azia.az
azia.az

“Ramiz Mehdiyevin çörək verdiyi adamlar çox etibarsız insanlardır”

5-05-2023, 08:32

“Birincisi, Ramiz Mehdiyevin ad günü aprelin 17-də idi, indi niyə keçirir, bilmirəm. İkincisi də onun ad gününə çağırılan adamların çoxunun məclisə gəlməməyi düzgün hərəkət deyil, onlar düz etməyiblər”.

Azia.az  
xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, politoloq Cümşüd Nuriyev deyib.

Müsahibimiz Ramiz Mehdiyevin 85 yaşını qeyd etdiyi ad gününə gələnlərin sayındakı azlıqdan, habelə R. Mehdiyevin ətrafındakıların ondan üz döndərməsindən söz açıb:

“Mənim Ramiz Mehdiyevə münasibətim birmənalı olmasa belə, onun ad gününə gəlməyənlərin hamısının məmur postu qazanmasında Ramiz Mehdiyevin xidməti olub. Yəni onlar ad gününə gəlməli idilər”. 

O, söyləyib ki, bu qədər bürokratik olmağa ehtiyac yoxdur:

“Onlar ad günündə iştirak etməli idilər. Mən demirəm ki, bahalı hədiyyə alsınlar, amma gəlib təbrik etməli idilər. Ramiz Mehdiyev yaşlı adamdır, bundan sonra nə qədər yaşayacaq, Allah bilir, çünki ömrü verən Allahdır. Lakin bütün hallarda Ramiz Mehdiyev onlar üçün çox iş görüb. Amma o, sonda gördü ki, onun çörək verdiyi adamlar çox etibarsız insanlardır”.

“O ki qaldı bahalı hədiyyələrin göndərilməsi iddiasına, qoy, göndərilsin. Çünki onlar nə qazanıblarsa, Ramiz Mehdiyevin hesabına qazanıblar. Yenə deyirəm, Ramiz Mehdiyevlə münasibətim birmənalı olmasa da, onun bu gün 85 yaşı var. Mən ona can sağlığı, uzun ömür arzu edirəm. Bizim münasibətlərimiz gərgin olub. İndi vəzifədə olmasa da, mən Ramiz Mehdiyevi başa düşürəm. Çünki vaxtilə bu, mənim də başıma gəlib”, - C. Nuriyev əlavə edib.

Müsahibimiz təəssüflənib ki, Azərbaycanda uzun illərdərn bəri belə bir yanaşma var:

“İnsanlar vəzifədə olanda onun dostları çox olur. Amma vəzifədən gedəndən sonra bir əlin barmağı qədər adam yanında qalır. Bu, çox pis bir şeydir və biz gələcək nəslə çox pis bir ənənə qoyuruq. Təəssüf edirəm buna”. 

“Ramiz Mehdiyevin hakimiyyətə təsirlərinə gəldikdə isə bunu deməkdə çətinlik çəkirəm. Amma, əgər onun yanına yüksək vəzifəlilərdən gedib-gələn varsa, deməli, hakimiyyətə təsirləri var. Mən onun yanına kimin gedib-gəldiyini bilmirəm, amma onlar Ramiz Mehdiyevi eşitməli idilər”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi