azia.az
azia.az

İsfəndiyar Axundov: “Kəmaləddin Heydərov mənə zəng edərək, deputat olmağımı təklif etmişdi…”

30-04-2022, 11:36

İsfəndiyar Axundov: “Kəmaləddin Heydərov mənə zəng edərək, deputat olmağımı təklif etmişdi…”
“Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundovun müsahibəsini təqdim edir:



— İsfəndiyar müəllim, bilirəm ki, siz mərhum Heydər Əliyevi hələ Naxçıvanda olarkən yaxından tanıyanlardansınız. İstərdik, Heydər Əliyevlə bağlı xatirələrinizi oxucularımızla da bölüşəsiniz…



— Bəli, doğru qeyd etdiniz. Ulu öndərimizlə dəfələrəkə görüşümüşəm. Bilirsiniz ki, o vaxtlar elə bir zaman, elə bir dövr idi ki, Azərbaycan dövlətçiliyi əldən getmək üzrə idi. O zaman ulu öndərimiz Naxçıvan Muxtar Respublikasına gəldi. Əlbəttə ki, o zaman Bakıdakı hakimiyyət onun ora gəlməsinə imkan vermirdi. Çünki bilirdilər ki, Azərbaycan xalqı Heydər Əliyevi prezident seçəcək. Məhz bu səbəbə görə də, ona imkan vermirdilər. Heydər Əliyev Naxçıvana gələndə orada vəziyyət çox ağır və çətin idi.



Bilirsiniz ki, Naxçıvan blokada vəziyyətində idi, silah-sursat belə yox idi. O vaxtkı hakimiyyətdə olan şəxslər Heydər Əliyevə qarşı hücum edirdilər. Buna baxmayaraq, millət ayağa qalxdı və Heydər Əliyevi göz bəbəyi kimi qorudu. Çünki Azərbaycan və Naxçıvan ziyalıları bir şeyi başa düşürdülər ki, Heydər Əliyev yoxdursa, demək, Azərbaycan da yoxdur. Ona görə Azərbaycan Xalq Cəbhəsi də gördü ki, bu millət Heydər Əliyevin tərəfindədir və ona qalib gəlmək olmaz. Heydər Əliyev Naxçıvana gəldikdən sonra oranı silahla, sursatla, ərzaqla, istiliklə təmin elədi.



— Sizin Heydər Əliyevlə görüşləriniz tez-tez olurdu?



— Bəli, biz dəfələrlə görüşmüşdük. Hətta, bir dəfə Heydər Əliyev Naxçıvanda, Sədərəkdə “Ümid körpüsü”nü açanda oranın tikinti materiallarını mən hədiyyə etmişdim. Yəni, məndən başqa kimsə yox idi. Əsasən dəmir materialları vermişdim. Xatırlayırsınızsa, ulu öndər Türkiyə prezidenti Turqut Ozalla çox yüksək səviyyədə “Ümid körpüsü”nü açdılar. Bundan sonra, sanki Naxçıvana nəfəs verildi. Təbii ki, Naxçıvan inkişaf etməyə və ermənilərlə döyüş qabiliyyətini artırmağa başladı. Erməniləri öz yerində oturtmağı bacardı.



Bilirsiniz ki, həmin vaxtlar Bakıda da vəziyyət çox qarışıq idi. Artıq qardaş qırğını ola bilərdi. Satqınlar hər tərəfdən çevriliş etmək istəyirdilər, yəni vəziyyət çox çətin idi. Bunun öhdəsindən yalnız Heydər Əliyev gələ bilərdi. Keçmiş prezident Əbülfəz Elçibəy o vaxt özü də başa düşürdü ki, bu vəziyyəti idarə edə və ölkəni xaosdan çıxara bilməyəcək. O zaman Azərbaycanın ziyalıları yığışıb Naxçıvana gəldi. Ulu öndərdən hakimiyyətə gəlməsini xahiş etdilər. Ulu öndər yaşının ötdüyünü bildirdi və dedi ki, bu yaşda işləmək istəmir. Buna baxmayaraq, ulu öndər bir şeyi düşündü. Dedi: “Özümü də, balalarımı da bu dövlət yolunda qurban verməyə hazıram”. Ona görə də, əlini-qolunu çırmaladı, Bakıya gəldi.



Siz xatırlayırsınız ki, o illərdə rəhmətlik Heydər Əliyev Milli Məclisə gedən zaman onun çörək verdiyi insanlar ulu öndərin danışmasına imkan vermirdilər. Ancaq başa düşmürdülər ki, Heydər Əliyevə nə təsir etmək, nə güc göstərmək olar. Nə də onu təsir altına salmaq olar. İnsanlar Heydər Əliyevi o qədər sevirdi ki, tək ümid yerləri Heydər Əliyevə idi. Əgər Heydər Əliyevi müdafiə etsələr, Azərbaycanı müdafiə edə bilərlər. Heydər Əliyevi müdafiə edə bilməsələr, Azərbaycan əldən gedəcəkdi. Azərbaycanın 80-90 faizi belə düşünürdü və yaxşı başa düşürdülər ki, hər yerdə satqınlar var.







“Şərurlu İsfəndiyar”: “Əbülfəz Elçibəy ətrafındakı satqınların əlindən canını götürüb Kələkiyə qaçmışdı…”



— O zamanlar Əbülfəz Elçibəy də Kələkiyə qaçmışdı. Bu proseslərdən necə məlumatlı idiniz?



— Əbülfəz Elçibəy də lider bir insan idi. Yaxşı bilirdi ki, qardaş qırğını tökmək olmaz və ətrafındakı satqınların əlindən canını götürüb Kələkiyə qaçmışdı. Sanki ətrafı onu nəyəsə sürükləmək istəyirdi. Yəni, xalqa qarşı güc eləsin, güc göstərsin. Amma Elçibəy buna getmədi, əksinə gedib kənddə oturdu. Dedi ki, ölkəni idarə etmək bizim çərçivəmizdə, gücümüzdə olan bir iş deyil. Qoy meydan yiyəsi meydanda otursun. Əbülfəz Elçibəyin də uzaqgörənliyi orada oldu ki, o bunu dərk elədi. Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya çağıran zaman ona xeyir-dua verdi, maneə yaratmadı. Sonradan Əbülfəz Elçibəy yenidən Bakıya qayıtmışdı, amma hakimiyyətə gələcək dəstəyi olmadı. Onun gücü, çərçivəsi ora qədər idi. Əbülfəz Elçibəyə təzyiqlər çox idi. Bir dəfə ona sual verilmişdi ki, siz nə üçün ətrafınızı belə zəif adamlar yığmısınız. Əbülfəz də demişdi ki, mənim dalımca gələnlər elə bunlardır…



Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra siz təsəvvür edin ki, hər şey dəyişdi. Hətta, Heydər Əliyev dünyasını dəyişəndə bütün Azərbaycan ayağa qalxmışdı. O zaman mənim diqqətimi bir şey cəlb elədi. Yaşlı bir qadın yabanı gül tapıb, ağlaya-ağlaya ulu öndəri ziyarət etməyə gedirdi. Onun imkanı ona çatırdı. Hər bir insan başa düşürdü ki, Heydər Əliyev Azərbaycanın ürəyidir. Azərbaycanın canıdır, Azərbaycanın düşünən beynidir. Çünki o dərdi çəkmək, bu yükü götürməyi hər bir insan qəbul edə bilmirdi ki, Heydər Əliyev gedəndən sonra görəsən Azərbaycanın taleyi necə olacaq? İdarə olunacaq-olunmayacaq!? Ancaq Allaha şükürlər olsun ki, Heydər Əliyevin qanının, canını daşıyan, bənzəri, eynisi, onun dediklərini həyata keçirən bir insan dünyaya gəlmişdi. O da Azərbaycanın Qarabağını azad elədi. O da Heydər Əliyevin adına yazıldı, çünki onun vəsiyyəti idi. Ona görə də, İlham Əliyev həmişə deyərdi ki, mən Qarabağı azad etdim.



