Rusiya Qarabağda geri çəkilir: Bəyanatın icrası masaya gəlir - GƏLİŞMƏ
“Moskva “Dağlıq Qarabağ”dakı gərginliyin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı əsasında həll ediləcəyinə ümid edir”.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agenliyinə açıqlamasında belə deyib. “Biz bütün bunların hələ də Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı çərçivəsində həll ediləcəyinə ümid edirik”.
“Azərbaycan Ordusu əvvəlki mövqelərinə qayıdacaqmı?” sualına Rudenko “Bu sualı rəsmi Bakıya ünvanlamaq lazımdır” cavabını verib. “Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək Qarabağ zonasında gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib”, - deyə Rudenko bildirib. Dia.az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında Rusiyanın xarici işlər nazirinin mövqeyini praqmatik açıqlama kimi qiymətləndirib.
“Bəli, Azərbaycan da 10 noyabr Bəyanatının yerinə yetirilməsini tələb edir. Amma Ermənistan tərəfi buna məhəl qoymur. Ermənistan silahlı qüvvələrinin qalıqlarını Qarabağda saxlayır. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında da korrektələr baş verir. İlk növbədə, Rusiya Azərbaycanla 22 fevral Moskva Bəyannaməsinin yerinə yetirilməsini təmin etməlidir. Burada separatizmə qarşı mübarizə də yer alıb. Ona görə də Rusiya rəsmi şəkildə imza atdığı Bəyanata hörmət etməlidir. Rudenko da yaxşı bilir ki, hər iki sənəddə - həm 10 noyabr Bəyanatında, həm də "Moskva Bəyannaməsi"ndə götürdüyü öhdəliklərə əməl etməlidir. O, hüquqi olaraq obyektiv açıqlama verib. Təbii ki, qoşunların geri qaytarılması Azərbaycanın öz daxili işidir. Buna heç bir dövlət qarışa bilməz. Əgər Rudenko fərqli açıqlama versəydi, Azərbaycanın daxili işlərinə qarışmış olardı. Diplomatik qapmaqal yaranardı”.
Ekspert bildirib ki, Rusiya hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri korlamamağa çalışır:
“Amma Müdafiə Nazirliyi buna cəhd edir. Hesab edirəm ki, Rusiya reallıqları qəbul edəcək”.
Mənbə:My Webpage