50 dərman deposu, 500-dən artıq aptek... - Sabiq nazir müavininin fəaliyyəti araşdırılır
Xəbər verdiyimiz kimi, fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. Bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elsəvər Ağayevin və digər vəzifəli şəxslərin fəaliyəti barədə yoxlamalar aparılıb.
Hələ Teymur Musayev Səhiyyə nazirinin əvəzedicisi olduğu dönəmdə rəhbərlik etdiyi qurumda bu və bu kimi digər neqativ hadisələrin araşdırılması üçün müvafiq tapşırıqlar da verib. Müvafiq qurumlar da nazirin tapşırığına uyğun olaraq araşdırmalara başlayıb və artıq nəticələr barədə yeni naziri məlumatlandırıblar. Elsəvər Ağayevin də rəhbərlik etdiyi sahələrdə də bir sıra ciddi pozuntular aşkarlanıb.
Hesablama Palatasından Qaynarinfo-ya verilən açıqlamada 2021-ci ildə Səhiyyə Nazirliyində yoxlama aparıldığı təsdiqlənib. Audit Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılıb və qərar qəbul edilib. Digər qurumlarla bərabər, Səhiyyə Nazirliyində də aparılan yoxlamaların nəticələri barədə bu ilin mart ayında hesabat dərc ediləcək.
Qeyd edək ki, Elsəvər Ağayev uzun illər ən böyük gəlirli və vacib sahə olan "Əczaçılıq və Tibb Sənayesi”, "Dərman və Tibbi Texnika" İstehsalat-Ticarət Birliyinə də rəhbərlik edib.
Əldə etdiyimiz məlumata görə, hər iki birliyin nəzdində fəaliyyət göstərən 1000-ə yaxın aptekdə və əczaçılıq mərkəzlərində onun qoyduğu şərtlərlə işlər aparılıb. Səhiyyə Nazirliyinə məxsus bu birliklərin bəzi mülkləri isə özəlləşdirilərək nazir müavininin yaxın adamlarının adına keçirilib.
Digər 3 nazir müavini ilə yanaşı, pozuntuların nəticəsi olaraq 23 il vəzifədə çalışmış Elsəvər Ağayev sonuncu vəzifəsi ilə də vidalaşmalı olub.
Bu günə olan məlumata görə, əczaçılıq sahəsində Azərbaycanda fəaliyyət göstərən 100-dən çox topdansatış dərman deposunun 50-yə yaxını, 3 mindən çox aptekin 500-ə yaxınının Elsəvər Ağayevin yaxın çevrəsinə məxsus olduğu deyilir.
Baş verənlərlə bağlı Elsəvər Ağayevlə əlaqə saxlasaq da, bu barədə ondan münasibət almaq cəhdlərimiz boşa çıxıb.