Açıq demək lazımdır ki, insanlar tam inanmırdı ki, Qarabağ bu qədər tez azad olunar. Əksəriyyət deyirdi ki, Qarabağ 30 ildir işğaldadır, necə geri alınacaq? Bu münaqişənin arxasında böyük dövlətlər durub. Bu, necə olacaq?



Siz təsəvvür edin Ali Baş Komandan İlham Əliyev vaxtında tarixi addım atdı, atası Heydər Əliyevin bu vəsiyyətini də həyata keçirdi.



Bu gün ulu öndər Heydər Əliyev ürəyimizdə yaşayır. Ruhu Azərbaycanda yaşayır. O, şaddır, o xoşbəxtdir ki, belə bir dövlət qurdu. Bu qədər də insanlar onu sevir, min illər keçsə də, necə ki, Azərbaycan var, həyat var, yaşayış var. Daim Heydər Əliyevin sevgisi insanların ürəyində olacaq. Çünki həm özü, həm də oğlu elə bir tarix yazdı ki, bu millət onu əsla unuda bilməz. Heç kəs yaddan çıxara bilməz. Azərbaycan tarixində belə bir şey olmamışdı ki, verilən torpaq geri qayıtsın. Siz təsəvvür edin ki, Bakı-Ceyhan kəməri çəkilən zaman hansı təxribatlar yarandı. Onu qorxutmaq istəyirdilər ki, bundan geri qayıtsın. Siz bilirsiniz, burada böyük dövlətlərin əli var idi. Başa düşən, milətini sevən, təmiz azərbaycanlı, qanı təmiz olan insan Azərbaycanın bir çiçəyinin belə qırılmasına razı olmazdı. Çünki bu millətindir, xalqındır, bizimdir. Valideyndən də, atadan da, övladdan da əziz olan torpaqdır. Gördük, o vaxtlar Azərbaycan millətinin başına hansı faciələr, oyunlar gətirildi. Əgər ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, bu faciələr yenə də davam edəcəkdi. Azərbaycanı tam işğal etmək, regionlara bölmək, yəni bu tamamilə böyük dövlətlərin proqramı idi. Ancaq bu gün elə bir dövlət qurmuşuq ki, elə bir prezidentimiz var ki, bunun da fundamentini quran rəhmətlik ulu öndər Heydər Əliyevdir. Bu qədər az müddətdə belə güclü dövlət bəlkə də dünyada qurulmamışdı. Ona görə, biz həmişə xəyalımızda, qəlbimizdə, ürəyimizdə ulu öndəri saxlayırıq. O bizimlə yaşayır. Bizim sevincimizə şərikdir. Biz də xoşbəxtik ki, Azərbaycanda yaşayırıq. Belə bir qürurlu dövlətin nümayəndələriyik.



— İsfəndiyar müəllim, bu gün işğaldan azad olunan ərazilərdə tikinti və quruculuq işləri görülür. Qarabağda aparılan tikinti-quruculuq işlərində siz necə təmsil olunursunuz?



— Bizim böyük proqramımız var. Öz fikirlərimizi dövlətə demişik və növbədəyik. Həm kənd təsərrüfatı, həm də maldarlıq, tikinti və turizm üçün yerlər ayrılmasını ilə bağlı İqtisadiyyat Nazirliyinə, Kənd Təəsərüfatı Nazirliyinə ərizələrimizi təqdim etmişik. Bizə növbə ayırıblar. Bilirsiniz ki, hələlik tam şəraitdə ora getmək mümkün olmur, çünki ermənilər hər yeri minalayıb. Əgər mina olmasaydı, bu gün Azərbaycanın 30-40 faizi orada olardı. Hamının da marağındadır ki, orada işləsin və Qarabağımızı inkişaf etdirsin. Amma bu gün hələlik Qarabağ ermənilərin basdırdığı minalardan təmizlənir, hazırda ora getmək təhlükəlidir. Minalar təmizlənəndən sonra Qarabağda planlarımız böyükdür.



İsfəndiyar Axundov: “Xocalıya getmək mənim ən böyük arzumdur”



— Bir iş adamı kimi Qarabağda binalar tikmək arzunuz varmı?



— Əlbəttə ki, var. Əsasən də Xocalıda. Xocalıya getmək mənim ən böyük arzumdur. Erməni terrorçuları millətimizə qarşı Xocalıda qırğın törədiblər. Xocalı faciəsi bizim ürəyimizdən heç zaman çıxmayıb, çıxmayacaq. Heç olmasa biz Xocalını görək, Xocalıdan sonra Xankəndini də görərik. Xankəndi də Qarabağın ürəyidir. Bilirsiniz, bu gün bizim ordumuz Fərrux yüksəkliyini və başqa yüksəkliklərdə öz postlarımızı yerləşdirib. Heç bir qüvvənin gücü çatmaz Azərbaycana ki, oradan yenidən bir qarış da olsun torpağımızı alsınlar.



Bu gün Azərbaycanda müxalifət də lazımdır, ancaq ölkəmizdə prezidentimizə, dövlətimizə qarşı dayanan satqınlar da var. Bu insanlar dövlət tərəfindən olmasa da, insanlar tərəfindən də cəzalandırılmaldır. Çünki xəyanət edənlərin cəzasını xalq verməlidir. Bu Vətən uğrunda nə qədər qanlar tökülüb.



— Bəs Şuşa ilə bağlı hansı planlarınız var?



— Hələlik Şuşaya getmək mənə nəsib olmayıb. Amma mənim yetirməm orada çox yüksək səviyyədə görülən tikinti-quruculuq işlərinə nəzarət edir. Bu gün mən də Şuşaya getməyi çox istəyirəm, amma yaşım imkan vermir. Avtobusla getmək də çətindir mənim üçün, yaşlı adamam. Gözləyirəm ki, vəziyyət düzəlsin, şəxsi maşınımla gedim. Çünki avtobusların özünün proqramı var, istədikləri yerdə dururlar. Bu isə mənə imkan vermir. İnşallah, sərbəst yol açılanda gedəcəm.



— Ali təhsiliniz yoxdur, amma uğurlu iş adamı kimi tanınırsınız. Bunun sirri nədədir?



— Mən açığı deyim ki, heç orta məktəbdə birinci sinifə belə getməmişəm. Fəhlə, sonra bənna olmuşam. Hazırda Türkiyədə, Bakıda yüksək mərtəbələr binalar tikirəm. Mən elə mühitdə yaşamışam ki, atam partizan Mehdi Hüseynzadə ilə bir yerdə döyüşüb. O vaxt atam 7 il müharibədə iştirak edib. Sonra 50 yaşında gəlib evlənib və 8 uşağı olub, vəziyyət çətin olub. Bizim kəndin sakinlərini vaxtilə ermənilər zəbt edib və valideynlərimizi oradan sürgün ediblər. Hər şeylərini əllərindən alıblar. Ona görə də, mənim orta məktəbə getməyə imkanım olmayıb. Mən 22 yaşına qədər dağda yaşamışam, mal-qara otarmışam. Sonra kəndə getmişəm və bir ay fəhlə, 2-ci ay bənna işləmişəm, çox məşhur bənna olmuşam. Həyata sanki sevgi ilə baxmışam. Necə yaşamaq lazımdır, necə qabağa getmək lazımdır, bunun sirrlərini öyrənmişəm. O vaxt yaşlı adamlar üçün gecə məktəbi var idi, insanlar gedib oxuyurdular, mən də ora adımı yazdırmışam. Bizim kənddən 7 kilometr məsafədə məktəb var idi. Adımı yazdırdım, on gündən bir getdim və sonra attestat aldım. Sonra getdim adam tapdım və texnikuma adımı yazdırdım, diplom aldım. 6 aydan sonra məşhur "prorab" oldum. Hamı dedi vergi veriblər, amma hədəfim üçün öz üzərimdə çox çalışmışam, elə olub ki, gün ərzində 12-14 saat işləmişəm. Yəni, savadsızlıq kompleksim olmayıb. Amma harada ziyalı, oxumuş görmüşəm, onun yanına olmuşam, nəsə öyrənməyə çalışmışam. Vurma cədvəlini necə edirlər, bölməni necə edirlər və sair. Belə-belə nələrisə öyrənmişəm. Hətta, yollarda, avtobuslarda, dayanacaqlarda gözləmişəm ki, bir adam gəlsin, soruşmuşam ki, qardaş bunu necə vururlar. Yəni, mənim hədəfim olub, öyrənməkdən utanmamışam.



— Bakıya neçənci ildə gəlmisiniz?



— Bakıya 1993-cü ildə gəlmişəm. Bakıya gələndə burada heç bir tanışım olmayıb. Bir telefonla adamla tanış olmuşam. Deyib ki, pul gətirmisən? Demişəm ki, yox, ağlımı gətirmişəm. Deyib necə yəni? Siz pul gətirməyə-gətirməyə necə pul qazana bilərsiniz? Mən dedim elə bir insanam ki, birinci həftəyə qazandığım pula bir maşın aldım. Tanımadığım bir adama bələdçilik elədim. Sonra biri ilə tanış oldum. O, Bakını yaxşı tanıyırıdı. Ona dedim ki, nə qazansam, əvəzini qarşılyacağam. Bir ayda 200 min dollar qazandırdım. Amma həmin adam bir manat belə mənə vermədi. Yenə də Bakının yolunu tanımaya-tanımaya işləməyə başladım. Yəni, insan hər şeyə qadirdir. İnsanda Allah-təalanın verdiyi xüsusi bir istedad var, bacarıq var. İnsan tənbəl, yalançı olmamalıdır. Düz yolla getməlidir, əyri yollara əl atmamalıdır. Əyri yolla gedən adam çox gedə bilməz. Axıra qədər getməlisən və düz getməlisən. Bu günə qədər nə sürücüm, nə də mühafizəçim var. Alış-verişə də özüm gedirəm. Bazarda insanlar məni görəndə “İsfəndiyar müəllim, özünüz bazarlıq edirsiniz?” deyə sual verirlər. Deyirəm, əlbəttə özüm edirəm. Kim etməlidir? Heç kəsdən qaçmıram. İndiyədək heç kəsi aldatmamışam. Çox bina tikən adamlar olub, onların çoxu fırıldaqçılığına görə həbs edilib, amma mənim başım ucadır, heç kəsi aldatmamışam, ona görə də bu gün sərbəst gəzirəm.



“Dedilər daxili işlər naziri Ramil Usubovdur, səni çağırır…”



— Nazir dostlarınız var?



— Bilirsən, bütün qapılar mənim üzümə açıqdır. Bir dəfə oturmuşdum, telefonuma zəng gəldi. Dedilər daxili işlər naziri Ramil Usubovdur, səni çağırır. Getdim gördüm Kəmaləddin Heydərov, prokuror və Hacıbala Abutalıbov da oradadır, iclas gedir. Nazirlər mənə dedilər ki, millətə, dövlətə köməyin lazımdır. Bir tikinti şirkəti 1000-dən çox adamı aldadıb, pulunu alıb. İndi də camaat yığılıb, mitinq edirlər. Bu insanları mənzillə təmin etmək lazımdır. Mən bir ay müddətinə 1054 adamı mənzillə təmin etdim. Ortadan illər keçdi. Son zamanlar dövlət tərəfindən yenə məni çağırdılar. Dedilər ki, 100 minə yaxın insanı aldadıblar. Onlar yenə evlə təmin elə. Mən təmin etdim, yenə də davam edirəm.



“Fırıldaqçı tikinti şirkətlərinin rəhbərləri guya Quran oxuyurlar, ofislərində görüntü üçün namaz otağı düzəldirlər…”



— Bir mənzili bir neçə adama satan fırıldaqçı şirkətlər yenə var?



— Bəli, hələ də var. Bilirsiniz, belələri hər zaman olub. Yəni, dünən də var, bu gün də, gələcəkdə də olacaq. Bunlar insanları aldatmaq üçün yaranıb. Həmin fırıldaqçı tikinti şirkətlərinin rəhbərləri çox gözəl geyinir və ailəsini boşayır, uşaqlarının adına heç nə saxlamır. Allahın adından, guya Quran oxuyurlar, ofislərində görüntü üçün namaz otağı düzəldirlər. Yəni, özlərini müştərilərə “Allah adamı” kimi göstərirlər. Maraqlısı budur ki, bu adamlar hüquqşünası, vəkili, hakimi, polisi də də aldada bilirlər. Bunlar insanlarla necə danışmaq lazım olduğunu gözəl bilirlər. Milyonlarla pulu mənimsəyib həbsxanaya düşürlər, sonra 7-8 il yatıb çıxırlar, 15-20 milyon götürüb sonra pulları xərcləyirlər. Bu gün bu sahədə qanunlarımızda ciddi boşluqlar var. Biz Türkiyədə də işləyirik. Türkiyədə qanunlar çox sərtdir. Kimsə gedib bina tikirsə, onun hesabında ən azı 100 milyon vəsaiti olmalıdır. Eyni zamanda həmin tikinti şirkətlərindən tələb olunur ki, bundan öncə inşa etdiyi binaları göstərsin. Əgər əvvəlki binalarda problem olubsa, bu araşdırılır, şikayətlər yoxlanılır, sonra icazə verirlər.



Hətta, Rusiyada da tikinti zamanı sərəncam verən orqan bunu ciddi nəzarətə götürür. Yəni, ancaq bir bankla işləyə bilərsən. Ev almağa gedəndə, birinci getməlisən şirkətə, sonra getməlisən sərəncam verən orqandan icazə almalısan. Yəni, orada mənzili ikinci adama sata bilməzlər. Daim nəzarət edirlər ki, nə qədər pul qoymusunuz və nə qədər satırsınız…



Amma bizdə 5 nəfər kartof satan yığışıb bir yerə bina tikir, sonra insanların pulunu mənimsəyib aradan çıxırlar.



O vaxt mən bu təcrübənin Azərbaycanda da tətbiq edilməsini daxili işlər nazirinə təklif etmişdim, ancaq Hacıbala Abutalıbov buna qarşı çıxdı, razılaşmadı.



— Bu görüş neçənci ildə olmuşdu?



- Haradsa, 5-6 il bundan qabaq. Bu gün də camaatı aldadırlar. “Gen” MMC adında tikinti şirkəti var, bu gün 360 nəfəri aldadaraq, milyonlarla vəsaiti mənimsəyib. İndi bu şirkətin rəhbəri də həbsxanadan çıxıb sərbəst gəzir. Belələri insanların psixologiyasını yaxşı bilir. Məsələn, guya ad günü, illik keçirir. Birinə televizor, xalça və sair. hədiyyələr verir, bütün müştəriləri ora yığır. Sonra isə insanları tora salır. İnsanları aldatmaq da bu insanların sənətidir.



— Bəs mənzil almaq istəyən insanlar bu cür işbazları necə müəyyən etməlidirlər ki, onların toruna düşməsinlər?



— İlk növbədə ayıq-sayıq olmaq lazımdır. Bu yaxınlarda mənzil almaq üçün şəhid ailəsi gəlmişdi. Gördüm ki, cavan qadındır, iki uşağı var. Həyat yoldaşı şəhid olub. Kömək üçün ona evin kvadratını 250 manatdan verdim. Bir müddət keçəndən sonra vergidən, prokurorluqdan zəng ediblər və məni şikayət ediblər. Görün nə baş verib? Xanım gedib rayona və qayınatası, qaynı buna deyib ki, səni aldadıblar və pulu yeyiblər. Bu da məni şikayət edib, bilirsiniz də hamı da məni tanıyır axı. Sonra qadın qayıdıb gəldi ki, İsfəndiyar müəllim qayınatam inanmadı ki, 250 manata ev verərlər. Ona görə də, məni qınadılar ki, pulu alıblar sənin əlindən. Ona görə də şikayət etdim. Sonra məndən üzr istədi və məsələ həll olundu. Yəni, işbazlar o qədər bu sahəni gözdən salıblar ki, hər adama inanmaq olmur.



Mənzil alan zaman ilk növbədə şirkətin əvvəllər tikdiyi binalara baxmaq lazımdır, gedib həmin binanın sakinləri ilə söhbət etmək, araşdırmaq vacibdir. Misal üçün, hazırda bizim tikdiyimiz binaların sayı 150-dən çoxdur. Oranın sakinlərindən soruşmaq lazımdır ki, burada sizi aldadan olub. Yoxsa, elə yalandan 5-6 nəfər yığıb ev guya ev tikir, belə olmaz.



— Bina tikən işbazları himayə edən məmurlar var?



— Xeyr. Məmurların buna ehtiyacı da yoxdur. Bu insanlar sadəcə sənətkardır. Bunlar ağıllarını ora istiqamətləndiriblər. Onlar insanları aldatmaq üzrə ixtisas sahibidirlər. Bədbəxtçilikdir. Onlar çıxır həbsxanadan, bir də gedir, yeyir, aldadır, yenidən girir həbsxanaya. Düzdür, bunların içində bəzən doğru insanlar da "yanır". Bir nəfər var idi, yaxşı oğlan idi. Yazıq layihə çəkib, möhürləyirdi. Yəni, öz işini görürdü. Onu da tutmuşdular, o yazığın günahı yox idi. Əslində, o mühəndis idi və işləyib pulunu alırdı. O bilməyib ki, bunlar aldadırlar. Layihəni alıb satırlar. Dövlət onu sonradan bağışladı.



“Bir mobil telefonum var, 10 ildir ki, onu dəyişməmişəm”



— Rəqibləriniz kimlərdir?



— Xeyr, rəqibim yoxdur. Mən bu haqda düşünmürəm, heç düşünmək də istəmirəm. Başımı salmışam aşağı, işimlə məşğulam. Heç yazılanlara da fikir vermirəm. Kim nə yazır, özü bilər. Bir sayt var idi, məndən yazmışdı. Dedim ay bala, bizdən sənə pislik keçib? Dedi ki, İsfəndiyar müəllim, sizdən yazandan sonra 60 min oxucum olub. Bağışlayın, ona görə yazıram. Elə yazırlar ki, insanları da inandırırlar.



İkincisi də niyə günah etməliyəm? Bir mobil telefonum var, 10 ildir ki, onu dəyişməmişəm. Sürücüm, mühafizəçim yoxdur. Qapım hər kəsə açıqdır, hamını da qəbul edirəm. Beş günlük dünyada rahat yaşamaq lazımdır. Elə adamlar var ki, 5 manat pulu, 5 nəfər isə mühafizəçisi var.



“Övladlarım deyir ki, ata kaş bizə bahalı maşınların əvəzinə Amerika təhsili verərdin”



— Helikopter aldığınızı da deyirdilər...



— O yazılanlara əhəmiyyət vermirəm. Bəli, uşaqlarım üçün bahalı maşın almışam. Lap vertolyot da alıram, axı bunların sizə nə aidiyyatı var?! Nə problemi var? Mənim çox böyük səhvlərim olub ki, uşaqlarıma "Lamborghini" almışam, amma uşaqlarım məndən çox ağıllıdırlar. Həmişə məndən xahiş edirlər ki, ata bizə pul vermisən, heç olmasa nəvələrinə pul vermə. Nəvələrimin ikisi də ABŞ-da oxuyur. Biri də bu yaxınlarda gələcək. Deyir ki, baba niyə bizə pul vermirsən? Deyirəm ki, atan icazə vermir. Deyir ki, baba, atama hörmət etmisən, Türkiyədə ev tikir. Deyirəm yox, mən ona Amerika təhsil verməmişəm. Övladlarım deyir ki, ata kaş bizə bahalı maşınların əvəzinə Amerika təhsili verərdin. Neyləyim? Şüurum ona çatmadı, amma sizin atanız sizə Amerikada təhsil verir…



İş adamı: “Necə olur ki, 100 milyonluq “Hollywood” onların gözünə görünmür, amma 1 milyonluq maşın alanda görünür?”



