azia.az
azia.az

“Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində hələ də Quma, Tehrana baxanların sayı kifayət qədərdir” - MÜSAHİBƏ

19-04-2023, 09:12

Deputat: “Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində hələ də Quma, Tehrana baxanların sayı kifayət qədərdir” - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:

 

- Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması etirazla qarşılanıb. Təklif edilir ki, Ermənistan bundan sonra beynəlxalq yarışlardan kənarlaşdırılsın. Yəni həm ev sahibliyi imkanı yaradılmasın, həm də onların idmançıları yarışlara dəvət edilməsin. Bu, mümkündürmü?

 

- İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempioantının açılış mərasimində Azərbaycan bayrağının nümayişkəranə şəkildə yandırılması erməni xislətinin, “mədəniyyətinin” bariz nümunəsidir, göstəricisidir. Ermənistanın baş naziri Nikol Paşinyanın və siyasi elitanın, beynəlxalq təşkilatların nümayəndələrinin qarşısında baş verən belə bir eybəcər hərəkətin zalda əyləşən minlərlə insanın tərəfindən alqışlanması və hadisəni törədənin sərbəst buraxılması, “qəhrəman” kimi təqdim etmək iyrənc təəssürat yaradır. Bu, bir daha göstərdi ki, özlərini dünyaya qədim, “mədəni” xalq kimi sırımağa çalışan ermənilər əslində ifrat dərəcədə ksenofobiya, Azərbaycanafobiya, millətçilik xəstəliyinə tutulublar. Baş verənlər erməni siyasi elitasının və cəmiyyətinin mahiyyətinin nədən ibarət olduğunu göstərir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar buna ciddi reaksiya verməlidirlər, Ermənistan həm hüquqi, həm də maliyyə sanksiyalarına məruz qalmalıdır və gələcəkdə analoji hadisələrin baş verməməsi üçün Ermənistanda beynəlxalq yarışların keçirilməsinə müəyyən müddət qadağa qoyulmalıdır. Digər ölkələrdə keçirilən yarışlara Ermənistandan olan idmançıların buraxılmaması təklifi reallıqdan uzaq məsələdir. İştirakçıların, dövlət atributlarının təhlükəsizliyini təmin edə bilməyən ölkədə birmənalı şəkildə öz ərazisində təkcə idman deyil, digər tədbirlərin də keçirilməsi qadağan edilməlidir.

 

- O cür hal Azərbaycanda baş versəydi nələr olardı...

 

- Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar daha çox ikili standartlardan çıxış edirlər. Ermənilərə xristian təəssübkeşliyinə, özlərini “məzlum” göstərdiklərinə görə yanaşma fərqlidir. Baxın, Azərbaycanın əsir hərbçisinə işgəncə verilməsinə beynəlxalq təşkilatların reaksiyası adekvat deyil, hər zaman olduğu kimi, erməni kaprizlərinə dözürlər, bunu normal qarşılayırlar. Ermənilərin etdiklərinin 5 faizini etsəydik, bizi beynəlxalq gündəmdən düşməyə qoymazdılar, xalqımızın, dövlətimizin əleyhinə çox ciddi təbliğat aparardılar. Təəssüflər olsun ki, bu, ilk deyil, yəqin ki, gələcəkdə də belə olacaq...

 

- Belə hadisələrin baş verməsinə baxmayaraq, Azərbaycan tərəfi birgəyaşayış məsələsini gündəmdən çıxarmır, cəhdlər edir...

 

- Bu iki hadisə mahiyyət etibarilə eyni mənbədən idarə olunur: erməni millətçiliyi Azərbaycana qarşıdır, bu, ksenofobiyanın əlamətidir və beynəlxalq konvensiyalara görə məsuliyyət yaradır. Hərbçinin döyülməsi Cenevrə və İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə konvensiyalara ziddir. Bu, qanunun pozulması deməkdir. Birgəyaşayış Azərbaycan xalqının kültüründə var. Ölkəmizdə kifayət qədər etnik qruplar, ayrı-ayrı millətlərin nümayəndələri yaşayır. Onlarla hər hansı problem olmayıb. Ermənistan isə monoetnik respublikadır, bunu dünya bilir. Amma Azərbaycan xalqı, dövləti yenə də sülhsevər mahiyyətini ortaya qoyub. Bilirsiniz, uyğunsuzluq var, təsəvvür edin, 40 milyon azərbaycanlı Güneydə yaşayır, onlar heç nə tələb etmirlər, amma Qarabağda 20-25 min erməni tayfası müstəqillik və muxtariyyət tələb edirlər... Bu, anormallıqdır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar da ermənilərə dəstək verirlər. Onlar müharibədən sonra tam sınmışdılar, sındırmışdıq, kapitulyasiya aktına imza atmışdılar. Regionda sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr qarşıdurma yaratmağa çalışırlar. Dəfələrlə demişəm: həmin qüvvələr imkan verməzlər ki, erməni məsələsi beynəlxalq siyasi gündəmdən çıxarılsın. Təkcə Azərbaycanla bağlı deyil, Türkiyə və region məsələsinə görə...

 

- Azərbaycanın hüquq mühafizə orqanları İranın ölkədəki agentura şəbəkəsinə qarşı mübarizəni davam etdirir. Qeyri-rəsmi bildirilir ki, 500-ə yaxın saxlanılan var. Dorğudanmı, agentlərin sayı bu qədər çoxdur?

 

- Daha çoxdur. Qatı terrorçu Qasım Süleymani öldürüləndən sonra Azərbaycan cəmiyyətində 80 mindən artıq insanın onu “şəhid” kimi qəbul etməsini xatırlayırsınız. İnsanların bir çoxu Süleymanini tanımırdı, amma konkret mərkəzdən verilən komanda ilə belə tədbirlər həyata keçirildi. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində hələ də Quma, Tehrana baxanların sayı kifayət qədərdir. Bu, dövlətçiliyimiz üçün böyük təhlükədir. 1990-cı illərdən başlayaraq daxildə törədilən terror aktlarının məhz İrandan idarə olunduğu bəllidir.

 

- İki ölkə arasında gərginlik pik həddədir. Müharibə ehtimalı varmı?

 

- Müharibə ehtimalı hər zaman var. Problem ondadır ki, İran dövlət idarəetmə sistemi dünyada ümumi qəbul olunmuş demokratik-hüquqi prinsiplərdən uzaqdır. İranda ikitirəlik mövcuddur: real güc SEPAH-ın əlindədir. İki ordu var, Müdafiə Nazirliyi prezidentə, SEPAH isə ali dini rəhbərə tabedir. Bu yanaşma yanlışdır. Ola bilər ki, Xarici İşlər Nazirliyi müəyyən barışdırıcı mövqedən çıxış edir, məsələn, hansısa qərarlar qəbul olunur, dərhal SEPAH rəhbərliyi tərəfindən təxribatlar başlayır. Hərbi güc və iqtisadiyyatın əsas hissəsi SEPAH-ın əlindədir. İranda SEPAH-ın razılığı olmadan hansısa ciddi layihələr icra oluna bilməz. Dövlətlərarası müqavilələr bağlana bilər, amma SEPAH razılıq verməzsə, layihələrin heç biri icra oluna bilməz. İran və Azərbaycan arasındakı danışıqların nəticəsiz qalması birbaşa bu amillərlə bağlıdır. Daxili problemlər də var, İranın ali dini rəhbəri kifayət qədər yaşlıdır, xəstəlikləri var, müşahidə edirik ki, hakimiyyət uğrunda ciddi mübarizə gedir.

 

- Sosial şəbəkələrdə bəzi hallarda çağırışlar edilir, İran ordusunun güclü olduğu qeyd edilir. Ola bilərmi ki, bu fikirlər İranın təlimatı əsasında ortaya atılsın?

 

- Ümumiyyətlə, düşmənə qarşı aşağılayıcı yanaşma doğru deyil. Düşmənin gücünü real qiymətləndirmək lazımdır, yoxsa qələbə qazanmaq qeyri-mümkündür. Amma düşmənin ordusunun imkanlarını yüksək qiymətləndirmək, öz ordunun imkanlarını isə aşağılamaq siyasi cəhətdən olduqca ziyanlıdır. Tam əminəm ki, müzəffər  ordumuz döyüşlərdən üzüağ çıxıb, kifayət qədər peşəkarlaşıb. Qüdrətli ordumuz beynəlxalq münasibətlər sistemini yüksək səviyyədə bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə istənilən tapşırığın öhdəsindən gələ bilər. Türkiyə ilə bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız bəhrəsini verməkdədir. Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyanaməsinə əsasən, ölkəmizə qarşı hansısa xoşagəlməz hərəkət Türkiyəyə qarşı hərəkətdir. Və yaxud əksinə... Burada iki dövlətin bir ordusundan söhbət gedir. Türkiyə Silahlı Qüvvələrinin gücünü dünya qəbul edir. İran və ya hansısa ölkənin ordusu Türkiyənin Silahlı Qüvvələri ilə müqayisə oluna bilməz. İran ordusunun təbliğ olunmasının əleyhinəyəm. İki ölkə arasındakı gərginliyin aradan qaldırılmasının tərəfdarıyam. Son 30 ildə, xüsusən də Vətən müharibəsindən sonra yaranan reallıqlar deməyə əsas verir ki, gərginliyin təşəbbüskarı qətiyyən Azərbaycan deyil. Bunu edən bilavasitə İrandır. Onların Azərbaycanla bağlı planları alt-üst oldu. Bu da onları qıcıqlandırır, barışa bilmirlər. Molla rejimi istəyir ki, Azərbaycanın qadınları qara çadralara bürünsünlər, kişilər də başına əmmamə qoysunlar, dünyada biabır olaq. İranda gəncləri fərqli düşüncələrinə görə küçələrdə asırlar... Məqsədləri budur ki, Azərbaycanda da eyni hallar baş versin... Bu, mümkün deyil.

 

- Qarabağda insident yaranan kimi müxalifət hökuməti tənqidə başlayır. Bildirirlər ki, 2020-ci ildə müharibəni sonadək aparmaq lazım idi. Bu tənqidlər əsaslıdırmı?

 

- Heç vaxt illər öncə baş verən hadisələrə bu gün obyektiv qiymət vermək mümkün deyil. Biz 2020-ci ildə arzulayırdıq ki, heç olmazsa, bir rayonu azad edək. Deyirdik ki, dünya imkan versin, torpaqlarımızı işğaldan azad edək, düşmənə göstərək ki, bacardıq. Hər şeyi zamanında həll etmək mümkün deyil. Nəzərə alın ki, Ermənistan və Azərbaycan arasında tarixi düşmənçilik mövcuddur, üstəlik də dünyanın əksər qüvvələri Ermənistanı dəstəkləyir... Bizə olan təzyiqlərin kökündə o durur ki, beynəlxalq aləmin razılığını almadan, hesablaşmadan torpaqlarımızı işğaldan azad etmişik. Bizə bunu bağışlamaq istəmirlər ki, necə olur, hansısa müsəlman ölkəsi dünyanın müdafiə etdiyi, lobbisi güclü olan xristian ölkəsini məğlub etsin. Müxalifət gərək məsələlərə ədalətli yanaşsın. Şuşanın azad edilməsini təsəvvür belə, etmirdik. Etiraf etməliyik. Danışıqlar masasında Şuşanı demirəm, heç Kəlbəcəri, Laçını yaxına buraxmırdılar. Tənqid etmək asandır, amma iş görmək olduqca çətindir.

 

- Türkiyədə keçiriləcək prezident seçkilərindən gözləntiniz nədən ibarətdir? Hazırki Prezident Rəcəb Tayyib Ərdoğanın qalibgəlmə şansı çoxdurmu?

