"İfratçılıq və fürsətçiliklə yox, milli vicdan və rasionallıqla, yüksək siyasi məsuliyyət və mədəniyyətlə seçkilərə getməliyik"
“Şərq”in növbədənkənar parlament seçkisi ilə bağlı budəfəki müsahibi Qərbi Kaspi Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyevadır. Professor V.Hacıyeva 34 saylı Xətai ikinci dairəsindən müstəqil namizəd olmaq üçün müraciət edib.
Onunla söhbətimizə keçməmişdən əvvəl məlumat üçün bildirək ki, professor Harvard Universitetində (ABŞ) və Karl-Franzens Graz Universitetində (Avstriya) elmi araşdırmalar aparıb. Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib. İki monoqrafiya və 50-yə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi konsaltinq firması olan “VH Konsaltinqi” təsis edib. Alimin atası Cümşüd Hacıyev (Türkel) Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, Türk Dünyası Birliyi Partiyasının qurucusu olub...
- Vəsilə xanım, ölkədə aparılan kadr və struktur islahatları və parlamentin buraxılmasından sonra qanunverici orqana iddialıların sayı xeyli artıb. Ümumən toplumdakı siyasi fəallaşmanı necə dəyərləndirirsiniz?
- Hələ 3 il əvvəl bir yazımda həm təbiət, həm də cəmiyyət qanunlarının tələbi ilə yaxın vaxtda belə bir dəyişikliyə məhkum olduğumuzu və bunun siyasi müstəvidə anlaşılan olduğunu yazmışdım. Bəli, bu, vaxtı çoxdan çatmış, lakin aparılması daxili və regional təhlükəsizlik təhdidləri ilə müşahidə olunduğundan bir qədər ləngiyən, zamanın qarşımıza qoyduğu dinc inqilabi prosesdir. Proses başlanğıcda bir çox dairələr tərəfindən şübhə ilə qarşılandı və müxtəlif rəqib siyasi dairələrin də müqaviməti ilə etimadsızlıq stereotiplərinin dağıdılması çətin oldu. Buna rəğmən, prosesin getdikcə legitimləşməsi xalqın müxtəlif təbəqələri, xüsusilə də ziyalı və orta təbəqə tərəfindən inam və dəstəyin artması ilə müşahidə olundu. Bu inamın əsasında ciddi kadr islahatları, parlamentin buraxılması, Mill Məclisin yenidən, xalqın sayğılı, izzəti-nəfsli nümayəndələri tərəfindən formalaşmasını hədəfləyən siyasi iradə durur. Etiraf etmək lazımdır ki, proses çox kövrək amillərə malikdir. İndiki məqamda ən vacib şərt gözləntiləri daha artıq səviyyədə doğrultmaqdır. Cəmiyyətin indiki siyasi fəallığı və digər qonşu ölkələrdən fərqli olaraq məhz dinc islahatlar mədəniyyətini göstərməsi bizim üçün çox böyük bir şansdır. Vəzifəmiz Azərbaycan xalqının bizə verdiyi bu şansı minnətdarlıqla qəbul edib, düzgün dəyərləndirməkdir. Parlament seçkilərini xalqın layiq bildiyi nümayəndələrini seçə bilməsi üçün yüksək siyasi mədəniyyətlə, demokratik prinsiplər və əxlaq normalarına müvafiq şəkildə keçirməliyik. Bu, sadəcə dövlət, hökumət və MSK yox, həmçinin seçkilərə qatılan bütün siyasi partiyalar və namizədlər qarşısında tarixi məsuliyyət qoyur.
- Seçkiyə qatılmaq qərarınız hansı proseslərdən qaynaqlandı? Nədən buna ehtiyac gördünüz?
- Siyasi elm və fəlsəfə öyrənənlər böyük yunan mütəfəkkiri Platonun bir fikri ilə yaxşı tanışdır. O deyir ki, siyasəti mənfur sayıb ondan kənar duran, boynuna siyasi öhdəliklər götürmək istəməyən filosofun ən böyük cəzası, yumşaq dillə desək, yerində olmayanlar tərəfindən idarə olunmasıdır. Mənim seçkiyə qatılmağım, sadəcə, Milli Məclisin deputatı olmaq şansını sınağa çəkmək deyil. Məqsədim nəticənin nə olmasından asılı olmayaraq, geridönməz və yüklü bir siyasi fəaliyyətə start verməkdir. Bu, sadəcə, gedən dəyişikliklər prosesində yaranmış şəraitdən istifadə yox, mənim bütün həyat yolumun təxirə salınmayacaq bir məqamıdır. Eynən cəmiyyətin yaşadığı siyasi dəyişikliklər kimidir. Tərcümeyi-halıma baxsanız, aktiv siyasətə başlamamın yetişmiş bir missiya olduğunu anlayarsınız. Bu missiyadan boyun qaçırmaq, öhdəliklərdən çəkinmək vicdansızlıq olar. Məni yetirən, formalaşdıran valideynlərimin və müəllimlərimin qarşısında, böyük ideallarla 30 ilə yaxın siyasət öyrənmiş Vəsilə Hacıyevanın qarşısında üzümü qara edər.