Pul gəldi gedərdi. Amma o təhsili sizdən heç kəs ala bilməz, əsas təhsildir. Bəlkə də səhv eləmişəm, heç bahalı maşınlar almaq lazım deyilmiş. Amma maraqlıdır ki, gördüyünüz “Hollywood” şadlıq sarayının dəyəri 100 milyondur. Axı necə olur ki, 100 milyonluq restoranım onların gözünə görünmür, amma 1 milyonluq maşın alanda görünür? Mənim özüm 10 ildir ki, "Lexsus" sürürəm. Bizim dövrümüz dəyişir. İndiki cavanlar bizdən ağıllıdır. Bizdən uzaqgörəndir. Onlar bilirlər ki, maşındansa yaxşı təhsil yaxşıdır…



Beş oğlum var, heç biri dövlət qurumda işləmir. Onlar da mənim kimi bu sahəni seçiblər.



— Deputatlığa namizəd olmaq istərdinizmi?



— Xeyr, heç qoysalar da istəmirəm. Bu gün dövlət desə ki, deputat ol, olmaram. Bilirsiniz, hər adamın öz işi var. İqtisadçı iqtisadiyyatla məşğul olmaldır, siyasətçi siyasətlə. İş adamı da öz işini görməlidir.



“Bəzi deputatlar gedib parlamentdə heykəl kimi oturublar”



— Amma bu gün Milli Məclisdə iş adamları da oturur...



— Bilirsiniz, bəzi deputatlar nə üçün Milli Məclisdə oturur? Özlərinin mülklərini qorumaq üçün. Amma mənə belə biznesimi qorumaq lazım deyil. Çünki mən bu dövlətin tapşırıqlarının, problemlərinin çoxunu həll edirəm. Öhdəliyimə düşənləri yerinə yetirirəm. Heyif olar ki, vaxtımı gedim orada keçirim. Burada dövlətə xeyir verirəm. Min nəfərə çörək verirəm. Asan deyil, maaşı ver, avansı ver. Gedim orada heykəl kimi oturum? Nolsun? Hər adamın öz işi var, siyasətçilər var, getsinlər etsinlər. Bəzi deputatlar gedib parlamentdə heykəl kimi oturublar. Deputat yox, insan olmaq lazımdır. Deputat olmaq asandır. Öz işində elə yanaşma etməlisən ki, dövlətə problem yaşatmayasan. Yəni, deputat olmaq fikrim yoxdur. O vaxtı Kəmaləddin Heydərov mənə zəng edib deputat olmağımı təklif etmişdi. Dedim ki, mənim deputat olmaq arzum yoxdur. Heç cəhd də göstəmərəm.



— Türkiyədə də biznesiniz var?



- Bəli, var. Böyük oğlum orada yaşayır və işləyir. Orada dostlarımız var. Deyirəm ki, bələdiyyə sədrinə hörmət edim. Deyir yox, mənim partiyama hörmət edin. Onlar doğurdan da dövlətinə, millətinə, partiyasına nə qədər sadiqdilər. Yəni, insanın iradəsi dözümü olmalıdır. Hər insan öz işini görməli, millətə, xalqa hörmətlə xidmət etməlidir. Hər insan öz gücü çatan daşı götürməlidir. Mən nə natiqəm, nə savadım var, nə dövlət siyasətinə qarışa bilərəm. İnsan bildiyi işin dalınca gedərsə peşman olmaz. Mən həmişə çalışmışam ki, bildiyim işin dalınca gedim.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi