Paşinyan Qərbin planını İŞƏ SALDI: İrəvan KTMT və Aİİ-ni TƏRK EDİR / TƏHLİL
Erməni baş nazir qapalı toplantıda Kremlə sadiq Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən Rusiyadan uzaqlaşma prosesinə dəstək istəyib; İddialara görə, "Lavrov planı" üzərindən Rusiyanı ittiham edən rəsmi İrəvan, Azərbaycan və Türkiyə ilə problemlərini həll etməyi, ərazi iddialarından - "artsax"dan imtina əvəzində Qərbə "siyasi-iqtisadi inteqrasiya dəhlizi" qazanmağı planlaşdırır...
Ermənistanın son davranışlarının arxasında gizlənən əsas səbəblər ortaya çıxmağa başlayıb. Rəsmi İrəvan Ermənistanın gələcək taleyi ilə bağlı yekun qərar vermiş kimi görünür. Və artıq bu qərarın icrası istiqamətində də müəyyən addımlar atmağa çalışır.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Ermənistanın gələcək taleyi ilə bağlı verdiyi qərarda Rusiya ilə qarşılıqlı münasibətlərə yenidən baxılması nəzərdə tutulur. Ən əsası isə Rusiyadan uzaqlaşıb, birdəfəlik Qərbə inteqrasiyanın yolları axtarılır. Yəni, anlaşılan odur ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyində Rusiyanın iştirakından imtina variantını seçmiş kimi görünür.
Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyi ilə bağlı qərarı qətiyyən təkbaşına qəbul etməyib. Yəqin ki, "Soros"un siyasi məhsulu olan Ermənistan hakimiyyəti Qərbdəki himayədarları ilə də məsləhətləşib. Və Qərbdən bəzi direktivlər, geopolitik proseslərlə bağlı vədlər alıblar.
Hətta rəsmi İrəvanın son davranışlarının məhz Qərb siyasi dairələrində hazırlanmış ssenaridən qaynaqlandığı da qətiyyən istisna deyil. Hər halda, Paşinyan hakimiyyəti son dövrlərdə birmənalı şəkildə Rusiyanın maraqlarına zərbə vuran addımlar atır. Rusiyanı Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə oyundankənar vəziyyətə salmağa cəhd göstərir. Kremlin Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyası şübhə altına salınır. Əvəzində, bu prosesin məhz Minsk Qrupunun vasitəçiliyi çərçivəsində davam etməli olduğu vurğulanır.
Təbii ki, rəsmi İrəvanın bu pozuçu davranışları istər-istəməz Rusiya və Qərb arasında yeni qarşıdurma məkanı açır. Əliyev-Paşinyan görüşünün harada və kimin vasitəçiliyi ilə keçiriləcəyi ətrafında yaşayan amansız çəkişmə də bunu təsdiqləyir. Hələlik Paşinyan hakimiyyətinin siyasi kələkbazlığı ilə Brüsseldə keçirilməsi planlaşdırılan görüşdən öncə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə biraraya gəlməsi Kremlin nisbi üstünlüyü qoruya bildiyini göstərir.
Ancaq Paşinyan hakimiyyətinin Rusiyaya hazırladığı siyasi sürprizlər bununla məhdudlaşmır. İndi rəsmi İrəvan Ermənistanı Rusiyanın for-postu durumundan çıxartmaq üçün növbəti həmləyə hazırlaşır. Və bu barədə məlumatlar artıq mətbuata sızmağa başlayıb.
Məsələ ondadır ki, Ermənistanda nəşr olunan "Past" qəzeti əsl sensasiya sayıla biləcək bir məlumat yayıb. Həmin məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunmayan siyasi qüvvələrin təmsilçiləri ilə görüşüb. Həmin görüşdə erməni baş nazir Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən bir neçə məsələdə Ermənistan hökumətinə dəstək verilməsini istəyib.
