Koronavirusun QORXUDAN ƏLAMƏTİ: İndi hamı ondan şikayətlənir - 3-4 ay ərzində...
Bir neçə ildir dünyanı təhdid edən COVID 19-un əlamətləri sırasında son günlər saç tökülməsi şikayətləri də geniş yer alıb. Əsasən xəstəliyi 2-3 ay əvvəl keçirib sağalmış insanlar arasında yayılan bu şikayət insanlarda mənəvi sıxıntı hissləri yaşadır.
Artıq əksər şəxslərin probleminə çevrilmiş bu məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən dermatoveneroloq Şücaət Həşimov bildirdi ki, infeksion xəstəliklərdən sonra insanlarda müəyyən fəsadlarını olması labüddür. Həkim bildirdi ki, saç tökülməsi xəstəlik zamanı orqanizmdə mikroelementlərin, vitamin komplekslərinin azalması səbəbindən baş verir.
“İnfeksion xəstəliklərdə orqanizmin ümumi müqaviməti yəni immun sistemi tükənərək zəifləyir. Xəstəlik zamanı əmələ gələn güclü intoksikasiya orqanizmin bütün toxumalarına olduğu kimi, saçlara da toksiki təsir göstərir. Əgər Covid-dən sonra bunlar baş verirsə, mütləq həkimə müraciət etmək lazımdı. Yalnız təyin edilmiş analizlərin nəticəsindən sonra həkim orqanizmdə baş verən hansı çatışmazlıqdan sonra saç tökülməsinin baş verdiyini tam deyə biləcəkdir. Həmçinin, COVİD-19 xəstəliyi vaxtı istifadə olunan bəzi preparatlar da saç tökülməsinə səbəb ola bilər. Güman edirik ki, bu müvəqqəti bir haldır”.
Şücaət Həşimov onu da qeyd etdi ki, pasiyentlərdə saç tökülməsi ilə əlaqədar olaraq hədsiz təşviş yaranarsa, bu saç tökülməsini daha da intensivləşdirəcəkdir. Nəticədə saçlarını itirmək qorxusu yaşayan xəstə yaşadığı psixoloji gərginlik səbəbindən artıq stress səbəbli saç tökülməsi ilə üzləşə bilər.
“Bərpa müddətində orqanizmin bir çox vitamin və minerallara ehtiyacı var. Müalicə prosesi zamanı həkimlər pasiyentlərə saç tökülməsi və ümumiyyətlə orqanizmanın bərpası üçün dəmir, Zn, fol turşusu, B12 vitamini, D vitamini təyin edirlər. Bu vitamin və minerallarla zəngin qidalanma olduqca vacibdir”.
Qeyd edək ki, bütün dünyada Covid 19-dan sağalan xəstələrin yaşadığı problemə çevrilən saç tökülməsi ilə bağlı mütəxəssislər bildirirlər ki, xəstəlikdən sonra saç tökülməsi 3-4 ay davam edir və sonra saç müalicə olunmadan yavaş-yavaş bərpa olunur. Onlar bunu həm stress, həm də anti-koronavirus dərmanlarının mənfi təsirləri ilə əlaqələndirirlər.