Qaraciyər hüceyrələrini yağ yandırmaq üçün "dəyişdirməyin" yolu tapılıb
Çin zeytininin polifenolları qaraciyər hüceyrələrində yağ yığılmasını azalda və lipidlərin sintezindən onların parçalanmasına keçidi stimullaşdıra bilər. Bu nəticəyə Çjunqkay Kənd Təsərrüfatı Mühəndisliyi Universitetinin alimləri gəlib.
Bildirilir ki, araşdırma Frontiers in Nutrition jurnalında dərc olunub.
Laboratoriya təcrübəsində alimlər “yağlı yüklənmə” modelindən istifadə ediblər: HepG2 qaraciyər hüceyrələri yağ turşusu ilə müalicə edilərək lipidlərin yığılması stimullaşdırılıb — bu, qaraciyərin yağlı xəstəliyinin erkən mərhələlərinə bənzəyir. Çin zeytini ekstraktının əlavə olunması hüceyrələrdə yağ və trigliserid səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb, təsir isə ekstraktın konsentrasiyası artdıqca güclənib.
Molekulyar analiz göstərib ki, ekstrakt yağ sintezində iştirak edən SREBP-1c, ACC1 və FASN genlərinin aktivliyini zəiflədib, eyni zamanda lipidlərin parçalanması və oksidləşməsi ilə bağlı PGC-1α, PPARα və CPT-1A genlərinin ifadəsini artırıb. Həmçinin AMPK fermenti aktivləşib ki, bu da hüceyrənin enerji balansının tənzimlənməsində və yağın yandırılmasında əsas rol oynayır.
Ekstraktın təsiri ilə lipid metabolizmini tənzimləyən miR-122 və miR-21 mikroRNK-ların ifadəsi də azalıb.
Alimlər qeyd edirlər ki, nəticələr yalnız hüceyrə modelində əldə olunub, buna görə də hələ müalicəvi effekt barədə danışmaq tezdir. Buna baxmayaraq, məlumatlar Çin zeytini polifenollarının qaraciyər sağlamlığının qorunmasına yönəlmiş funksional məhsul və əlavələrin hazırlanmasında potensialını göstərir. Effektivliyi təsdiqləmək üçün heyvanlar və insanlarda əlavə tədqiqatlar tələb olunur.
Nilay