"Delta" ştammı bu əlamətlərlə başlayır
"Yetkinlərin 85 faizi, uşaqların isə 90 faizi koronavirusu simptomsuz keçirir. Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən də başqalarının yoluxmasına səbəb olur. "Düşmənin" harada olduğunu bilmirsiniz. Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar. Hərarət və heç bir əlamət olmadığından o insanın bundan xəbəri olmur, maskasını da doğru-düzgün taxmır. Qripdə belə olmur, mütləq müvafiq əlamətlər özünü göstərir".
Bu sözləri Türkiyənin məşhur həkimi, professor Mehmet Ceyhan "DHA"ya müsahibəsində söyləyib. Onun sözlərinə görə, COVID-19-a qarşı ən effektiv mübarizə vaksinasiyadır, amma bunun üçün əhalinin 80 faizi peyvənd olunmalıdır.
Professor qeyd edib ki, uşaqlarda klinik gedişat dəyişib:
" "Delta" variantı o qədər də aydın olmayan əlamətlərlə gəlir. Məsələn, uşağın qızdırması belə yoxdur, sadəcə bir az öskürdüyü və asqırdığı üçün test edirsiniz, beləliklə pozitiv çıxır. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir. Bu, "delta" variantının kliniki əlamətlərinin dəyişməsi deməkdir".(publika.az)