Azərbaycanda COVID-19 pasportu ilə bağlı VACİB XƏBƏR – Sentyabrın 29-dan…
Xəbər verdiyimiz kimi, sentyabrın 29-da ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil başlayacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, bu təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks-göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.
Daxili İşlər Nazirliyindən (DİN) redaktor.az–a bildirilib ki, yoxlamalar təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq. DİN sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparacaq.
Bəs prosesə nəzarət necə həyata keçirləcək? Müəllim və tələbələrin COVID-19 pasportu yoxlanılan zaman sıxlıq necə aradan qaldırılacaq?
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva qeyd edib ki, həftə ərzində ali məktəbin girişdəki turniketlərə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub:
“Bu avadanlıqlarla COVID-19 pasportunu yoxlamaq mümkün olacaq. Həmçinin, xüsusi avadanlıq yoxlama zamanı sıxlığın yaranmasının qarşısını da alacaq”.
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADU-ya daxil olan şəxslər COVID-19 pasportunu mühafizə xidmətinə təqdim etməlidilər: “Sıxlığın yaranmaması üçün əlavə tədbirlər görüləcək”.
Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, müəllim və tələbələr BSU-nun hər iki tədris binasına daxil olarkən onların COVID-19 vaksinasiyası üzrə məlumat forması qeydiyyata alınır və hərarətləri yoxlanılır:
“Bu iş universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə Bakı Slavyan Universitetində peyvənd olunma prosesi xüsusi diqqət mərkəzində saxlanılır”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva isə qeyd edib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olunub. Tələbələrin, müəllimlərin və universitet əməkdaşlarının COVID-19 pasportlarının yoxlanma prosesi üçün universitetin işçilərindən ibarət qrup yaradılıb. Universitetin girişində fəaliyyət göstərən həmin qrup COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı olmayan şəxslərin universitetə daxil olmasına icazə verməyəcək.