Maraqlıdır ki, müzakirə olunan məsələlərin gündəliyi kifayət qədər genişdir. İlk sırada Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi dayanır. Erməni baş nazir bu məsələnin nizamlanması prosesinin Rusiyanın vasitəçiliyindən çıxarılıb, Qərb siyasi dairələrinə həvalə olunmasının vacibliyini vurğulayıb. Və hökumətin bu istiqamətdə göstərdiyi cəhdlərə Ermənistanın hakimiyyətdən kənar siyasi qüvvələrinin də dəstək verməsinin böyük önəm daşıdığını qeyd edib.
Erməni baş nazir gündəmin növbəti önəmli mövzusu olaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını göstərib. O, vurğulayıb ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Çünki, bu halda, Ermənistan iqtisadiyyatı yeni inkişaf qaynağı qazana bilər. Eyni zamanda, Türkiyə Ermənistanın Qərbə inteqrasiya planlarında əsas "pəncərə" rolunu oynamaq imkanındadır. Ona görə də, Azərbaycan ilə problemlər mümkün qədər tez həll olunmalıdır ki, Ermənistan Türkiyədən Qərbə "pəncərə" aça bilsin.
Göründüyü kimi, rəsmi İrəvan Rusiyanın arxasından dolanmaqla, Qərbə inteqrasiya planları qurur. Rusiyanı Ermənistanın gələcək taleyində iştirakdan kənarlaşdırmağa çalışır. Və bu planların reallaşdırılması məqsədilə bəzi praqmatik görünən addımlar ilə yanaşı, hərbi-siyasi avantüralara hazır olduğunu da açıq-aşkar biruzə verir.
Belə avantürist hərbi-siyasi addımlardan ikisini erməni baş nazir tərəfindən qapalı toplantıda müzakirəyə çıxarılıb. O, Ermənistanın xarici siyasət kursuna yenidən baxılmasına, ona ciddi düzəlişlər edilməsinə cəmiyyətin hazır olmasının vacibliyini vurğulayıb. Və bu dəyişikliklərin radikal addımlarla müşayiət oluna biləcəyini bildirib.
Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmasının qaçılmaz olduğunu iddia edib. Onun fikrincə, Ermənistan cəmiyyəti dəstək verərsə, belə bir radikal addımın atılmasının sonrakı nəticələrindən yayınmaq mümkün ola bilər. Və o, Rusiyanın patronajlığı altında olan hər iki qurumun da Ermənistan üçün alternativsiz olmadığını əsaslandırmağa çalışıb.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan əsas alternativin məhz Ermənistanın Avropa qurumlarına inteqrasiyasının stimullaşdırılması olduğunu düşünür. Onun fikrincə, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, eləcə də, Türkiyə ilə münasibətlərin normallaşdırılması bu baxımdan, önəmlidir. Əks halda, Ermənistan üçün Avropaya inteqrasiya əlçatmaz olaraq, qala bilər. Çünki, qonşularla ciddi hərbi-siyasi problemləri olan, Avropaya birbaşa çıxış "pəncərə"sindən məhrum Ermənistanın Qərbə inteqrasiyası xəyaldan uzağa getməz.
Bütün bunlar onu göstərir ki, hakimiyyət dairələrində Ermənistanın "Rus NATO-su" adlandırılan KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə müzakirələrin olduğunu iddia edən məlumatlar qətiyyən ehtimal və ya şayiələrdən ibarət deyil. Baş nazir Nikol Paşinyan artıq bu mövzuları qapalı toplantılarda da müzakirə edib, Rusiyaya sadiq Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən dəstək istəmək mərhələsinə start verib. Və bu, yaxın vaxtlarda Rusiyanın öz regional for-postu - Ermənistan ilə ciddi problemlər yaşayacağı anlamına gəlir.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti öz hədəflərini Qərb siyasi dairələrində təbliğ edərək, dəstək istədiyi barədə də müəyyən iddialar mövcuddur. ABŞ-a xüsusi rəğbəti ilə seçilən erməni politoloq Suren Sarkisyan Ermənistanın bəzi səfirlərinin fəaliyyət göstərdikləri ölkələrin rəsmi dairələri ilə təmaslarda "təhlükəli tezislər" irəli sürdüklərini iddia edib. Onun sözlərinə görə, erməni diplomatlar təmsil olunduqları ölkələrin hakimiyyət dairələrindən regionda "sülh erası"nın başlamasına dəstək verməyi xahiş edirlər: "Bununla da onlar faktiki olaraq, Dağlıq Qarabağ probleminin artıq həll olunduğunu, "artsax"ın Ermənistan üçün prioritet olmadığını demiş olurlar. Yəni, əslində, rəsmi Bakının tezislərini təkrarlayırlar".
