Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi - "Bizə kömək edin!"
Neçə müddətdir Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır. Mərhumun qardaşı Qabil Şükürov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşüb. Amma hələ ki, konkret nəticə yoxdur – hələ də cinayət işi başlamayıb. Ona görə də Q.Şükürov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli, cənab Prezident!
Çox böyük ümidlə Sizə müraciət edirəm! Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi istiqamətində dövlət quruculuğu işini Siz layiqli və yüksək səviyyədə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 günə qələbəylə başa çatan Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında bir günlük anti-terror əməliyyatı bütün xalqımızın, dünya azərbaycanlının gözləri önündə baş verdi. Siz və ordumuz bununla bütün Azərbaycana elə bir sevinc bəxş etdiniz ki, sözlə ifadə etməkdə insan çətinlik çəkir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə və Sizə can sağlığı versin. Yeri gəlmişkən, qeyd edim ki, mən özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İkinci Qarabağ müharibəsində isə 43 gün ön cəbhədə əsgərlərimizin yanında oldum. Əlimdən gələn köməyi etdim. Azərbaycanımızın inkişafı üçün digər sahələrdə də gördüyünüz işlər, apardığınız islahatlar danılmazdır. Sizin tapşırığınız və nəzarətinizlə ölkəmizdə məhkəmə, prokurorluq sistemlərində, hüquq-mühafizə orqanlarında aparılan çox ciddi islahatların da şahidiyik.
Hörmətli, cənab Prezident!
Müraciətimin səbəbi qardaşım Şükürov Böyükağa Böyükkişi oğlunun “İstanbul NS” klinikasında müəmmalı şəkildə ölməsi faktının lazımınca araşdırılmamasıdır. Bildirirəm ki, bu məsələnin araşdırılması ilə bağlı istintaq orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşmüşəm. Onlardan da bu işin obyektiv və təcili araşdırlmasını xahiş etmişəm. Faktla bağlı Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. İş üzrə iki dəfə ekspertiza təyin edilmişdir və ilkin ekspertiza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə tapşırılmışdır. Lakin Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən göstərilən suallar, ümumiyyətlə, cavablandırılmamış, ekspertiza tədqiqatı aparılmamış və rəydə təsviri-əsaslandırıcı tədqiqat metodları göstərilməmişdir. Bu məsələyə həmin ekspertiza müəssisəsi tərəfindən çox qeyri-obyektiv və səthi yanaşılmışdır. Məhz buna görə də ölüm səbəbinin və həkim səhlənkarlığının olub-olmamasının müəyyən olunması ilə bağlı ikinci dəfə ekspertiza təyin olunmuş və həmin ekspertiza Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”nə həvalə olunmuşdur. Həmin ekspertiza tərəfindən ekspertiza qarşısında qoyulan suallar müfəssəl şəkildə cavablandırılmış və ekspertiza rəyindən məlum olmuşdur ki, mərhum qardaşımın vəfatına səbəb məhz həkimlər tərəfindən xəstəyə dinamik nəzarətin aparılmaması və cərrahi müdaxilənin vaxtında edilməməsi olmuşdur.
Hörmətli, cənab Prezident!
Nəzərinizə çatdırmaq istəyirəm ki, fakt üzrə cinayət işi başlanılmalı olduğu halda Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmır. Bildirmək istəyirəm ki, ekspertiza rəyindən də göründüyü kimi bir sıra sualların cavablandırılması üçün ekskumasiyaya zərurət yaranmışdır. Müstəntiqin mənə verdiyi izaha əsasən cinayət işi başlanılmadığına görə ekskumasiya etmək mümkün deyil. Lakin ekskumasiyanın həyata keçirilməməsi ilə ölümün birbaşa səbəbini tapmaq mümkün olmur. Lakin həmin iş üzrə cinayət işi başlanılması müxtəlif səbəblərdən yubadılır və cinayət işi başlanmasının bu qədər yubadılması isə uzun müddət keçməsinə səbəb olur və gələcəkdə ekskumasiyanın aparılması nəticə verməyə bilər. Ona görə də hesab edirəm ki, bir sıra istintaq hərəkətləri vaxtında və operativ şəkildə aparılmalıdır. Hal-hazırda istintaq orqanı bu məsələni yubadır. Baxmayaraq ki, Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən ekspertiza rəyi təqdim olunmuşdur. Lakin yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsində ekspertiza təyin olunmuşdur. İş üzrə ilkin ekspertiza rəyi də həmin idarəyə təyin olunmuş və həmin ekspertin rəyi qeyri-obyektiv olmuş, hərtərəfli və tam olmamışdır. Lakin ikinci dəfə Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən rəy verildikdən sonra təkrar ekspertiza tədqiqatın aparılmasının yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsinə həvalə olunması istintaqın obyektiv və hərtərəfli operativ aparılmasına şübhə yaradır. Hesab edirəm ki, buna zərurət yoxdur və burada məqsəd işin lazımsız uzadılmasıdır. Çünki həkim səhvlərinin araşdırılmasına dair Baş Prokurorluğun istintaq orqanlarına göndərdiyi tövsiyələrdə də, açıq-aşkar qeyd olunmuşdur ki, göstərilən faktlar üzrə məhkəməyə qədər araşdırmada maraqlı ekspertiza subyektlərinin ekspertiza tədqiqatının aparılması məqsədəmüvafiq deyil. Göründüyü kimi, artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsində ilkin ekspertiza tədqiqatı hərtərəfli və tam araşdırılmamışdır. Bu isə həmin ekspertiza müəssisəsinin göstərilən məsələlərin nəticəsində dolayı yolla maraqlı olduğunu göstərir. Ona görə də təkrar ekspertizanın həmin müəssisəyə tapşırılması Baş Prokurorluğun göstərilən tövsiyələrinə zidd olmaqla məsələnin hərtərəfli araşdırılmasına maneə yarada bilər.
Bildirirəm ki, hüquq-mühafizə orqanları və Nərimanov Rayon Prokurorluğu, o cümlədən də, işin istintaqını aparan müstəntiq bu məsələnin tam, sürətli və operativ və hərtərəfli həllində maraqlı deyillər. Ona görə də sizdən artıq dərəcədə xahiş edirəm ki, işin istintaqı Nərimanov Rayon Prokurorluğundan alınaraq başqa istintaq orqanına göndərilsin. Eyni zamanda, üçüncü dəfə ekspertiza tədqiqatı Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə həvalə olunub. Həmin idarədə ekspertizanın obyektiv aparılmasına inanmırdıq. Çünki bir dəfə bunlar başdan sovdu, 2 vərəqlik, şikayətimiz üzrə suallara cavab verməyən bir qeyri-obyektiv rəy veriblər. Ondan fərqli bir qərar da gözləmirdik. Elə də oldu. Artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsindən verilən 3-cü rəydən sonra cinayət işinin açılmasını gözləyirik.
Hörmətli, cənab Prezident!
Siz bizim gözümüzdə, qəlbimizdə ədalət carçısı, haqq-ədalət müdafiəçisiniz. 2020-ci ildə 44 gündə öz ədalətinizi həm də bütün dünyaya sübut etdiniz. Çox xahiş edirəm, qardaşımın ölümü ilə bağlı cinayət işinin başlanmasında - ədalətin bərpa olunmasında bizə köməklik edəsiniz.
Allah Sizdən razı olsun!
Hörmətlə,
Şükürov Qabil Böyükkişi oğlu
09.06.2024-cü il.”
Qaziler.az