azia.az
azia.az

Fazil Mustafadan Naxçıvanla bağlı sensasion fikirlər: “Həm Ali Məclis, həm Nazirlər Kabineti...."

27-08-2023, 14:00

“Biz bu məsələdə bir az  ləngidik, boşluqlar buraxdıq"

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın hadisələrə münasibəti adətən, bir çoxlarından fərqlənir, orijinallığı ilə seçilir. Odur ki, “Yeni Müsavat”a müsahibəsində əvvəlcə son günlərin ən aktual mövzusu olan Priqojin olayına münasibətini bilmək istədik. Amma təbii ki, ölkəmizin əsas problemlərindən, o cümlədən 30 ildən çoxdur blokadada olan Naxçıvanla bağlı məsələlərdən də danışdıq.

- Fazil bəy, deyirlər bütün müqayisələr uğursuzdur, amma terrora məruz qalan Fazil Mustafanın Priqoyin olayına münasibəti necədir? Bu hadisənin arxasında kimlərin dayandığı qənaətindəsiniz?

- Terror aktının baş verməsi daha çox nəyi göstərir? Kənarda hakimiyyətə iddia edən, müəyyən dərəcədə əlində güc imkanları olan bir qüvvənin mövcudluğu heç bir hakimiyyət üçün qəbuledilən deyil. Ona görə də bu qüvvənin hansısa formada sıradan çıxarılması zəruridir. Məsələyə bu məntiqlə yanaşıram. Bunu hansısa xarici ölkənin xüsusi xidmət orqanlarının törətməsi ehtimalı azdır. Çünki onlar üçün də maraqlı idi ki, Rusiya daxilində belə bir güc mərkəzi hansısa qüvvənin əlində toplansın və mövcud rejimlə onun toqquşması gerçəkləşsin. Bu baxımdan da çox güman ki, hadisəyə “daxili məsələ” kimi yanaşılmalıdır. Özündə təhlükə riski daşıdığına görə, çevrə və ətrafda çox sayda insanlar müəyyən dərəcədə Priqojinin zəmanəti ilə vəzifələrə yerləşdiyinə, müəyyən imkanlar əldə etdiyinə görə bu, uzun müddət onun obrazında  birləşdirici faktoru saxlamaq heç bir hakimiyyət, o cümlədən Rusiya hakimiyyəti üçün əlverişli deyildi. Ehtimal daha çox bunun üzərində gedir. Priqojin əslində xaraktercə inqilabçı deyildi, qiyamçı idi. Yəni inqilabçı mahiyyətcə proqrama sahib olur, hansısa bir sistemin dəyişib, yeni bir sistemlə əvəz edilməsinə çalışan, müəyyən şəkildə də intellektual hazırlığa sahib olan qüvvənin təmsilçisi olur. Amma Priqojin epizodik qiyamçı idi. Konkret situasiyada hakimiyyət içindəki ayrı-ayrı qüvvələrlə maraqları toqquşduğuna görə bu qiyamı etməyə məcbur olmuşdu.

- Bir az da “ağqvardiyaçı” təsiri bağışlayırdı...

- Bəli, məhdud imkanları ilə bunu həyata keçirməyə çalışırdı. Elə “ağqvardiyaçılar”ın özlərinin də əslində məğlub olmasının səbəbi proqramsız olmaları idi. Yəni onlar da konkret olaraq nəyisə bərpa etmək istəyirdilər, nəyisə qurmaq istəmirdilər. Çar hakimiyyətinin hansısa formada bərpasına çalışırdılar. Bərpa istəyənlər çox vaxt uduzurlar. Daha çox konkret məqsədə hazır olan qüvvələr fərqli bir rejim qurmaq istəyənlər uğur qazana bilər. İranda da şah rejiminə qarşı mübarizədə eyni bir metodu yeni bir rejim qurmaq istəyən şəriətçilər əldə edə, uğur qazana bildilər. Priqojinlə bağlı belə bir risk yox idi. Priqojin Rusiyada faktiki olaraq elitaya təsir göstərə biləcək, elita içində ən azı öz qüvvələrini birinci şəxs zəminində irəlilətmiş, onlara pul qazandırmış, vəzifə vermiş bir mövqeyə sahib idi. Ona görə də bu bənd, bu düyün qırılandan sonra artıq onların hansısa formada birləşmək imkanları olmayacaq. Bu baxımdan da məncə, hadisənin əslində baş verməsinin istiqaməti bu kontekstdən daha çox aydın olmalıdır.

- Necə bilirsiniz, bu həm də Putinə qarşı törədilmiş terror aktıdır, yoxsa Rusiya prezidentinin də içərisində rol aldığı və ya rəhbərlik etdiyi ssenaridir?