 

- Ümid edirəm, Türkiyə xalqı keçiriləcək Prezident seçkilərində doğru qərar verəcək. Türkiyəni bu səviyyəyə çatdıran, iqtisadi, hərbi cəhətdən gücləndirən, beynəlxalq nüfuzunu artıran Rəcəb Tayyib Ərdoğana daha çox səs verilsə, doğru olar. Türkiyə müxalifəti “altılı masa”da toplaşıb, idarəetmədə belə şey ola bilməz. Biri var, müxalifətsən, iqtidarı tənqid edirsən, konkret iş görmürsən, fikirlərinə görə də məsuliyyət daşımırsan, amma hakimiyyətə gəlirsənsə, fərqli davranmaq lazımdır. Elə şey ola bilməz ki, prezidentin 6-7 müavini olsun. Hakimiyyətə gəlmək üçün parlamenti, nazir vəzifələrini müxtəlif partiyalar arasında paylamaq vədi vermək düzgün deyil. Nəzərə almaq lazımdır ki, həmin partiyaların nüfuzu aşağı səviyyədədir. Onların hakimiyyətə gəlmək üçün üsulları ziyanlıdır. Hakimiyyətdə qərarların koalisiya ilə razılaşdırmaq inkişafa zərbə vurar. Tam əminəm ki, hakimiyyətə gəlsələr, ilk vaxtlarda elə şəxsi maraqlardan çıxış edəcəklər, aralarında düşmənçilik başlayacaq, itirən isə Türkiyə dövləti olacaq.

 

- Bu, beynəlxalq müstəvidə nələri dəyişə bilər?

 

- Rəcəb Tayyib Ərdoğan dünya çapında özünü təsdiq etmiş liderdir. Ərdoğanı xoşlayanlar da, xoşlamayanlar da hörmətlə yanaşırlar. Dünyada Türkiyəyə qarşı qısqanclıq var. Türkiyənin 100 ildən sonra toparlanmasını, güclənməsini, iqtisadi gücünün artmasını təhlükə olaraq görən qüvvələr var. Onlar çalışırlar, Türkiyə əvvəlki orbitinə qayıtsın, yəni kənardan idarə olunsun... Türkiyənin müstəqil xarici siyasət həyata keçirməsi bir çoxlarının xoşuna gəlmir. Ərdoğan da idarə olunan deyil, idarə edən liderdir.

 

- Bir neçə gün öncə, İnam Kərimov Ali Məhkəmənin sədri təyin edildi. Onun təyinatı məhkəmə sisteminə nə verə bilər?

 

- İnam Kərimov əvvəlki vəzifələrində bir çox yeniliklərə imza atıb. “ASAN Xidmət”in fəaliyyətini, Kənd Təsərrüfatı Nazirliyindəki yenilikləri misal göstərmək olar. O, ixtisasca hüquqşünasdır, savadlı kadr kimi özünü təsdiq edib. Məhkəmə sistemində islahatlar labüddür, İnam Kərimov bu islahatları aparmaq iqtidarındadır, təcrübəli və prinsipialdır. Hesab edirəm ki, özünü doğruldacaq, məhkəmə sistemindəki neqativ halları bilir və bu halların aradan qaldırılması üçün konkret tədbirlər görəcək. Düşünürəm, müsbət dəyişikliklərin şahidi olacağıq. Cəmiyyətdə müşahidə edirəm, bəzi hallarda tanımadıqları şəxs haqqında elə fikirlər səsləndirirlər ki... O insanı görməyib, şəxsi keyfiyyətlərini bilmir, iş fəaliyyəti ilə tanış deyil, amma “yıxır-sürüyür”. İnsanları tanımadan, bilmədən təhqir etmək, alçatmaq, böhtan atmaq günahdır. Arzu edərdim ki, vətəndaşlar məsələlərə daxili emosiyalarla deyil, obyektiv qiymət verməyi bacarsınlar. İnam Kərimov da işləsin, zamanla daha düzgün qiymət vermək mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi