Meymunçiçəyinin yayılma ehtimalı sıfıra bərabərdir, karantin olmamalıdır - Musa Qəniyev
“Meymunçiçəyi virusunun iki ştamı mövcuddur: Qərbi Afrika və Mərkəzi Afrika. Tərkibləri, viruslar bazasında AF 380138 sırası ilə qeydə alınmış 196858 cüt nukleotiddən ibarətdir. Bu ştamların homoloji genom ardıcıllığı sırası 99,83% nisbətində eynidir. Odur ki, virulentliklərində əsasən biometreloji faktorların təsiri səbəbindən, nisbi fərqlilik olsa da, bunlar eyni- identik ştammlar hesab olunur.
Meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış struktur əsasının - DNT-nin, nuklein ardıcıllığı və kəmiyyət tərkibinin tədqiqi, aqressivliyə səbəb olan dəyişikliyin nəinki baş vermədiyini, hətta makroorqanizm zülalının modulyasiyasını kodlayan bəzi genlərin yoxluğu və ya ciddi əks keyfiyyət dəyişikliyinə məruz qaldığını sübut edir. Odur ki, qeydiyyata alındığı tarixdən keçən son 52 ildə, bu virusun kontaqiozluq və bioloji fəallığı dəfələrlə zəifləməlidir”.
Bakupost.az xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev meymunçiçəyi təhlükəsi barədə açıqlamasında deyib.
“Mərkəzi Afrika ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan gen qısalmışdır. Qərbi Afrika ştammında isə, bu gen ümumiyyətlə yoxdur.
Bu hal iltihabı reaksiyanı tətikləyən virus proteininin aktivliyinə əhəmiyyətli dərəcədə təsir göstərərək, yoluxmuş insanlarda limfadenopatiyaya meyilliliyi artırmaqla, virusun virulentliyinin azalmasına səbəb olur. Odur ki, belə xəstələrdə limfopatiya, bəzi tədqiqatçıların söylədiklərinin əksi olaraq, hətta virusun patogen fəallığının azalmasının göstəricisi kimi dəyərləndirilməlidir. Bunu Mərkəzi Afrika ştammı ilə müqayisədə, Qərbi Afrika ştammına tutulanların sayının az, ölüm halının isə, ümumiyyətlə olmaması da təsdiq edir.
Digər tərəfdən, Mərkəzi Afrika ştammında interferona dözümlülük göstərən substruktur vahid- elF-2а-ni kodlayan ОРТ C3L qeni inaktiv, Qərbi Afrika ştammında isə, supressiv vəziyyətdədir. Eləcə də, interferona dözümlülük göstərən DAI-kinasanı kodlayan ОРТ F3L geni də qısalmışdır. Bu genom dəyişikliyi virusun insan orqanizmində artıb-çoxalmasının zəiflədiyi və onun hava-damcı yolu ilə insandan-insana verilməsinin dəfələrlə süstləşdiyini sübut edir.
Meymunçiçəyi virusunun genom quruluşunun qısa təhlili belə, virusunun potensial fəallığının, adi mövsümi infeksiyalardan yüksək olmadığını söyləməyə əsas verir.
Virusa yoluxmanın hazırkı artımı isə nisbi, lakin qanunauyğun haldır. Dəfələrlə söylədiyim kimi, Covid 19-la bağlı dünyada tətbiq olunmuş uzunmüddətli sərt karantin tədbirlərinin nəticəsi olaraq, makroorqanizm və viral infeksiyalar arasında yaranmış və müəyyən müddətə qədər davam edəcək, bioloji birgə yaşayış prinsipinin pozulması ilə əlaqədardır.
Hazırda meymunçiçəyi virusuna Dünyanın 19 ölkəsində 135 yoluxma halı qeydə alınsa da, mütləq yoluxma 1/100000 faiz nisbətində olduğundan, onun kütləviləşərək yayılma ehtimalı sıfır faizdir. Bizim ölkəmizdə isə, keçən ilin payızında təkrari olaraq sərt karantinə gedilmədiyindən, belə bir ehtimal ümumiyyətlə yoxdur.
Odur ki, nə stressə düşmək, nə gərginlik keçirmək, nə də gələcəyə ümüdsüz baxmağa heç bir əsas yoxdur”.
Aygün Musayeva