- Əslində Putinə qarşı atılan addım deyildi. Onun müəyyən dərəcədə maraqlarına uyğun olan addım idi. Əlbəttə ki, razılaşdırılıb. Bu,  avtomobil qəzası deyil. Təyyarə qəzasıdırsa, belə qəza nadir hallarda və bu cür baş verir. Bu qəzanı da hansısa “KamAz” sürücüsünün digər avtomobilin qabağına verib əzməklə gerçəkləşdirmək mümkün olmur. Burada başqa meyllər ola bilər. Amma biz ehtimalları danışırıq. Priqojinin əslində Afrikadakı fəaliyyəti özünün Rusiyadakı təhlükəli obrazını ört-basdır etmək məqsədi daşıyırdı. Yəni “Rusiya üçün təhlükə deyiləm, əksinə, xaricdə Rusiyanın marağını qoruyan adamam” görüntüsü yaratmağa çalışırdı. Məncə, Priqojin elə qiyam qaldıran vaxt onun taleyi ilə bağlı qərar verilmişdi. Sadəcə, vaxt keçməli və hansısa fürsət dəyərləndirilməli idi.

“Zəngəzur dəhlizindən keçməklə Naxçıvana gediş-gəlişimizlə bağlı təbliğatımızı qura bilmədik”

- Fazil bəy, qayıdaq ölkəmizə. Parlamentin payız sessiyasından nə gözləmək olar?

- Payız sessiyası yəqin ənənəvi proqram üzrə öz işinə başlayacaq, qanunverici işlər planı tutulur. Qanunvericiliyə  görə fəaliyyətlər əsasən, 15 sentyabrdan başlayır. Əslində payız sessiyalarının ən aktual məsələsi büdcə layihəsinin müzakirəsidir. Büdcə hansı formada təqdim olunacaq və bu müzakirələr hansı effektli şəkildə gedəcək? Yəni payız sessiyasının ağırlığı büdcə üzərindədir. Ona görə də diqqət daha çox bu məsələyə yönələcək.  

- Budəfəki büdcə müzakirələrində Xankəndi və digər ərazilərimizdə yaşayan mülki ermənilərlə bağlı vəsaitin ayrılması nəzərdə tutula bilərmi? Yeri gəlmişkən, Qarabağdakı qondarma rejim Ermənistandan kredit alacağını elan edib. Gedişat nəyi göstərir: dinc yollarla separatçıları islah etmək mümkün olacaq, yoxsa növbəti dərs zərurəti var?

- Bunu söyləmək  tezdir, biz situasiyaya görə dəyişiklik edəcəyik. Ola bilsin, mümkün oldu, 1-2 aya separatçılar müəyyən dərəcədə geri çəkilməli oldular və Azərbaycan vətəndaşlığını qəbul edən insanlarla bizim təmasımız yarandı. Bu vəziyyətdən asılı olaraq alınan qərardır, ona görə də indidən irəli qaçıb, bunu söyləmək olmaz. Qarabağdakı məsələlərin hər hansı formada həlli olmasa da, onun bu biçimdə davam etməsində maraqlı olmalıyıq. Çünki səbri daşan biz deyilik, biz situasiyaya nəzarət edən mövqedəyik. Orda gecikmə artıq ermənilər üçün böyük  problemdir. Nə qədər tez ram olsalar, Azərbaycan qanunlarına tabe olsalar, özlərinin  qeyri-müəyyən vəziyyətini düzəltmiş olacaqlar. Amma onlar nəyəsə ümid edərək buna davam edəcəklərsə, onların mövqeləri get-gedə zəifləyəcək və zərbəni onlar alacaqlar. O baxımdan da hələ büdcədə bu məsələ, yaxud konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan danışmaq tezdir. Amma elə də ola bilər ki, vəziyyət konstitusiya dəyişikliklərindən tutmuş, digər məsələlərə qədər bir sıra nüansları nəzərə alaraq ciddi addımları ata bilərik. Ona görə də bu, hələ indidən proqnozlaşdırılası məsələ deyil. Ehtimal olaraq deyə bilərik ki, onlar geri çəkiləcəklər, başqa çıxış yolları yoxdur.    

- Rusiya pasportu gəzdirən ermənilərin Qarabağdan kütləvi çıxışı haqda təhliliniz necədir?