Erməni politoloq iddia edir ki, Qərb ölkələrində rəsmi İrəvanın bu mövqeyi Ermənistanın "artsax"dan tamamilə imtina etməsi kimi qəbul olunur: "Qərb siyasi dairələri də bunun qarşılığında, əgər, sizə "artsax" daha lazım deyilsə, onda başqa məsələlərin həllinə yönələ bilərik, deyirlər. Başqa sözlə, rəsmi İrəvan Qərb siyasi dairələrinə Ermənistanın "artsax"ın qalan hissəsini hansısa formada qorumaq niyyətində olmadığının mesajını verir".
uzn_1450944222.jpg (19 KB)
Onu da qeyd edək ki, son vaxtlar rəsmi İrəvan Qarabağa nəzarətin itirilməsini yenidən Rusiyanın mövqeyi ilə əlaqələndirməyə çalışır. Bununla da, Ermənistan cəmiyyətində Rusiyadan uzaqlaşmağın ən doğru addım olduğunu təbliğ etməyə cəhd göstərir. Hətta bu mövzuda Kremlin ünvanına keçmişə yönəlik də ittihamlar səsləndirilir. Və buna misal olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyanın məlum "Lavrov planı"nın vaxtilə məhz Qarabağı təslim etmək məqsədilə hazırlandığını iddia etməsini göstərmək olar.
Təbii ki, bu, Kreml üçün kifayət qədər ağır ittihamdır və Rusiya Xarici İşlər Nazirliyi dərhal reaksiya verib. Üstəlik, "Lavrov planı" yalnız təsəvvürdə mövcuddur, real deyil" məzmunu daşıyan bu reaksiya açıq-aşkar rəsmi İrəvana qarşı Kremlin qəzəbini də ifadə edir. Və bu, Kremlin səbrinin tükənmək üzrə olduğunu, ancaq hələlik Paşinyan hakimiyyəti barədə yekun qərar verməkdə tərəddüd etdiyini də göstərir.
Məsələ ondadır ki, Rusiya XİN-in bu barədə açıqlamasında Qarabağın təslim edilməsi haqda danışmağın düzgün olmadığı qeyd olunur: "Belə ki, söhbət mərhələli şəkildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən gedirdi. Yəni, ilkin mərhələdə Azərbaycana 5 rayonun qaytarılması, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi və iki rayonun verilməsi nəzərdə tutulurdu. Faktlar öz sözünü deyir, sülh yolu ilə münaqişənin həll edilməsi üçün çoxlu imkanlar əldən verilib. Ancaq əlbəttə ki, bütün bunlar da Rusiyanın günahı ucbatından olmayıb".
Göründüyü kimi, rəsmi İrəvan Rusiyanı artıq açıq mətnlə ittiham edir. Regionda baş verənlərin günahının məhz Kremlin üzərinə yüklənməsinə cəhd göstərilir. Bununla da rəsmi İrəvan Rusiyadan uzaqlaşma planlarına Ermənistan cəmiyyətinin tam dəstəyini təmin etməyə ümid bəsləyir.
Ancaq Kreml artıq rəsmi İrəvanın avantürist planlarından məlumatsız deyil. Əksinə, Rusiya siyasi dairələrində Paşinyan hakimiyyətinin növbəti xəyanət ssenarisi içərisində olduğunu anlayırlar. Bu baxımdan, rəsmi İrəvanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxaraq, Qərbə inteqrasiya niyyətlərinin cavabsız buraxılmayacağı qətiyyən şübhə doğurmur.
//musavat.com