Deputat: “Bütün bunlar erməni xislətinin bariz nümunəsidir”
"2020-ci ildə Azərbaycan böyük qələbə əldə etdikdən sonra Laçının şəhər mərkəzində, Susda, Zabuxda rus sülhməramlılara sığınaraq yaşayan ermənilər artıq həmin əraziləri tərk etməkdədirlər. Çünki artıq onların təhlükəsizliyinə cavab verilmir. Eyni zamanda, həmin ərazilərdə yaşayan ermənilər vaxtilə Şərq ölkələrində Ermənistan tərəfindən aldadılaraq və şirin vədlər verilərək bu ərazilərə köçürülmüş ermənilərdir. Təbii ki, həmin gəlmə ermənilər mütləq şəkildə bizim ərazilərimizi tərk etməlidirlər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki, ermənilər hazırda köçmə prosesində yenə də vandal hərəkətlərini davam etdirməkdədirlər:
"Onlar yenə də evləri yandırırlar, eyni zamanda fauna və floraya böyük ziyanlar vururlar. Meşələri və otlaq sahələri yandırırlar, yolları dağıdırlar. Azərbaycanlılara məxsus olan qəbirstanlıqları viran edirlər. Bütün bunlar hamısı onu göstərir ki, Ermənistan dövləti yenə əvvəlki siyasətinə sadiq qalaraq bu prosesi davam etdirməkdədir.
Və ən acınacaqlı məsələ ondan ibarətdir ki, ermənilər bu ərazilərdən çıxdıqca maksimum şəkildə bunlardan sonra öz ata-baba yurduna qayıdacaq azərbaycanlılara ziyan vurmaq məqsədilə bütün addımlardan çəkinmirlər. Bu addımlar içərisində biri də Laçında minaların basdırılmasıdır. Özü də necə gəldi basdırırlar ki, bundan sonra bu əraziyə gələn azərbaycanlılar minaya düşsünlər və onlar sağlamlıqlarını, yaxud da həyatlarını itirsinlər. Bütün bunlar erməni xislətinin bariz nümunələridir ki, bu gün biz çox təəssüflər olsun ki, Laçın rayonunda bunların şahidləriyik".
Millət vəkili əlavə edib ki, bütün bu hadisələr bu ərazilərdə fəaliyyət göstərən və təhlükəsizliyə, sülhə cavabdeh olan rus sülhməramlı qüvvələrin məsuliyyət zonasında baş verir:
"Əvvəla rus sülhməramlı qüvvələri bu məsələlərə seyirçi qalmamalıdır. Çünki bu ərazilərdə hələ ki, rus sülhməramlıların təhlükəsizlik zonasına düşür. Hesab edirəm ki, Azərbaycan tərəfi gələcəkdə ermənilərdən təzminat tələb etmək məqsədi ilə bütün bu yanğınların hamısı qiymətləndirməli və biz öz təzminatımızı Ermənistanla bağlı beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr qarşısında qaldırmalıyıq. Minalar gəldikdə isə təbii ki, Azərbaycan tərəfi ora getdikdən sonra bu ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər aparılmalıdır. Bu işləri də Azərbaycan Respublikasının Silahlı Qüvvələri həyata keçirəcək ki, bu ərazilərə sonradan getmiş hərbiçilər və mülki vətəndaşlar mina xəsarəti görməsinlər. Mənim fikrimcə biz əvvəlcə minaların təmizlənməsi prosesini həyata keçirməli, sonra Azərbaycan Ordusunun Silahlı Qüvvələri bu ərazilərdə cəmləşməli, bundan sonra vətəndaşlarımızın mülki şəxslərin bu əraziyə köçürülməsi təmin edilməlidir".
Aynurə Pənahqızı