Bu tarixlərdə GÜCLÜ QAR YAĞACAQ-XƏBƏRDARLIQ!
Azərbaycan üçün 2026-cı ilin qışı hələlik stabil olmayacaq. Dünya üzrə uzunmüddətli hava proqnozlarına əsasən, qlobal temperaturun normadan yüksək qalması həm gözlənilməz istiləşmələrə, həm də kəskin soyuq hava dalğalarına şərait yarada bilər.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) analizlərinə görə, qış mövsümü bütün bölgələrdə dəyişkən və qeyri-sabit olacaq. La Niña fenomeninin zəif və ya neytral təsiri bu qışı klassik və sabit keçməyəcəyinə işarə edir, temperatur və yağıntı balansı tez-tez dəyişəcək.
Azərbaycan üzrə ilkin proqnozlar isə daha çox mülayim və dəyişkən hava şəraiti ilə bağlıdır.
Sinoptiklər bildirirlər ki, ölkə ərazisində uzunmüddətli və kəskin şaxtalar ehtimalı azdır, lakin qısa müddətli soyuq hava dalğaları müşahidə oluna bilər. Aran rayonlarında temperatur əsasən normaya yaxın və ya bir qədər yüksək olacaq, yağıntılar əsasən yağış şəklində düşəcək. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağışı və şaxtalı günlərin olacağı gözlənilir. Xüsusilə yanvar və fevral aylarında qar örtüyünün formalaşması mümkündür, Bakıya ilk qarın isə fevralın 15–22-i aralığında düşəcəyi ehtimal edilir.
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmə və Arktikada buz örtüyünün azalması bölgəmizdə hava şəraitinin qeyri-sabitliyinə səbəb olur:
“Azərbaycan üçün qış klassik sərt və uzun müddətli şaxtalardan ibarət olmayacaq. Lakin temperaturun ani dəyişiklikləri, küləkli günlər və dağlıq ərazilərdə qar fırtınaları müşahidə oluna bilər. Bu, ekosistemə, su ehtiyatlarına və kənd təsərrüfatına təsir edə bilər.
Qışın mülayim keçməsi, xüsusilə Aran zonasında su resursları və bitki örtüyünün qorunması baxımından müsbət olsa da, dağlıq ərazilərdə qar örtüyünün formalaşması və şaxtalı günlər turizm və kənd təsərrüfatı üçün müəyyən risklər yarada bilər.”
Ekspertin sözlərinə görə, dəyişkən hava şəraiti kənd təsərrüfatı planlamasında diqqətli olmağı tələb edir:
“Fermerlər və bağçılıq təsərrüfatları qış boyunca ani temperatur dəyişikliklərini nəzərə almalıdır. Qar örtüyü dağlıq zonalarda faydalı olsa da, şaxta və güclü külək bitkilərə və infrastruktur obyektlərinə təsir göstərə bilər.”
Beynəlxalq hava proqnozu platforması “Accuweather” də Azərbaycanda qışın əsasən mülayim və dəyişkən keçəcəyini təsdiqləyir.
Proqnozlara görə, fevral ayı ölkəmizdə qar yağışı üçün əsas dövr olacaq.
Ekoloqlar isə belə hava şəraitinin həm turizm, həm də enerji sektoru üçün şərait yaratdığını bildirirlər.
Qeyd edilib ki, ümumilikdə, 2026-cı ilin qışı Azərbaycan üçün ekstremal sərt hava ilə deyil, daha çox dəyişkən, mülayim və bəzi dövrlərdə şaxtalı şəraitlə yadda qalacaq. Əhali və təsərrüfat sahibləri meteoroloji xəbərdarlıqları diqqətlə izləməli, ani temperatur dəyişikliklərinə hazır olmalıdır.