azia.az
azia.az

Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib

22-11-2017, 14:39

Təbriz Vəfalı: «Şeirmə mahnı bəstələnsə, ssenarim üzrə klip çəkilsə və baş rolda oynasam, bu klip Azərbaycanda bir nömrəli olacaq»

Azərbaycan ictimaiyyəti onu tədqiqatçı jurnalist, yazıçı-şair, publisist və memar kimi tanıyır. Müsahibimiz Təbriz Vəfalı həm də tanınmış rep ustası Anar Nağılbazın rəhbərlik etdiyi «Canlı Klip» Şou-teatrının akyoru kimi 1993-1997-ci illərdə bir neçə klipə və kinoya çəkilib, həmin illərin az-çox tanınmış aktyorlarından biri olub.
Təbriz Vəfalı müsahibəsində orta məktəb illərindəki akyorluq fəaliyyəti, rol aldığı kilplərin və kinoların çəkilişləri zamanı şahidi olduğu maraqlı məqamlar və digər məsələlər barədə ətraflı məlumat verib.

- Təbriz müəllim, əvvəlcə gəlin akyorluq aləminə necə qədəm qoymağınız barədə danışaq. Səhnəyə ilk çıxışınızı necə xatırlayırsınız?
- Keçmiş SSRİ dövründə respublikamızda şagirdlərin istedad, qabiliyyət və bacarqlarını üzə çıxartmaq üçün özfəaliyyət dərnəkləri fəaliyyət göstərirdi. Keçmiş Mrbəşir, indiki Tərtər rayonunda da belə dərnəklər var idi. Həmin dərnəklərdən biri də doğulub boya-başa çatdığım Seydimli kəndindəki mədəniyyət evində yaradılmışdı. Həmin illərdə sözügedən dərnəkdə akytorluq, müxtəlif musiqi alətlərində ifa etmək, mahnı oxumaq, şeir demək, rəsm çəkmək, rəqqasəlik və digər sahələr üzrə bölmələr fəaliyyət göstərirdi. İndiki kimi yadımdadır, 1989-ci il idi. 6-cı sinifdə oxuyurdum. Respublika üzrə orta məktəb şagirdləri arasında teart festivalı keçiriləcəkdi. Festivalda iştirak etmək üçün fərdi və ya kollektiv şəkildə istedadlarını göstərmək istəyən şagirdləri özfəaliyyət dərnəklərindəki aktyorluq bölmələrində yoxlayırdılar. Sinif yoldaşlarımızla qərara gəldik ki, biz də bəxtimizi sınayaq. Səməd Vurğunun «Vaqif» dramını səhnələşdirdik. Mən Vaqif rolunu oynayırdım. Məktəbimizdə yuxarı siniflərdə oxuyan şagirdlər də səhnəciklər hazırlamışdılar. Ancaq kəndimizin mədəniyyət evindəki aktyorluq bölməsi yalnız bizim hazırladığımız səhnəciyi bəyəndi. Daha sonra Mirbəşir rayon Mədəniyyət Evində festivaldan öncəki baxış mərhələsində iştirak etdik. Həmin vaxtlarda rayonumuzun digər məktəblərindən akytorluq bacarığını nümayiş etdirmək istəyən şagirdlər də mədəniyyət evinə gəlmişdilər. Ancaq onların əksəriyyəti baxış mərhələsindən keçə bilmədi. Çünki festivala buraxılışa icazə verən nümayəndələr və münsif heyətinin üzvləri onların çıxışlarını bəyənmədilər. Bizim səhnəcik çox bəyənildi, hətta bizi alqışladılar da. Ancaq geyim, saqqal-bığ və digər lazımi əşyalar olmadığından və maliyyə problemləri həll edilmədiyindən respublika üzrə festivala qatıla bilmədik. Sonradan keçmiş SSRİ dağılma ərəfəsində olduğundan özfəaliyyət dərnəkləri və oradakı bölmələr öz fəaliyyətlərini dayandırdılar.

- 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakultəsində təhsil almısınız. Maraqlıdır, aktyorluq sənətinə aidiyyəti olmayan bir sahədə təhsil alan tələbə necə oldu ki «Canlı Klip» Şou-teatrına dəvət olundu?
- Bu, bir təsadüf nəticəsində baş verdi. 1993-cü il ildə Respublika Sarayında, Bakı Dövlət Sirkində, ali məktəblərdə və digər məkanlarda mahnı müsabiqələri, festivallar və konsertlər keçirilirdi. Xüsusilə də 1993-1997-ci illərdə «7-17» mahnı müsabiqəsi daha çox populyarlıq qazanmışdı. Məhz sözügedən mahnı müsabiqələri, festivallar və konsertlər sayəsində tanınan simalar arasında ölkəmizin ilk rep ustası, Azərbaycanın «rep atası» kimi ad-san qazanmış və «Canlı Klip» Şou-teatrını yaratmış Anar Nağılbaz da var idi. O, oxuduğu replər və mahnılar üçün ssenarilər hazırlayır, aktyorlar həmin ssenarilər üzrə səhnəciklərdə oynayır, rəqqaslar isə musiqilərin ritmlərinə görə rəqs edirdilər. Həmin vaxtlarda Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan böyük qardaşım Səbuhi adıçəkilən şou-teatrın aktyoru idi və Anar Nağılbazın bir neçə repi və mahnısı üzrə hazırlanmış səhnəciklərdə iştirak etmişdi. Bir dəfə Səbuhi dedi ki, aktyorlardan biri xəstələnib. Məndən soruşdu ki, «Narko-dünya» mahnısı üzrə hazırlanmış səhnəcikdə polis rolunu oynaya bilərsənmi? Tərəddüd etmədən razılıq verdim. Səbuhi məni Anar Nağılbazla və «Canlı Klip»in digər üzvləri ilə tanış etdi. Bu hadisə 1993-cü ilin aprel ayının 5-də baş verib. «Narko-dünya»ya qulaq asdım, öz rolum üzrə təlimatları aldım və aprelin 7-də Bakı Dövlət Sirkində təşkil olunmuş konsert proqramında ilk dəfə olaraq səhnəyə çıxdım. Minlərlə insanın qarşısında həyəcanlanmadan və tam sərbəst formada rüşvətxor və şorgöz polis rolunu elə oynadım ki, sirkə toplaşanlar məni də alqışladılar və hətta tamaşaçılar mənə 5 dəstə gül verdilər. Anar Nağılbaz, qardaşım Səbuhi, «Canlı Klip»in digər üzvləri və tanımadığım tamaşaçılar məni səmimi qəlbdən təbrik etdilər və rolumun uğurlu alındığını dedilər. Çünki «Narko-dünya» üzrə səhnəcik əvvəllər tamaşaçılara göstərilsə də, bu qədər uğurlu alınmamışdı. Bir neçə həftədən sonra işlərinin çoxluğu üzündən Səbuhi «Canlı Klip»dən ayrıldı. Anar Nağılbaz həmin şou-teatrın aktyoru kimi klip çəkilişlərində və səhnəciklərdə rol almağımı təklif etdi və mən də razılaşdım. 1993-1997-ci illərdə Anarın «Narko-dünya», «Bivəfa», «Qəribə həyat» və digər mahnıları və repləri üzrə səhnələşdirilmiş səhnəciklərdə rol aldım və bir neçə klipə çəkildim. 1995-ci ildə “Ümid-95” mahnı müsaibəqisinin qalibləri arasında aktyoru olduğum “Canlı Klip” də var idi.

- Bəs «Bakı oğrusu» filminə çəkilişiniz necə baş verdi?
- 1997-ci il idi. Anar Nağılbaz dedektiv bir filmin ssenarisi üzərində çalışdığını və məni filmdə qardaşı narkoman Təbriz roluna çəkmək istədiyini bildirdi. Ssenari ilə tanış oldum. Amma həmin vaxtlarda dövlət imtahanlarımın qızğın çağları olduğundan asudə vaxtım demək olar ki çox az idi. Anardan xahiş etdim ki, ssenaridə rolum üçün yazılmış hissələrdən bəzilərini ixtisara salsın. Çünki imtahanlarıma hazırlaşmağa və imtahan prosesində iştirak etməyə çox vaxt itirirdim. «Bakı oğrusu» filminin Sovetski məhəlləsində çəkilən başlanğıc hissəsində Anarla mənim bacım rolunu oynayan Kəmalənin çantasından pul oğurlanma səhnəsi var. Sssenariyə görə Kəmalə paltar yuyanda mən xəlvətcə darvazadan içəri, oradan da evə girməli və bacımızın çantasından pul oğurlamalıydım. Çəkiiş vaxtı dövlət imtahanında idim. Əgər çəkilişə 5 dəqiqə geciksəydim, epizodda yalnız bir əlin çantadan pul götürməsi kadrı çəkiləcəkdi. Vaxt qıtlığına baxmayaraq, imkanım daxilində filmin çəkilişlərində iştirak etdim və rolum çox uğurlu alındı.

