“Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...” - İlahə Fəda od püskürdü
Azia.az xəbər verir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.
- İlahə xanım, öncə yeni ilinizi ürəkdən təbrik edirəm. 2022-ci il sizin üçün necə yadda qaldı?
- Təbrik üçün təşəkkür edirəm. Mən də sizi və oxucularınızı yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. İndiyə qədər heç bir ilin düşərli yaxud da düşərsiz olduğuna fikir verməmişəm. Siz məni azdan-çoxdan tanıyırsınız. Mənim əzizlərimin, sevdiklərimin əgər canı sağdırsa, ürəkləri istəyən kimi yaşayırlarsa o il mənim üçün düşərli il sayılır.
- İlahə xanım, siz xalqın sevgisini, rəğbətini qazanan sənətkarsınız. Amma nədənsə siz və sizin nəsil müğənnilər bu gün gündəmdə deyilsiniz. Buna xüsusi bir səbəb varmı?
- Gözəl sözlərinizə görə təşəkkür edirəm. Gündəm sözünü başa düşsəm ora gələcəyəm. Amma bu gün gündəmə çox yüngül, söz yığını olan nəsə oxuyub gəlmək mümkündür. O da bəs etmir. Ona klip çəkdirməlisən. Üzr istəyirəm ifadəmə görə, oranı-buranı açmalısan, açıq-saçıq klip çəkdirməlisən. Əgər gündəmə gəlmək odursa mən onu etmərəm. Mən heç vaxt sənətimə xəyanət etməmişəm. Etmərəm də! Gözəl əsərlər oxumaqla insanların yaddaşında qalmışam. İndi gündəm üçün durub özümü ucuzlaşdırım?! Heç vaxt!
- Dəyərli bəstəkarımız Cavanşir Quliyevin yaradıcılıq gecəsində sizi səhnədə gördük. İstərdim bu layihədən danışmaqla söhbətimizə davam edək.
- Çox gözəl, möhtəşəm bir layihədə iştirak etdim. Cavanşir Quliyev bizim nakam şairimiz Mikayıl Müşfiqin həyatına həsr etdiyi "Müşfiq ağıları" adlı aratoriya yazmışdı. Mən səhnədə Müşfiqin anasını canlandırdım, onun adından bunu oxudum. Çox gözəl bir əsər idi. Fürsətdən istifadə edib Cavanşir Quliyevə, orada bizi müşayiət edən Xor kapellasının bədii rəhbəri Gülbacı İmanovaya, simfonik orkestrın dirijoru Mustafa Mehmandarova dərin təşəkkürlərimi bildirirəm. Orada məndən başqa xalq artisti Azər Zeynalov, əməkdar artist İlham Nəzərov da çıxış edirdi. Bu layihə ilə yenə də öz adımı Azərbaycan musiqi tarixinə yazdırdım. Mənim gündəmim budur. Mənim gündəmim düzgün Azərbaycan musiqisidir.
- Ciddi musiqiyə bu gün bir o qədər də önəm verilmir. Buna səbəb nədir?
- Ciddi musiqi ciddi insanlar üçündür. Onlardan da çox azdır. Az olan şey də çox qiymətlidir. Hər şey təbliğatdan asılıdır. 44 günlük müharibədə bütün kanallar vətənpərvər mahnılar və verilişlər ərsəyə gətirdilər. Bunun da nəticəsi idi ki, evlərdə körpə-körpə uşaqlar Azərbaycanın himnini, "Azərbaycan əsgəri" marşını əzbər bilirdilər. Azərbaycan musiqisinə xələl gətirməmək bir vətənpərvər, laçınlı qızı kimi mənim üzərimə düşən vəzifədir. Mən də çalışıram ki, bunun öhdəsindən gəlim. Bunun üçün əlimdən gələni edirəm. Musiqiyə, sənətə xələl gətirməmək bilirsinizmi mənə necə baha başa gəlir?!
- Maddi cəhətdən yoxsa?
- Əlbəttə ki, həm maddi, həm də mənəvi cəhətdən. Amma mən yenə də dözürəm. Çünki mən bu xalqın qızıyam. Mən Üzeyir Hacıbəyovun musiqisini əxs etmişəm. Mən Qara Qarayevi, Tofiq Quliyevi, Elza İbrahimovanı tanıyıram. İlk mahnım Əşrəf Abbasovdan olub. O musiqinin qarşısında necə başqa bir mahnı oxuya bilərəm?! Mənim Filarmoniyada bir neçə dəfə konsertim olub. Sonuncu konsertimdə konsertmeystrim Arif Məlikov idi. Arif Məlikovdan iki mahnı oxumuşam. O cür ciddi mahnılardan sonra mən yüngül mahnı oxuya bilərəm? Həqiqətən özümlə, dözümümlə, sənətimə olan hörmətimlə fəxr edirəm.
- Özünüzə arzunuz nədir?
- Özümə arzum odur ki, Allah məni əqidəmdən döndərməsin.
- İlahə xanım, siz heç vaxt müğənni Tacir Şahmalıoğlunun adını çəkməmisiniz. Amma nədənsə o hər dəfə sizin adınızı çəkir. Fədayə xanımla danışmırsa, sizin adınızı nə səbəbə çəkir?
- Mən onun heç adını da çəkmək istəmirəm. Kim nə danışırsa, danışsın. Bilmirəm məni niyə aralarında olan bu söhbətə qatır?! Mən mənəviyyatsız, əqidəsiz, cahil, əxlaqsız, ən axırıncı şərəfsiz insan barədə danışmaq istəmirəm.