azia.az
azia.az

"Qarabağ"a gəlmək istəmirlər, reallıqdan uzaq pullar istəyirlər"

11-08-2024, 08:22

Azia.az blogu xəbər verir ki, Azərbaycanın tanınmış futbol mütəxəssisi Bəxtiyar Musayev sportal.az-a müsahibə verib.

- "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə Bakıda "Ludoqorets"lə görüşdə 1:2 hesabı ilə uduzdu. Nəticə sizin üçün gözlənilməz oldu?

Nəticə mənim üçün gözlənilməz oldu. Amma rəqibin oyunlarını izləmişdim, təhlükəli komanda olduğunu bilirdim. "Ludoqorets"in heyətində bir çox fərdi ustalığı olan oyunçuları var. Beynəlxalq təcrübəsi də var. Ancaq nə olursa-olsun evdə məğlubiyyəti heç gözləmirdim. Təsəsüf ki, ilk oyunda uduzduq.

- "Qarabağ"ın "Ludoqorets"ə məğlubiyyətinin əsas səbəbi nədə idi?

Bir neçə amillər səbəb oldu. "Qarabağ" oyuna çox yaxşı başladı. Şanssızlıq çox oldu. Yaradılan qol imkanlarından yaxşı istifadə edə bilmədilər. Hakimlik də öz sözünü dedi. Rəqibin təcrübəli olması, səbəbsiz yerə vaxt uzaqmaları da öz təsirini göstərirdi. Hakim də buna göz yumurdu. "Qarabağ" tempi yüksəldəndə, rəqibin oyunçuları heç bir səbəb olmadan yerdə qalırdılar. Hakim də oyunun tempini salmaq üçün həkimləri dəvət edirdi. "Ludoqorets" də bir neçə dəqiqə bu pauzadan yararlanırdı.Dəfələrlə belə oldu. İkinci yarıda da "Qarabağ" tempi yüksəldirdi, "Ludoqorets" hər cür hiyləgərlikdən istifadə edib vaxtı uzadırdı. Hakim də buna şərait yaradırdı.

- Oyunun layiqli nəticəsi məhz "Ludoqorets"in 1:2 hesabı ilə qalib gəlməsi idi?

Xeyr, "Bakıdakı 1:2 hesabı "Ludoqorets"in layiqli qələbəsinin göstəricisi deyil. Bayaq sadaladığım amillər öz təsirini göstərdi. Şanssızlıq, hakim amili və rəqibin bəzi hiyləgər hərəkətləri bu hesaba gətirib çıxardı. Ən azından komandamız bir top üstünlüyü ilə qələbə qazanmalı idi. Nəticədə isə haqlı olmayaraq "Ludoqorets" 2:1 qalib gəldi.

- "Qarabağ"ın performansı necə dəyərləndirərdiniz? Sizcə, komanda hələ tam hazır deyil və tam hazır olmadığı üçün "Ludoqorets"ə uduzdu?

Öncəki illərdən də bilirik ki, "Qarabağ" tədricən öz pik formasını yığır. Deməzdim ki, "Qarabağ" indi 100 faiz hazırdır. Bəli, pik formada olmadığı üçün də, əla oyun nümayiş etdirmədi.Amma buna rəğmən indiki vəziyyətində də, "Ludoqorets"ə uduzmamalı idi. Tam hazır olmasalar da, yenə də "Qarabağ" şanssızlığa görə uduzdu.

- "Qarabağ" Razqradda "Ludoqorets"i məğlub edərək mərhələ adlaya biləcək?

Asan olmayacaq. "Ludoqorets" təhlükəlidir, hiyləgər, fərdi keyfiyyətləri yüksək olan oyunçuları var. Ümidsiz də deyiləm. Məncə, "Qarabağ" öncəki illərdə olduğu kimi səfərdə də inamlı çıxış edəcək. "Qarabağ"a inamım böyükdür. "Ludoqorets"i səfərdə məğlub edib mərhələ adlasalar da, mənim üçün inanılmaz olmayacaq. Çünki "Qarabağ" güclüdür. Komandamıza inanıram, daha da yaxşı hazırlaşacaqlar və "Ludoqorets"i keçə bilərlər.

