“Qiymətlər bahalaşsa da, azərbaycanlılar Türkiyədən üz döndərməyəcək” - Deputat
“Türkiyə azərbaycanlılar üçün hələ uzun illər bir nömrəli seçim olacaq”
Dil və mədəniyyət yaxınlığı, coğrafi əlçatanlıq, habelə əlverişli investisiya və yaşayış mühiti illərdir ki, Azərbaycan vatandaşlarını qardaş Türkiyəyə cəlb edən başlıca amillərdəndir. Bir çox soydaşımız qardaş ölkədə çalışır və daşınmaz əmlak alaraq özünə yaşayış şəraiti yaradır.
Qeyd edək ki, hazırda Türkiyədə ümumi yaşayış icazəsi alan xarici vətəndaşlar arasında azərbaycanlıların sayı 97 min 944 nəfər təşkil edir. Lakin rəsmi statistik göstəricilər, son dövrlər bu dinamikada müəyyən səngimənin yarandığını üzə çıxarır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 54 min 513 turist səfər edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,95 faiz azalma deməkdir. Oxşar azalma mənzil bazarında da özünü göstərir. Türkiyə Statistika Təşkilatının hesabatına görə, 2026-cı ilin ilk 7 ayında Azərbaycan vətəndaşları Türkiyədən 478 daşınmaz əmlak əldə ediblər. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 8,43 faiz aşağıdır.
Bəs görəsən, həm turist axınında, həm də daşınmaz əmlak alqı-satqısında müşahidə olunan geriləmənin əsas səbəbləri nədir?
Mövzu ilə bağlı deputat Azər Allahverənov Sherg.az-a bildirib ki, bu ilin statistikasındakı azalmalar təkcə iqtisadi səbəblərlə bağlı deyil:
“Təcrübə göstərir ki, bu, daha çox dövri xarakter daşıyan bir prosesdir. Müəyyən mərhələlərdə alıcılıq qabiliyyətində artım qeydə alınsa da, növbəti dövrlərdə nəzərəçarpan geriləmə baş verir. Bu dinamika, Türkiyədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə, eləcə də oradakı azərbaycanlıların alıcılıq meyllərinin dəyişməsi ilə bağlıdır. Məsələn, Türkiyədə zaman-zaman qanunvericiliyin dəyişdiyinin şahidi oluruq. Xüsusilə əcnəbilərlə bağlı tətbiq edilən sərt məhdudiyyətlər bariz nümunədir. Bir neçə ay əvvəl qəbul edilən qanun layihələrində əcnəbilərin ev alması ilə bağlı yeni prosedurların tətbiqi və daşınmaz əmlakın daha mürəkkəb sxem üzrə əldə olunması məsələsi yer aldı. Bəzi ekspertlər də bu məqamı tənqid etdilər. Xüsusən də, müəyyən ölkələrin vətəndaşlarına daşınmaz əmlak satışına müvəqqəti qadağanın tətbiq edildiyinin şahidi olduq. Bu da Türkiyədə daşınmaz əmlak proseslərinin sabit olmadığını göstərir”.
Deputatın sözlərinə görə, dəyişkənlik ucbatından, əcnəbilər tərəfindən alınan evlərin sayında periodik olaraq azalmalar müşahidə olunur:
“İstənilən halda, iqtisadi müstəvidə inflyasiya, sürətli qiymət artımı və digər məsələlər də bu prosesə təsir edir. Nəticə etibarilə, daşınmaz əmlak əldə etmək istəyən əcnəbilərin sayında azalmalar olur. Təbii ki, Türkiyə ilə Azərbaycan arasında miqrasiya mübadiləsi kifayət qədər yüksəkdir. Türkiyə bu gün Azərbaycan Respublikası vətəndaşlarının üz tutduğu ilk üçlüyə daxil olan ölkələrdəndir. Düşünürəm ki, birmənalı şəkildə uzun müddət Türkiyə azərbaycanlıların axını üçün cəlbedici turistik məkan olacaq. Daşınmaz əmlak əldə etmək istəyənlər də məhz Türkiyəyə üstünlük verəcəklər. Türkiyədə ev ala bilməyənlərin Avropaya üz tutacaqlarını düşünmürəm. Avropa və Türkiyədəki qiymətləri müqayisə etsək, yenə də daşınmaz əmlakın qardaş ölkədən alınması daha məqsədəuyğun olur. Avropadakı qiymətlərə nəzərən, Türkiyə daha ucuz və əlçatandır. İstənilən halda, Avropa ölkələri və Azərbaycan arasında da miqrasiya mübadiləsi, turist axını var. Amma bu vətəndaşlarımızın kütləvi şəkildə Avropa ölkələrinə üz tutduğunu deməyə əsas vermir. Türkiyə bu siyahıda liderliyini qoruyur. Uzun müddət də prioritet seçim olacaq. Sadəcə, müəyyən dövrdə hüquqi və inzibati müstəvidə baş verən dəyişikliklər bu məsələyə də öz təsirini göstərir”.