AYNA yaradıldı, BNA ləğv ediləcək? - AÇIQLAMA
Ötən gün Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb.
Bəs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaradılması Bakı Nəqliyyat Agentliyinin (BNA) işinə necə təsir edəcək? Onlar arasındakı ümumi fərq nə olacaq? BNA-nın ləğvi gündəmə gələ bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev AZXEBER.COM-a açıqlamasında məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, AYNA BNA-nın işinə o qədər də təsir etməyəcək:
"Prezidentin fərmanı ilə yeni yaradılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkənin bütün ərazisini əhatə edir. Sərnişindaşıma və yükdaşıma proseslərinin təkmilləşdirilməsi üçün yaradılan bir qurumdur. Bu günə qədər bu işi bir neçə dövlət qurumu icra edirdi. Müxətlif qurumlar var idi, hansı ki, icra hakimiyyətlərinin tərkibində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində bu səlahiyyətləri bir neçə qurum icra edirdi. İndi isə bunların hamısını birləşdirərək mərkəzləşmiş şəkildə AYNA yaradıldı. İlk olaraq deyim ki, AYNA Bakı Nəqliyyat Agentliyinin (BNA) işinə elə də təsir etməyəcək. Çünki BNA-nın işi yalnız Bakı-Abşeron ərazisini əhatə edir. AYNA isə bütün ölkə üzrə fəaliyyət göstərəcək. Yəni, bu qurumun yaradılmasında əsas məqsəd ölkə üzrə sərnişindaşıma və yükdaşıma proseslərinin təkmilləşdirilməsi, optimallaşdırılmasıdır”.
Ekspert onu da qeyd edib ki, yeni qurumun fəaliyyəti struktur müəyyənləşdikdən sonra bilinəcək:
"Burada strukturlar müəyyənləşəcək ki, AYNA-nın və BNA-nın səlahiyyətləri hara qədərdir. Amma AYNA BNA-dan daha üst qurum olmalıdır. Çünki bu, ölkə üzrə fəaliyyət göstərir və həm Abşeron yarmadasını, həm də digər bölgələrə təsir edə bilir. Nizamnamədə necə əks olunacaq, hansı bölgülər aparılacaqsa, o cür fəaliyyət göstərəcəklər”.
Onu da qeyd edək ki, avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən "AYNA” informasiya sistemi də yaradılıb.