Azərbaycanda bu tarixdə SƏRT KARANTİN OLACAQ, xəstəxanalarda yer qalmayacaq, dərmanlar... - Professor ELAN ETDİ
Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmazdır.
32gun.news xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, hazırda hökumətin və Operativ Qərargahın üzərinə böyük yük düşür: “Koronavirus mutasiyaya uğramağa davam edir və mutasiyaların hər biri özünü fərqli şəkildə büruzə verir. “Alfa”, “Beta”, “Qamma”, “Delta” ştammları aydın simptomlara görə daha çox fərqlənirlər, amma bu ştammların genomu eynidir. “Delta” ştammının digər COVID-19 variantlarından fərqi daha çox yoluxucu olmasıdır. Hindistanda vəziyyət dəhşətlidir, milyonlarla xəstə, minlərlə ölən var. Cəsədlər küçələrdə, kütlə içərisində toplanır ki, bu da hər kəsdə qorxunc bir mənzərə formalaşdırır. Virusoloqlar “Delta” ştammının Hindistanda göstərdiyi dəhşətli performansı gördükdə bunun 4-cü dalğaya səbəb olacağını düşünürdü. Rusiyada bu ştamm çox sürətlə yayıldı, ancaq bu ölkədə peyvəndin sayı da çoxdur.
“Delta” Azərbaycanda da aşkar olundu. Vətəndaşlarımız özlərini sanki pandemiya bitmiş kimi aparırlar. Karantin rejimi yumşaldılsa belə, karantin qaydalarına riayət eməliyik, tam rahatlaşmaq lazım deyil. Hazırda hökumət və Operativ Qərargahın üzərinə böyük yük düşür. Bu gün bu dəhşətli vəziyyətin bütün respublikaya yayılmasının qarşısını almaq üçün dövlətin qarşısında çox ciddi və çətin bir tapşırıq var”.
Professor qeyd edib ki, sözügedən ştamm Azərbaycanda sürətlə yayılsa, dəhşətli vəziyyət yaranacaq: “Həm stasionar, həm də poliklinikada şəraitin dəhşətli bir vəziyyət alacağını hesab edirəm. Dərmanların, stasionar yerlərin sayında çatışmazlıq olacaq, buna görə də bütün bunlara hazır olmalıyıq. Dövlətimiz əhalinin immunizasiyası üçün daha ciddi addımlar atmalıdır. Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmaz olacaq”.
A.Qeybulla əlavə edib ki, vaksinin üçüncü dozası immunitetin gücləndirilməsi üçün nəzərdə tutulub: “Nəzərə alsaq ki, iki doza 6 aylıq müddət üçün nəzərdə tutulub, üçüncü doza həmin müddəti uzadacaq. Operativ Qərargah əhalinin immunizasiyası istiqamətində artıq intensiv və konkret addımlar atmalıdır. Hər bir dövlət, hər kəs Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) tövsiyələrini yerinə yetirməlidir. Eyni zamanda insanları daha etibarlı, bu ştammlara davamlı peyvəndlərlə təmin etmək üçün ciddi tədbirlər görülməlidir”.