Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMA
Bu barədə Azia.Az-a Qusar rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin bir qrup əməkdaşı məlumat verib. Onlar bildirib ki, ötən ayların heç biri üzrə əlavə ödəniş almayıblar:
Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşları pandemiya dövründə onlara əmək haqlarından əlavə ödənişlərin verilmədiyini deyirlər.
“Ölkə başçısı yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə əlavə ödənişlərin verilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin bu sərəncamdan irəli gələn prosedurlar yerinə yetirilmir.
Bütün rayonlarda çalışan həmkarlarımızla əlaqə saxlamışıq, onlar əlavə ödənişləri aldıqlarını deyirlər. Başa düşə bilmirik, nə üçün bizə heç bir ay üzrə heç bir ödəniş edilmir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, cavab verən yoxdur. Xahiş edirəm, bu məsələnin aydınlaşdırılmasına kömək edəsiniz”.
Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib:
“Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahı dövlət tibb müəssisələri tərəfindən Agentliyə göndərilir. Nəzərinizə çatdırırıq ki, mart ayı üzrə göndərilən siyahılara uyğun olaraq, Agentlik tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım xidməti göstərən 36 nəfərə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində cəmi 9 min 977 manat 74 qəpik, aprel ayı üzrə isə sözügedən tibb müəssisəsindən təcili tibbi yardım xidməti göstərən 31 nəfərə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində cəmi 7 min 235 manat 6 qəpik ödənilib”.
Agentlikdən onu da bildiriblər ki, may ayı üzrə 13 tibb müəssisəsi, o cümlədən Qusar Rayon Mərkəzi Xəstəxanası koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahını Agentliyə təqdim etməyib:
“Dövlət tibb müəssisələri tərəfindən təqdim ediləcək siyahılara uyğun olaraq Agentlik tərəfindən may ayı üzrə də müddətli əlavələr ödəniləcək”.
Xatırladaq ki, Baş nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 112 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin ödənilməsi iyulun 1-dək davam edəcək.