Qızılca xəstəliyinə isti hava....- Həkim danışır
Son günlər ölkəmizdə qızılcadan ölənlərin sayında nisbi azalma müşahidə olunur.
Buna səbəb kimi fəsil dəyişikliyi göstərilir.
Bundan əlavə, qızılcaya qarşı peyvəndlənmə də sürətlə davam etdirilir. Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub.
2023-cü il 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır.
Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10 min 161 nəfər təşkil edib.
Koronavirus pandemiyası zamanı da xəstəlik adətən qış aylarında digər respirator xəstəliklərlə birgə daha da geniş formada yayılır, yoluxma halları çoxalırdı.
Yaz və yay aylarında isə virusa yoluxma halları nisbətən azalırdı. Artıq ölkəmizdə koronavirusa yoluxma halları azalıb, öz yerini digər xəstəliklərə verib.Bunun da nəticələrini son bir neçə aydır ki, müşahidə edirik.
Xüsusilə, payız mövsümünün gəlişi ilə yüksəlişə keçən qızılca yoluxmaları yanvarda daha da pik həddə çatdı.
Qızılcadan ölüm halları isə dah çox uşaqlar arasında görülürdü. Lakin yazın gəlişi və fəsil dəyişikliyi ilə əlaqədar olaraq, bu xəstəliyin səngiyəcəyi iddia olunur.
Maraqlıdır, qızılca da yazın gəlişi ilə azala bilər?
Həkim pediatr Aytən İsmayılzadə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunun fəsillə əlaqəsi yoxdur:
"Qızılca mövsümi xəstəlik deyil. Bu xəstəlik xüsusi təhlükəli infeksiyalara aiddir. İstənilən zamanda istənilən qədər yoluxma ola bilər. Bildirim ki, qış-yaz, fəsil dəyişikliyi fərq etmir. Qızılcaya istənilən fəsildə yoluxmaq mümkündür.
Ona görə azalmanı fəsilə bağlı yox, peyvəndləməyə bağlı görə bilərik. Peyvəndlənmə olarsa, hansı fəsildə yoluxmağınızdan asılı olmayaraq, bunu yüngül keçirmə ehtimalınız çoxdur. Ölüm halları da peyvəndlənməyən və ya immun sistemi zəif olanlar arasında görülür".
Naibə
"Cebhe.info"