- "Qarabağ" əvvəlki illərdə bəlkə də "Ludoqorets" səviyyəsində "Sürix", "Ferentsvaroş" kimi komandaları məğlub edib. Yoxsa, "Ludoqorets"in daha güclü olduğunu düşünürsüz?

"Ludoqorets"i kifayət qədər təcrübəli və yaxşı komanda hesab edirəm. Amma demək olmaz ki, "Sürix" və "Ferentsvaroş"u keçmişiksə, "Ludoqorets" onlardan güclüdür...Bu cür qələmə vermək istəməzdim. Hər bir oyunun axarı olur. Biz "Sürix" və "Ferentsvaroş"u səfərdə udmuşduq. Amma bu o demək deyil ki, "Qarabağ" onlardan bir baş üstün idi deyə, səfərdə qələbə qazandı və "Ludoqorets"i də səfərdə rahat udacaq. Belə anlayış yoxdur. Hər üç komanda da hərəsi özünə görə güclü rəqiblərdir. Sadəcə burada bəxt amili rol oynayacaq. Oyununun axarı necə gedəcək, hakimliyin səviyyəsi necə olacaq...Bu cür amillə oyuna təsir edir. Komandamıza inanıram. Allah qoysa, mərhələni keçən tərəf "Qarabağ" olar. "Ludoqorets"in "Sürix" və "Ferentsvaroş"dan da bir baş üstün olduğunu da deyə bilmərəm. Hər oyunun öz axarı var. Təki, oyunumuz istədiyimiz kimi alınar və qələbə bizimlə olar. Düzdür, "Qarabağ"dan gözləntilər böyükdür. Xüsusən də, ötən mövsüm avrokuboklarda çox yaxşı oyunları oldu. "Qarabağ" pik formasında "Bayer"ə qarşı çıxış etdi. "Qarabağ" ötən mövsüm layiqli mübarizə aparmışdı. Amma o cür düşünmək lazım deyil ki, "Qarabağ" "Bayer"ə qarşı belə oynayıbsa, hər mövsüm onlardan ən azı yarımfinal, final, 1/4 final gözləməliyik. "Qarabağ" onsuzda çox üst futbol nümayiş etdirir. Çempionatın səviyyəsini nəzərə alaraq bunu deyirəm. Sadəcə o cür müqayisələr doğru deyil.

- "Qarabağ"ın meydan oyunçusu transfer etməməsi onların çıxışına təsir göstərir? Kadi Borgesin gedişindən sonra sanki həmin mövqe hələ də, axsayır. Razısınız? Hər halda, Leandro Andrade Kadi kimi oynaya bilimr...

- Nəinki onlar, top klublar da heyətlərini gücləndirmək istəyirlər. Bildiyim qədərilə, "Qarabağ" da 2-3 futbolçu istəyirdi. Bəzən elə olur ki, şərtlər uyğun gəlmir, bəzən futbolçular gəlmək istəmir. Ya da, reallıqdan uzaq olaraq, 3-4 dəfə yüksək şərtlər tələb edirlər. "Qarabağ" isə transferlərə həssas yanaşır. Əlbəttə ki, 2-3 futbolçu da komandaya qoşulsa, komandanın gücünə güc qatar. Əgər "Qarabağ"ı Çempionlar Liqasında görmək istəyiriksə, transferlərin olması labüddür. "Qarabağ" Avropada nə qədər səs salsa da, hər bir futbolçunu gözüyumlu bu komandaya dəvət etmək də olmur. Burada çempionatın səviyyəsinin çox da yüksək olmaması, azarkeşlərimizin tribunalara gəlməməsi səbəbi də təsir edir. "Qarabağ" 2-3 güclü futbolçu gələrsə, yaxşı olar. Bildiyim qədərilə, komanda bu yöndə çalışır. Amma bəzən istəklər üst-üstə düşmür. Ümid edirəm ki, bir neçə oyunçu çağırarlar. Bəli, Kadi Borges getdi. Leandro Andradenin bəzən yaxşı oyunları da olur. Amma mətbuatdan oxuyurduq ki, "Qarabağ" Kadini istəyirdi. Amma o, öz seçimini başqa klubdan yana etdi. "Qarabağ" heyətini gücləndirmək istəyir. Amma hərdən elə olur ki, dəvət göndərirlər, onlar gəlmək istəmir. Futbolçular isə reallıqdan uzaq yüksək pul istəyirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi