Azərbaycanlıların Ukraynadan Moldovaya gətirilməsilə bağlı səfirlik və diaspora işə cəlb olunub – Səfir
Azərbaycan vətəndaşlarının Moldovaya gətirilməsilə bağlı ölkəmizin buradakı səfirliyi və diasporamız işə cəlb olunub.
Bunu suallarını cavablandırarkən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib
Q. Osmanovun sözlərinə görə, Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmirlər.
“Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər. Moldova tərəfi yaranmış humanitar vəziyyətlə bağlı quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVİD-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcəkdir”, – deyə o qeyd edib.
Səfir bildirib ki, Moldova hökuməti Ukraynadan gələnlərin qalması üçün çadır şəhərcikləri qurub. Həmin çadır şəhərciklərində Azərbaycan Respublikası vətəndaşların da var. Müəyyən hiissəsini isə hostellərə yerləşdirmişik.
“Moldovanın hava məkanı bəlli səbəblərdən bağlıdır. Bu səbəbdən vətəndaşlarımız hələ ki, Moldovanı tərk edə bilmirlər. Hava məkanının bağlı olmasına görə Azərbaycan vətəndaşları ölkəmizə gəlmək üçün Moldovadan Rumıniyaya ordan Bolqarıstana, ordan isə İstanbula getməlidir. İkinci yol kimi isə vətəndaşlarımız Buxarestə getməli ordan da hava yolu ilə İstanbula uçmalıdırlar”, – deyə Q.Osmanov bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib ki, dünən və bu gün ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Mənbə:My Webpage