Türkiyədəki seçkilərlə qürur duydum – Sabir Rüstəmxanlı
İqdırda az qala etnik tərkib dəyişir
Türkiyədəki seçkiləri yaxından izləyirdim və bu seçkilərlə qürur duydum. Türk xalqının yüksək fəallığı ilə keçirilən seçkilərə ciddi və məsuliyyətlə yanaşılması, dövlət sisteminin qurulmasında xalqın yaxından iştirakına çalışması ilə fəxr elədim. Nəticələr artıq bəllidir və xalq məmnundur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, seçkilərin nəticəsi əslində gözlənilən idi: “Çünki, ölkədə son illərdə gedən proseslərə nəzər salsaq, Ədalət və İnkişaf Partiyası (AKP) çox işlər görsə də, son vaxtlar iqtisadiyyatda müəyyən problemlər yaranmışdı, həmçinin böyük şəhərlərin də bir çox həll olunmalı məsələləri var idi. Ona görə də, görünür, xalq uzun müddətdən bəri hakimiyyətdə olan partiyadan yorulmuşdu. Bu səbəbdən AKP bütövlükdə seçkilərdə qalib gəlsə də, böyük şəhərlərdə uduzdu. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu əvvəlcədən demişdi ki, biz Ankaranı, İstanbulu, İzmiri, Adananı udacağıq və belə də oldu. Ağ dəniz boyunca İzmir, Antalyada CHP-nin qalib gəlməsi elə də təəccüblü deyil. Çünki o bölgədə CHP həmişə güclü olub”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Ankara, İstanbulda bələdiyyə başqanı seçilən şəxslər xalq arasında çox nüfuzlu insanlardır: “Əslində Ərdoğan da bu seçkilərin nəticəsindən çox da peşman olmayıb. O çıxışında bildirdi ki, biz böyük şəhərləri uduzsaq da, ümumilikdə digər bölgələrdə qalib gəldik, yaxın illərdə seçkilər yoxdur və biz bütün diqqətimizi 2023-cü ilə kimi iqtisadiyyatı inkişaf etdirməyə, təhlükəsizliyə yönəldəcəyik. Digər partiyalar da seçkilərdən sonra barış ruhu ilə çıxış etdilər ki, bu qalibiyyət yox, xalqın iradəsidir. Zərəfi yalnız düşmən üzərində qazanarlar. İndi bu proses məncə Türkiyədə vətəndaş birliyi istiqamətində prosesi gücləndirəcək. Düzdür, Ankarada, İstanbulda narazı qüvvələr var, bəzi məntəqələrdə və dairələrdə bülletenlərin yenidən yoxlanılması prosesi gedir. Bu, təbii bir prosesdir. Amma hər halda 10-12 günə son nəticə tam bəlli olacaq”.
VHP sədri hesab edir ki, bu, indiki vəziyyətə çox təsir etməyəcək: “Məsələn, İqdırda son saatlara qədər Milliyətçi Hərəkat Partiyası (MHP) üstün vəziyyətdə idi, amma sonra vəziyyət dəyişdi. Şübhə doğuran yerlər var, bunlar yoxlanılacaq. Lakin məncə, ciddi bir dəyişiklik olmayacaq. Seçki dünyanın gözü qarşısında baş tutub, son dərəcə demokratik seçki idi. Əslində burada Türkiyənin demokratiyası qalib gəldi və bunu dünya mətbuatı da geniş qeyd edir”.
İqdırda MHP namizədi İsa Yaşar Tezəlin məğlubiyyətinə gəlincə, Sabir Rüstəmxannlı qeyd edib ki, azərbaycanlıların sıx yaşadığı bölgələrdə bizim qüvvələrin zəif olması, birləşib öz namizədləri dəstəkləyə bilməməsi, ciddi məsələdir: “İsa bəy bizim yaxın dostumuzdur və çox layiqli namizəddir. Vaxtilə İqdırda əhali yüz faiz Azərbaycan türklərindən ibarət idi. İndi başqaları da o torpaqlara köçür və az qala etnik tərkib dəyişir. Ermənistanla sərhəd bölgəsidir və bu bölgədə kürd və başqa xalq adına orada gəlib yerləşən ermənilər də var. Onlar gələcəkdə böyük Türkiyə üçün başağrısı yarada bilərlər. Ona görə o bölgələrə daha həssas yanaşmaq lazımdır”.