Pediatrdan ŞOK açıqlama: "Çöpçülər uşağınızda xərçəng yarada bilər"
Bir çox valideyn azyaşlı uşaqlarında narahatlıq, iştahsızlıq, temperatur artımı və digər simptomlar hiss etdikdə, onları dərhal çöpçüyə aparır. Çöpçülər də öz nəfəsləri ilə uşaqlarda "çöpü" çıxarmağa çalışır.
Təəssüf ki, hələ də valideynlər uşaqlarını həkimə deyil, çöpçüyə aparmağı üstün tuturlar.
Maraqlıdır, uşaqları çöpçüyə aparmaq onlara ziyan verirmi?
Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, hazırda uşaqlar arasında virus infeksiyaları yayılıb.
Bu əlamətlər, boğaz ağrısı, temperatur, qusma, izhal və halsızlıq və mövsümi xəstəliklərə aiddir. Bu cür əlamətlər görünən kimi çöpçüyə getmək, uşağa əlavə infeksiya ötürməyə səbəb olma ehtimalı var. Çöpçü ağız boşluğundakı infeksiyanı uşağa ötürə bilər.
Çöpçüyə gedən uşaqlarda Stafilokok, Streptokok, Helikobakter pylori, Epştein-Barr virusu kimi təhlükəli mikroblar keçə bilər. Epştein-Barr virusu xərçəng yarada bilən bir virusdur və limfa düyümlərinin böyüməsinə səbəb ola bilər. Buna görə də valideynlər çöpçülərdən uzaq durmalı və uşaqlarını çöpçüyə aparmamalıdırlar.
El arasında deyilən “Çöp götürmək”, qida qalıntısının boğazdakı badamcıqlar arasında qalmasıdır və bu, infeksiyaya səbəb ola bilər. Amma bu, çöpçüyə getmək üçün əsas deyil. Uşaqlarda bu əlamətlər göründükdə pediatra müraciət etmək lazımdır. Yad cisim qaldıqda, biz onu LOR həkiminə yönləndiririk. Yad cisim burunda və ya boğazda qalarsa, çöpçü onu üflədikdə, nəfəs yoluna keçərək ani ölümə səbəb ola bilər.
Bu cür təhlükələri valideynlərə başa salmalıyıq. Hazırda infeksiyaların yayıldığı bir dönəmdə, uşağı qızdırma, iştahsızlıq və boğaz ağrısı ilə çöpçüyə aparmaq məntiqə sığmır və əlavə infeksiyanın yüklənməsinə şərait yaradır”.