- Parlamentdə, xüsusən yeni namizədlər arasında “gənc-yaşlı” söhbətini necə dəyərləndirirsiniz?
- Azərbaycanda islahatlar “gəncləşmə” tezisi ilə müşayiət olundu. Fikrimcə, bu da qanunauyğundur. Çünki onillərdir cəmiyyətdə köhnə nəslin hegemoniyası hökm sürürdü. Tək siyasətdə və bürokratik sistemdə yox, ictimai sistemin bütün sferalarında belə idi. Cəmiyyət bir iyerarxik sistemdir və onun ali qurumu siyasi hakimiyyətdir. Siyasi elitada bir statiklik varsa, cəmiyyətin hər tərəfində eyni situasiya olacaq. Həmçinin, siyasi elitanın formalaşması meyarları da yuxarıdan aşağıya yoluxaraq yayılacaq. Yəni, elita patriarxal prinsipləri nümayiş etdirirsə, müəyyən yaş nəslinin, icmanın, təbəqənin inhisarındadırsa, eyni meyarlar bürokratik, iqtisadi, mədəni və digər sferalara da tətbiq olunacaq. Hazırda bu meyarlar kimi onların formalaşdırdığı elitar qruplar da qocalıb və ziyana işləyir. Azərbaycan xalqı on il əvvəlki xalq deyil. Qadını ilə, orta yaşlısı və gənci ilə birlikdə dəyişməkdədir. Onları saydığım meyarlarla formalaşan siyasi, iqtisadi, akademik, mədəni elitalarla necə idarə etmək olar? Bu, 2019-da istehsal olunmuş yeni model maşına 30 il əvvəlki nəsil maşının motorunu qoymağa bənzəyir. Təbii ki, olmaz. Amma təcrübədən çıxmamış maşını dövriyyəyə buraxmağa icazə yolverilməzdirsə, indi təsəvvür edin ki, insanların, xalqların, millətlərin taleyini həll edən siyasət institutunda bu cür “gəncləşmək” küyçülüyü və bu küyçülüklə irəliləmək nələrə gətirib çıxara bilər..
- Yəni "gəncləşmə"nin kortəbii aparılmasının ziyanlı olacağı qənaətindəsiniz?
- Xalqına, dövlətinə şərəflə xidmət etmiş, böyük təcrübəyə və biliyə malik müdrik dövlət xadimləri bir millətin dəyərləridir və onlar qorunmalıdır. Belə təcrübəli mütəxəssislər bütün dünyada və bütün sferalarda sona qədər istifadə olunurlar. Müşavir kimi, məsləhətçi kimi onlardan yararlanırlar. Yüklü vəzifə öhdəlikləri olmur, amma qətiyyən tamamilə kənarlaşdırılmırlar.
- Bəs siyasətdə "gəncləşmə" necə həyata keçirilməlidir?
- Gəncləşmək demək, siyasət kimi müdriklik sferasında estafetin yaşlı nəsildən daha çox orta nəslə ötürülməsi kimi anlaşılmalıdır. Gənc dedikdə müəyyən akademik və praktik bazaya malik, lakin entuziazmı və enerjisi olan, müasir dünyagörüşün daşıyıcıları olan mütəxəssislər başa düşülməlidir. Bəli, məhz mütəxəssislər! Bu, hələ nə siyasəti, nə də sosial orqanizmi doğru-dürüst öyrənməmiş, həyata yeni atılmış, milli, dövləti məsuliyyəti dərk edəcək yetkinliyə çatmamış yaşdakı gəncliyə ölkənin sükanını vermək anlamı kəsb etmir. İfratçılıq və fürsətçiliklə yox, milli vicdan və rasionallıqla, yüksək siyasi məsuliyyət və mədəniyyətlə seçkilərə getməliyik.