TƏBİB-in səhvləri koronavirusun yayılmasına xidmət etdi - Cinayət var Cəza yoxdur və ya TƏBİB bu ölümlərin günahı sizdədir....
Epidemiya ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş səhiyyə strukturu bu vəzifəni dəqiqliklə əksinə həll edir. Buna görə kim cavab verəcək?..
Məlum olduğu kimi, 1 yanvar 2020-ci ildən Səhiyyə Nazirliyinin demək olar ki, bütün səlahiyyətləri yeni yaradılmış TƏBİB təşkilatına verildi.
Azia.Az yazır ki, Yarım ildən artıqdır ki, bütün tibb təşkilatları (xəstəxanalar, poliklinikalar və s.) TƏBİB-in sədri Ramin Bayramlının rəhbərliyi altında fəaliyyət göstərirlər. Çoxları bu yeniliklə səhiyyənin inkişafının yeni mərhələsinə ümid bəsləyirdi. Lakin bu yeni qurulmuş qurumun ilk addımlarından bütün ümidlər puça çıxdı- yarım il ərzində TƏBİB o qədər səhvə yol verdi ki, istər-istəməz Səhiyyə Nazirliyinə dua etməyə başlayırsan. Bizi qərəzlilikdə ittiham etməsinlər deyə, faktlara keçək.
“Bayramlı”dan “Bayram”
Belə ki, 2020-ci il martın 16-da koronavirusla mübarizənin qızğın çağında TƏBİB bütün tibb müəssisələrinə ilk ümumi göstərişini verdi ki, respirator və digər xəstəlikləri olan xəstələrin sayı, ölüm sayı və s. haqda tam stastistik məlumatlar 17 martın səhər saat 7-yə qədər (!) təqdim edilsin. Üstəlik, əmr buna heç bir aidiyyatı olmayan tibb müəssisələrinə də göndərildi: stomatoloji klinikalar, doğum evləri, Bakı Şəhər Baş Səhiyyə İdarəsi və s. Direktiv sərəncam tabelikdə olan müəssisələrə iş gününün sonunda – axşam saat 6-7 radələrində daxil olduğundan kiməsə, hətta bir neçə gün sonra belə bir gecə ərzində (!) statistik məlumatları toplayıb növbəti gün səhər saat 7-dək təqdim etmək mümkün görünmürdü. Amma bu obyektiv halı nəzərə almayaraq, növbəti gün, yeri gəlmişkən bayram günü - martın 18-də TƏBİB rəhbəri Ramin Bayramlı 4-5 saylı əmri ilə tibb işçilərini - 70 şəhər və 42 rayon tibb müəssisələrinin baş həkimlərini “xidməti vəzifələrinin lazımi səviyyədə icra edilməməsinə, "dövlət əhəmiyyətli" informasiyanın (statistik göstəricilərin dövlət əhəmiyyətli statusa niyə daxil edilməsi də anlaşılmazdır) vaxtında təqdim edilməməsinə görə şəxsi işə yazılmaqla töhmətlə” “təbrik edir”. Əmrdə həmçinin deyilir: “Əgər belə hal 6 ay ərzində təkrarlanarsa, “günahkar” baş həkimlərlə əmək müqavilələrinə xitam veriləcək”.
Diqqət edin, bu, hansı vaxtda baş verir: ölkə üçün koronavirus epidemiyasına qarşı ən çətin mübarizə dövründə, həkimlərin yoluxmuş xəstələrlə gecə-gündüz fədakarcasına çalışdığı bir vaxtda, bütün Azərbaycan xalqının, ölkə prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın səhiyyə işçilərini şücaətinə və fədakarlığına görə ayaqda alqışladıqları bir vaxtda! Ancaq R. Bayramlının öz fəaliyyətini ölkə prezidentinin və bütövlükdə Azərbaycan xalqının siyasətinə zidd şəkildə qurmaq bacarığına təəccüblənmək qalır.
TƏBİB nəyi ört-basdır edir?
Davam edək. 17 mart 2020-ci il tarixində TƏBİB rəhbəri R.Bayramlı “Sahə həkimlərinin və tibb bacılarının öz ərazilərindəki evlərə baxış keçirib əhalinin və xəstələrin sayı barədə toplanmış məlumatı TƏBİB-ə təqdim etməsi” barədə növbəti sərəncamı (bax: əmrin fotosu) verir.
Sədr R.Bayramlının əmrini yerinə yetirərkən poliklinikaların sahə həkimləri onların tabeliyində olan ərazilərdə yaşayan xəstələrə baş çəkərək onların arasında COVİD-xəstələrini aşkar etməyə başladılar.Və TƏBİB qoruyucu kostyumlar və dezinfeksiyaedici vasitələri - xüsusi geyim, maskalar, əlcəklər və dezinfeksiya vasitələrini poliklinikalara daha sonra verdi. Nəticə özünü çox gözlətmədi - səhv, amma mahiyyətcə, cinayətkar direktiv insanların sağlamlığına başa gəldi.
TƏBİB rəhbərinin təhlükəli sərəncamı Yasamal rayonundakı 13 saylı uşaq poliklinikasının 53 (!) tibb işçisinin (onların arasında baş həkim, baş həkimin müavini, həkimlər, tibb bacıları, kiçik tibb personalı var) ağır formada iktərəfli pnevmoniyalı koronavirusa yoluxmasına səbəb oldu. 13 saylı uşaq poliklinikasının koronavirusa yoluxmuş tibbi personalı və bu rayonun sakinləri təcili təcrid edildilər və “Yeni klinika”ya yerləşdirildilər. Poliklinika özü isə müəyyən müddətə bağlandı.
Zəncirvari reaksiya getdi, özü də miqyaslı. Onların ardınca, əraziyə baxış nəticəsində daha 30 tibb işçisi koronavirusa yoluxdu. Onlar 22 saylı uşaq poliklinikasının işçiləridir. 7 saylı, 4 saylı və digər poliklinikalarda da bir qədər az sayda əməkdaş yoluxdu.
Tibb işçilərinin yoluxması sahə həkimlərinin və tibb bacılarının öz sahələrinə baxış keçirməsi (xüsusi geyim olmadan) və əhali ilə əlaqə zamanı baş verib. Onların arasında COVİD xəstələri olub. Sahəyə baxışdan iş yerinə, poliklinikaya qayıdan həkimlər özləri də bilmədən infeksiya daşıyıcılarına çevriliblər və öz həmkarlarını, pasiyentlərini yoluxdurublar, onlar da öz növbəsində öz ailələrini (valideynlər, uşaqlar, həyat yoldaşları) yoluxdurublar. Beləliklə, koronavirusa yoluxanların sayında artım baş verib. Və bütün bunlar tibbdə naşı bir adamın qeyri-düzgün, mahiyyyətcə isə cinayətkar addımı ucbatından oldu.
Poliklinikalarda baş vermiş kütləvi FH-dən yalnız bir neçə həftə sonra TƏBİB tibb işçilərinin qorunması üçün poliklinikalara qoruyucu vasitələr və xüsusi geyim göndərib.
Təhlükəli epidemioloji vəziyyətdə tibb işçilərinin əməyinin təhlükəsizliyini təmin etməyən TƏBİB-in əmrinin icrası zamanı koronavirusa yoluxmuş minlərlə tibb işçisindən neçəsinin zərər çəkdiyini hesablamaq çətin deyil. Çoxsaylı çağırışlara eyni qoruyucu kostyumlarda gedən “Təcili yardım” həkimlərinin koronavirusa yoluxması da onun vicdanına yazılır. Protokola görə, təhlükəsizlik məqsədilə bu kostyumlar birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əgər TƏBİB vaxtında yetərli sayda qoruyucu ləvazimat təqdim etsəydi “Təcili yardım”ın yoluxmuş 102 işçisindən neçəsi bu bəladan (onların arasında bir ölüm hadisəsi var) qurtula bilərdi.
Bizim buna göz yummağımız döğrudurmu? TƏBİB-in belə məsuliyyətsizliyinin təkrarlanmayacağına zəmanət varmı? Bir şey aydındır: əgər qərəzsiz araşdırma aparılsa və rəqəmlər kiminsə maraqlarına görə “korrektə edilməsə”, məlum olar ki, yoluxmuş tibb işçilərinin xeyli hissəsi uşaq poliklinikalarının payına düşür. Əgər TƏBİB rəhbərinin qorxunc əmri olmasaydı, bundan qaçmaq olardı.
Sual yaranır: “silahsız” adamları ölüm təhlükəsi olan müharibəyə necə göndərmək olar, sonra da brifinqdə yalandan bəyan edəsən ki, “bu günədək ölkənin heç bir xəstəxanasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb. Yoluxma halı qismən poliklinikalarda və ambulator xidmətlərdə qeydə alınıb, belə ki, orada qoruyucu vasitələrdən lazımi qaydada istifadə olunmayıb. Belə hallar həkimlərin və tibbi personalın öz işinə düzgün yanaşmamasından irəli gəlib”.
Əhvalat bununla bitmir. Üstəlik, daha miqyaslı hal ala bilərdi, əgər tibbi personalın kütləvi yoluxmasından sonra poliklinikaların rəhbərləri və Bakı Şəhər Baş Səhiyyə İdarəsi həyəcan təbili çalmasaydılar. Çoxsaylı zənglərdən sonra TƏBİB rəhbəri birinci sərəncamını ləğv edərək 2020-ci il martın 23-də ikinci sərəncamını (dörd nida işarəsilə) verir: “BÜTÜN TİBB MÜƏSSİSƏLƏRİNİN RƏHBƏRLƏRİNƏ!!!! Sahə həkimlərinin ərazilərə baş çəkməsi dayandırılsın. Poliklinikaların bütün həkimlərinə onların ərazisində yaşayan COVİD xəstələrinin aşkar edilməsi üçün əhali ilə telefon əlaqəsi saxlamaq və nəticələri TƏBİB-ə təqdim etmək tapşırılır”.
Sonra səhvlər bir-birinin ardınca gəlir. Nəticə: ölkədə epidemioloji nəzarət tamamilə itirilir və gündəlik yoluxanların sayı sürətlə artır. Təhlükəli infeksiyanın yayıldığı dönəmdə poliklinikalar və “Təcili yardım” üzərində səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsi barədə ölkə hökumətinin qərarı olmasaydı, bütün bunların Azərbaycan üçün nə ilə nəticələnəcəyini təsəvvür etmək qorxuludur. Yəqin ki, COVİD xəstələrinin sayı həndəsi ardıcıllıqla artardı.
CİNAYƏT VAR, CƏZA YOXDUR
Bir şey aydındır: dosent Ramin Bayramlının səriştəsizliyi adamların sağlamlığı və həyatı bahasına başa gəldi..
Məlum olduğu kimi, Azərbaycan CM vətəndaşların sağlamlığına və həyatına bilərəkdən və bilməyərəkdən xəsarət yetirməyə görə qanunun tam ciddiliyi ilə azadlıqdan məhrumetməyə qədər cəza nəzərdə tutur. Bəs niyə indiki halda qanun qüvvəyə minmir? Axı, cinayət tərkibi göz önündədir.
TƏBİB-in rəhbəri, səhiyyəyə cavabdeh olan Ramin Bayramlı özünün bir səhv addımı ilə ölkə vətəndaşlarının həyatını və sağlamlığını təhlükə altına alıb. Görünür, müvafiq orqanlar hələ bu məsələni araşdırmalıdırlar və aydınlaşdırmalıdırlar ki, koronavirusdan zərər çəkmiş neçə nəfər, o cümlədən tibb işçilərindən neçə nəfər TƏBİB rəhbərinin vicdanına yazılır?.. Niyə səhlənkarlıq var, ancaq cəza yoxdur? Niyə ölkədə epidemioloji vəziyyətə və əhalinin sağlamlığına cavabdeh olan dövlət məmuru epidemiyanın yayılmasına xidmət edir, ancaq öz qeyri-peşəkarlığına görə məsuliyyət daşımır?
İstər-istəməz sual yaranır: niyə karantindən qaçan yoluxmuşu infeksiyanı yaydığına görə cəza təhlükəsi gözləyir, ancaq kütləvi yoluxmaya səbəb olan şəxsin barəsində heç bir şey tətbiq edilmir və o, cəzasız qalır, üstəlik, millətin sağlığına görə məsul olmağa davam edir?! Özünün və övladlarının sağlamlığını belə adama etibar etmək olarmı?
Xülasə: Bu gün azərbaycanlı həkimlər və ölkə sakinləri koronavirusdan, hətta iqtisadi böhrandan qorxmurlar, onlar bizim sağlamlığımıza cavabdeh olan TƏBİB sədrinin səriştəsiz idarəçiliyindən qorxurlar. Əgər bu “xadim”in barəsində müvafiq tədbirlər görülməsə, yəqin ki, onun əmrilə biz hələ çox zərər çəkəcəyik,
Ölkədə təhlükəli virusun yayılmasının qarşısını almağa cavabdeh olan şəxs özünün məsuliyyətsiz qərarları ilə əksinə, təhlükəli infeksiyanın yayılmasına zəmin yaratdı. Cəmiyyətin bütün millətin sağlamlığına görə məsuliyyət daşıyan belə səriştəsiz rəhbərlərdən xilas olmasının vaxtı çoxdan çatıb.
Əks halda, belə səhv əmrlərin, analizləri nəticədən vacib sayan laborantların sayəsində prezidentin bütün səyləri heçə enəcək.
Yeni yaradılmış TƏBİB ilk addımlarından ölkədə ümumi epidemioloji vəziyyətə hakim ola bilməyən, tibb müəssisələrinin dislokasiyası haqda anlayışı olmayan və s. qurum kimi tamamilə özünü gözdən saldı. Əgər ölkə rəhbərliyinin vaxtında həyata keçirdiyi tədbirlər, öz işini bilən köhnə səhiyyə kadrları olmasaydı, ölkədə epidemioloji vəziyyət tamamilə başqa ssenari üzrə gedə bilərdi.
Və sonda “dosent”in portretinə kiçik ştrix. Ağır iqtisadi dönəmdə ölkə prezidenti tibb işçilərinin əməkhaqqını beş dəfə artırır, “əlahəzrət Ramin” isə öz korrektivlərini daxil edərək COVİD xəstələrini xilas edən həkimlərin ödənişlərini kəsir. Nə demək olar, tibb işbazı?! Qüsurlu reputasiyası olan adama ən qiymətli şeyi – millətin sağlamlığını etibar etmək olarmı?!