- Bəlli bir ideya ilə uzun müddət insanları maddi maraqları üzərindən bir yerdə saxlamaq mümkün deyil. Artıq praqmatik insanların çoxu anlayır ki, ya burda yaşayıb tabe olmalısan, ya da dar dairədə uzun illər mübarizə aparmaq, sıxıntılara tab gətirərək qalacağını düşünməlisən. Burada təhsil, can güvənliyi və başqa məsələlər var. Ona görə də insanların xeyli hissəsi haqlı olaraq qərar qəbul edirlər ki, əgər Azərbaycanın tabeliyində olmaq istəmiriksə, o zaman gedib başqa yerdə yaşayışımızı quraq. Bu, təbii insan instinktidir. Bu instinktlə də onlar bu davranışla göstərirlər. Burada belə mülahizələr var ki, qəsdən mülki əhalini çıxarırlar. Əslində əgər belə bir niyyətləri varsa, bu, bizim tamamilə xeyrimizə işləyən amildir. Çünki biz hər hansı bir şəkildə mülki əhali ilə savaşan zehniyyətə sahib deyilik. Əgər qarşımızda tamamilə terrorçular duracaqsa, onda rahatlıqla bu problemi həll etmiş olacağıq.

- Tətil günlərində Naxçıvanda olduğunuzu gördük. Necə bilirsiniz, nə vaxta qədər Azərbaycan vətəndaşları çətinliklər, məhrumiyyətlərlə, yalnız hava yolu ilə Naxçıvana gedib-gələcək? Ağdam yolundan imtina edərək, Laçın yolunu tələb edən ermənilərin bu israrının qarşılığında niyə biz Azərbaycanın əsas hissəsinin 30 ildən çoxdur Naxçıvanla quru əlaqəsinin mövcud olmaması problemini ciddi müzakirə predmetinə çevirə bilməmişik?

- Bir şeyi qeyd edim ki, biz Naxçıvan problemini beynəlxalq aləmə çatdıra bilməmişik. Bu prosesdən istifadə edərək Zəngəzur dəhlizindən keçməklə Naxçıvana gediş-gəlişimizlə bağlı təbliğatımızı qura bilmədik. Biz oraya yük maşınlarını yığaraq, “Naxçıvana getməyə yol ver”, deyə ermənilərin Laçın yolu ilə bağlı səsləndirdiyi şüarı başqa formada, Azərbaycan dilində təkrarlayaraq, ingilis dilinə tərcümə edərək gündəmə gətirməliydik, dünyaya çatdırmalıydıq. Biz bu məsələdə bir az ləngidik, boşluqlar buraxdıq.

- Amma hələ də gec deyil...

- Mənə elə gəlir ki, hələ də gec deyil, bunu etməyimiz lazımdır. İkincisi, Naxçıvanla bağlı məncə, daxildə müəyyən məsələlərin həllini gecikdiririk. Xüsusilə də idarəetmə ilə bağlı bir konkretləşməyə ehtiyac var. Naxçıvanda faktiki olaraq hansı vəzifəli şəxsin hansı səlahiyyətə malik olması müəmmaya çevrilib. Bunu sürətlə həll etmək lazımdır ki, əhalinin problemləri ilə konkret səlahiyyətə və imkana malik olan qurumlar məşğul ola bilsinlər. Üçüncüsü,  Naxçıvanla bağlı ən vacib məsələlərdən biri qaz və işıq tariflərinə yenidən baxılmasıdır. Bu tarifləri aşağı salmaq lazımdır. Çünki işsizlik ciddi bir problem kimi qalmaqdadır. Naxçıvanda iş həyatını canlandırmaq çox çətindir. O baxımdan da ki, yol yoxdur. Yol olandan sonra rahatdır. Pivə istehsal etdin, harasa çıxarıb, satdın, bazarda rəqabət-filan məsələlərdə çətinlik var. Tekstil, yaxud ərzaq, kənd təsərrüfatı məhsulları... Yəni heç olmasa hansısa yerə çıxış imkanı olanda bunları edə bilirsən, insanlar bir az dirçələ bilər. Konkret olaraq iş adamları ora gedib investisiya qoysalar, bazar, yol olmayandan sonra bunu inkişaf etdirmək mümkün deyil və heç kim də buna maraq göstərməyəcək. Ona görə də son vaxtlar işsizlik xeyli artıb və insanlar bundan ciddi əziyyət çəkirlər, kommunal xərcləri belə ödəyə bilmirlər. Odur ki, ilk növbədə hökumət Naxçıvandakı tariflərə yenidən baxmalıdır, işıqla, qazla bağlı tariflər aşağı salınmalıdır. Biz elə bil ki, blokada olan bir bölgəmizə diqqət yetiririk. Həmçinin təyyarə biletlərinin qiymətinə  də baxılmalıdır. Bu məsələ olduqca vacibdir, çünki insanların sıxıntıları çox böyükdür. Burada birinci növbədə idarəetmənin sadələşdirilməsi variantına getməliyik və konkret məsuliyyət daşıyan idarəetmə mexanizmini qurmalıyıq. Çünki həm Ali Məclis, həm Nazirlər Kabineti, həm Prezidentin səlahiyyətli nümayəndəsi, həm nazirliklər var. Baş açmaq olmur, kim hara tabedir, kim haradan idarə olunur? Bu idarəetmə xaosunu mütləq aradan götürmək lazımdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi