"Bizə İlham Əliyevin müəyyən etdiyi maaş verilmir" - HƏKİMDƏN ŞİKAYƏT
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının əməkdaşları ağır iş şəraitindən və əmək haqqlarının vaxtında ödənilməməsindən şikayət edir. Bu barədə hazırda sözügedən tibb müəssisəsində çalışan, adının anonim saxlanmasını istəyən işçilərdən biri anews.az-a bildirib.
"Portalda yazılan əmək haqqı ilə bizə verilən əmək haqqı düz olur. Amma bizə bir məsələ aydın deyil. Prezident İlham Əliyev koronavirusla mübarizə aparan tibb işçilərinə üçqat-beşqat artıq əmək haqqı ilə bağlı sərəncam imzalamışdı. Biz bilmirik ki, həmin maaş nə qədərdir? Ağır iş şəraitində çalışırıq. Hazırda bizdə 12 saatlıq iş rejimidir. Ən vacibi isə əmək haqlarımız həmişə gec verilir", - deyə tibb işçilərindən biri deyir.
Reanimasiya şöbəsində çalışan tibb işçisi bildirir ki, ötən iki ay ərzində 6 gün istirahətsiz,8 saatlıq iş rejiminə görə, 550 manat maaş alırlarmış. Avqustun 30-dan isə həftəlik 60 saat olmaqla, 4 günlük 12 saatlıq iş rejiminə keçiblər. Amma maaşlarından hələki bir xəbər yoxdur.
"Əmək qanunvericiliyinə görə, gündə 8 saat normal iş rejimi, həftədə 2 dəfə istirahət günü hesab edilir. Həftəlik iş normamız 40 saat olmalıdır. Bizim işlədiyimiz iş rejimi isə qanunvericiliyə yad bir qrafikdir. Məsələn, keçən ay 6 gün 8 saat iş qrafiki ilə fasiləsiz işləyir, 2 gün istirahət edirdik. Keçən ayın 30-dan isə 12 saatlıq iş rejiminə keçmişik. İndi 4 gün 12 saat işləyəcəyik, 2 gün istirahət verəcəklər. Bu da həftəlik 60 saat deməkdir. Maaşlarımızda artım olacağını deyiblər, amma hələki gözləyirik. Heç keçən ayın maaşını avqustun 25-dən bəri hələ verməyiblər", - deyə o əlavə edib.
Tibb işçisinin sözlərinə görə, onlar bir ildən çoxdur işləməsinə baxmayaraq məzuniyyətə də buraxılmayıblar.