azia.az
azia.az

Köçəryanın “dirildilməsi” Bakıya təzyiq vasitəsidir, yoxsa... - GƏLİŞMƏ

9-04-2021, 11:53

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyandan əvvəl Xocalı canisi, keçmiş prezident Robert Köçəryanla videoformatda görüşdü. Köçəryanın parlament seçkilərində iştirak etmək qərarından sonra Kremldən bu cür dəstək təsadüfi hesab edilmir. Eyni zamanda qeyd edilir ki, Köçəryanı Kreml sanki təkcə Nikol Paşinyana qarşı deyil, həm də Azərbaycana təzyiq aləti kimi əldə saxlayır. Azərbaycanın Moskvaya hansısa məsələ ilə bağlı iradları və ya sualları yarandıqda, “Köçəryan kartını” irəli verirlər.
Köçəryanın “dirildilməsi” Bakıya təzyiq vasitəsidir, yoxsa... - GƏLİŞMƏ
Köçəryanın Rusiya tərəfindən “dirildilməsi” həm də Azərbaycana təzyiq vasitəsidirmi? Onun hakimiyyətə qayıtması Qarabağ razılaşmasını illərlə uzada bilər?

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putinin Robert Köçəryanın Ermənistanda hakimiyyətə gəlişinə real dəstək verəcəyi inandırıcı deyil: “Belə bir ehtimal çox azdır. Köçəryan həmişə Rusiya hakimiyyətinin oyuncağı, nökəri olub. İndi də həmin funksiyanı həyata keçirir. Onu bir müddətliyinə Nikol Paşinyana təzyiq üçün ”dirildiblər".

Müəyyən mənada hesab etmək olar ki, həm də Azərbaycana da dolayısı ilə təsir etməyə hesablanıb Birincisi, Vladimir Putin üçün tam aydındır ki, Robert Köçəryanın Ermənistan xalqı içərisində nüfuzu yox səviyyəsindədir. Ermənilər Köçəryan və Qarabağ klanına pis münasibətdədir. Köçəryanın və dəstəsinin təşkil etdiyi mitinqlərə az sayda insanların çıxması, keçirilən rəy sorğularının nəticələri də onu göstərdi ki, Ermənistan cəmiyyəti Köçəryana inanmır. Belə birisinin xalqın istəyinə zidd olaraq hakimiyyətdə oturdulması Ermənistanda daxili gərginliyi, qarşıdurmaları daha da artırar. Kreml bunu, hər halda, bilməmiş deyil.

Digər tərəfdən, Moskva Azərbaycan dövlətinin və xalqının Robert Köçəryana münasibətini də yaxşı bilir. Köçəryan barəsində Azərbaycanda cinayət işi var. O, əli qanlı canidir. Belə bir qatilin Ermənistanda iqtidara gətirilməsinin çox ciddi fəsadları olar. Bunu şübhəsiz Kremldə bilməmiş deyillər. Köçəryanın hakimiyyətə gəlişinə real dəstək verilməsi və bu işin gerçəkləşdirilməsi o demək olar ki, ona dəstək verənlər bölgədə yenidən qarşıdurmaların, müharibənin olmasını istəyir. Hazırkı vəziyyətdə isə görünən odur ki, Putin bölgədə müharibə istəmir. Deməli, sadəcə olaraq, Robert Köçəryandan siyasi təzyiq vasitəsi kimi istifadə edir. Köçəryan isə istifadə olunmağa adətkardır".

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Robert Köçəryanın yenidən “dirildilməsi” daha çox Rusiyanın Ermənistanda öz əvvəlki mövqelərini bərpa etmək və qoruyub saxlamaq məqsədi güdür: “Reallıq ondan ibarətdir ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi Rusiyanın Ermənistana yönəlik siyasətindən elə də razı deyil. Belə ki, ermənilər 44 gün davam edən ikinci Qarabağ savaşındakı məğlubiyyətlərini daha çox Rusiyanın onlara açıq şəkildə kömək etməməsində görürlər. Rusiya prezidenti, hər halda, bunun fərqindədir. Bu səbəbdən müharibədən dərhal sonra Rusiya tərəfi özünə münasib bildiyi bir sıra fiqurları ortaya çıxartdı, lakin onların heç birinin qərbyönümlü Paşinyan hakimiyyətinə geniş anlamda təsir etmək imkanları olmadı. Ona görə hazırda Rusiya lideri həm Paşinyanla, həm Köçəryanla, üstəlik, erməni əsilli rusiyalı milyarder Ara Ayvazyanla indidən işlərini qurmaq zorundadır ki, bu marionet ”dövləti" tam olaraq nəzarətində saxlasın, ona yan təsirləri azaltmış olsun və bununla da gələcəkdə qurulacaq hökumətə Qərbin təsir imkanlarını da zəiflətsin. Hər bir halda, hələlik Ermənistanda Paşinyanın hakimiyyətdə qalacağını düşünürəm. Azərbaycana və Azərbaycanın tərkib hissəsi olan Qarabağa münasibətdə isə Rusiyanın mövqeyi bəllidir. Neçə ki, bu dövlət özünün imperiya siyasətindən əl çəkməyib mövcud razılaşmaların asanlıqla reallaşmayacağını göz önünə almalıyıq. Bu səbəbdən də daha güclü olmalı və beynəlxalq səviyyədə tanınmış ərazilərimizdə dövlət olaraq suverenliyimizin tam bərpası istiqamətində bundan sonra da gərəkən ciddi addımları atmalıyıq".
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi