Uşaqlar arasında yayılmış koronaya bənzər xəstəlik nədir?
Son vaxtlar Azərbaycanda uşaqlar arasında xəstəlik halları artıb.
Azia.az Baku.vs-yə istinadən xəbər verir ki, məktəb və bağçalarda əsasən azyaşlı uşaqlar arasında qrip, buna bənzər xəstəliklərlə bağlı çoxsaylı şikayətlər var. Xəstəlik ən çox da 5-10 yaşlı uşaqlar arasında yayılıb.
Bir çoxu da bu xəstəliklərin koronavirus olduğunu düşünür. Əslində nə baş verir?
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədov açıqlamasında bildirdi ki, əslində müraciət edənlərin çox az qismində koronavirus aşkarlanır.
“Bütün illərdə mövsümü xəstəliklər olur. Hər il bu mövsümdə xəstəliklər artır. Bu il də mövsümü xəstəliklər artıb. Bu xəstəliklər arasında COVID-19 virusuna da rast gəlirik. Bu zaman həmin xəstələri koronavirusun müalicəsilə məşğul olan mərkəzlərə yönəldirik.
Lakin bu il ən çox rastlaşdığımız influenzadır. Bundan başqa adanaviruslar, rotaviruslara da rast gəlinir. Bu mövsümü xatarketli xəstəliklərdir.
Bunların arasında tənəffüz yolları infeksiyaları, bağırsaq infeksiyaları da olur. Sadəcə koronavirus infeksiyası hər şəkildə özünü göstərdiyi üçün şikayəti olan hər kəs COVID-19 olduğunu zənn edir. Lakin ayrıntılı müayinə etdikdə görürük ki, az qismi koronavirus çıxır. Zamanında “quş qripi”, “donuz qripi” kimi adlanan viruslara daha çox rast gəlinir”, - deyə pediatr bildirib.
Azər Əhmədov deyir ki, uşaqları xəstələrlə təmasdan qorumaq mütləqdir:
“Birinci növbədə burada təmas önəmlidir. Qrip olan uşağı məktəbə göndərmək olmaz. Əgər ailə üzvlərindən biri xəstədirsə, uşağı həmin şəxsdən uzaq tutmaq lazımdır.
Qoruyucu vasitələrdən, maskalardan istifadə etmək mütləqdir. Əllər tez-tez yuyulmalı, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır. Virus infeksiyalarında antibiotiklərdən çox istifadə etmək məsləhət deyil.
Qidalanmaq çox önəmlidir. Orqanizmin müqavimətini artırmaq üçün düzgün qidalanmaq lazımdır. Daha vacibi isə çoxlu maye qəbul etməkdir”.