... Burada üç nöqtə qoyaraq Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının və digər məmurlarının nəzərinə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın mahiyyətini çatdırmaq istəyirəm:
-Azərbaycanda həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilməsi, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsi, iqtisadi islahatların və dövlət proqramlarının həyata keçirilməsidir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Natiq Ömər