- Kliplərin və «Bakı oğrusu»nun çəkilişləri zamanı və çəkilişlərdən sonra hansı maraqlı hadisələrin şahidi oldunuz?
- Maraqlı hadisələr çox olub. Onlardan bir neçəsini təqdim etmək istəyirəm. Bakı Dövlət Sirkində ilk dəfə «Narko-dünya»nın klipində polis rolunu oynayarkən salonun yuxarı hissəsindən pilləkənlərlə aşağı düşüb «alkaş»a yaxınlaşdım və ondan rüşvət istədim. Pul vermək istəməyəndə araq butulkasını onun əlindən alanda «alkaş» məcbur olub pulu verdi. Sonra narkoman rolunu oynayan qızla oğlana yaxınlaşıb oğlandan rüşvət aldım və mini yubkalı qızı başdan ayağa necə süzdümsə, həmin səhnəni görən tanışlarım, tələbə yoldaşlarım və dostlarım mənə dedilər ki, Təbiz Azərbaycanda bir nömrəli şorgözdür. «Bivəfa» mahnısı üzrə hazırlanmış səhnəcikdə əcnəbi Coni rolunu oynayırdım. Səhnəcikdə Anarın sevgilisi onu tərk edir və zəngin xarici olduğum üçün mənim məşuqəm olur. Həm mən, həm də «məşuqəm» rolumuzu elə məharətlə oynadıq və Anara elə acıq verdik ki, klipdən sonra «Canlı Klip»in üzvləri mənə zarafatla dedilər ki Anarın gözlərinə görünmə. «Sevgilisi»ni əlindən aldığın üçün səni tikə-tikə doğrayacaq. Respublika Sarayındakı konsertdə göstərdiyimiz səhnəciklərdə narkotik maddələrin satışı ilə məşğul olan “barıqa” və narkoman rollarını oynadıqdan sonra rəhmətlik aktyorumuz Telman Adıgözəlov zarafatla mənə dedi ki, narkoman və “barıqa” olmasan da, “narkomanların sevimlisi”nə çevriləcəksən. «Bakı oğrusu» filmində tanınmış aktyorumuz Əhməd Salahovun qoluma şprislə narkotik maddə vurması və ölməyim səhnəsi var. Həmin səhnə Sovetski məhəlləsində bir zirzəmidə çəkilib. Çəkiliş vaxtı hava həddən artıq soyuq və şaxtalı idi. Zirzəmidə bəlkə də mənfi 40 dərəcə şaxta var idi. Anar dedi ki, çəkiliş üçün paltomu və jaketimi soyunmalıyam. Məcburiyyət qarşısında qalıb soyundum. «İynələndikdən» sonra titrəmə kadrının daha canlı alınmasına şaxtalı hava da öz köməyini göstərdi. Həmin kadrda «öldükdən» sonra Anar dedi ki, can qardaşım, vaxtsız öldün, Allah sənə rəhmət eləsin. Gözlərimi açıb dedim ki, Anar, hələ ölməmişəm. Amma sağ ol, ölüyə də rəhmət var, diriyə də. Çəkilişə toplaşmış hər kəs güldü. Həmin çəkilişdən sonra möhkəm soyuqladım və bir neçə gün yataqda qaldım. Necə deyərlər, incəsənət öz qurbanını tələb etdi və qurban mən oldum. Onu da deyim ki, «Bakı oğrusu»nda səsləndirilən «İ love you» («Səni sevirəm») mahısının sözləri mənə məxsusdur. Anar ingilis dilini mükəmməl bildiyimdən və bədii yaradıcılıqla məşğul olmağımdan xəbərdar idi və məndən xahiş etdi ki, filmdə sevgilisi ilə duet oxumaq üçün ingilis dilində bir şeir yazım. Şeiri yazdım, mahnı bəsətələndi, filmdə duet oxundu və maraqla qarşılandı.

- Ali məktəbi bitirdikdən sonra klip və film çəkilişlərinə dəvət aldınızmı?

- Film çəkilişlərinə olmasa da, bir neçə klipin çəkilişlərinə dəvət aldım. 1993-1997-ci illərdə mənimlə eyni səhnəni bölüşmüş və adlarını çəkmək istəmədiyim sənətçi dostlarım məni klip çəkilişlərinə dəvət etdilər. Amma razlaşmadım. Çünki ali məktəbdə oxuduğum illərdə asudə vaxtımı səmərəli keçirmək üçün aktyorluq fəaliyyəti ilə də məşğul oldum. 1997-ci ildən sonrakı dövrlərdə həm işlərimin çoxluğu üzündən asudə vaxtlarımın azlığı, həm də mənə təklif edilən rollar mənfi obrazlar olduğu üçün klip çəkilişlərindən imtina etdim.

- Və 20 illik fasilədən sonra bu ilin sentyabrın 4-də Space TV-də Çingiz Əhmədovun «Yerimdəyəm» verilişində yenidən aktyorluq bacarığınızı nümayiş etdirdiniz…
- Haqlısınız. Çingiz müəllim çox təkid etdi ki, mahnı oxuyum. Amma müğənni olmadığımı dəfələrlə bildirsəm də, aparıcı israr etdi. Sonda təklif etdi ki, ya bir zümzümə edim, ya da Roza Zərgərli ilə bir səhnəcik oynayım. Səhnəciyə razılaşdım. Mövzu ailə xəyanəti barədə oldu. Səməd Səmədov atam, mən arvadına xəyanət edən oğul və Roza Zərgərli həyat yoldaşı tərəfindən aldadılan gəlin rolunu oynadı. Xəyanətkar ər rolu çox maraqlı alındı və zaldakılar daha çox məni alqışladılar. Məni yaxından tanıyanlar bilirlər ki, xəyanətin bir nömrəli düşməniyəm. Həm xəyanət etmirəm, həm də mənə xəyanət edən insanlara ən ağır cəzaları verirəm. Amma buna baxmayaraq, sözügedən rolu oynadıqdan sonra zaldakılar da, tamaşçılar da elə düşündülər ki, xəyanətlə aram sazdır. Hətta Roza Zərgərli dedi ki, Təbriz aram-aram danışır, mən də düşündüm ki, bu mənə nə xəyanət edə bilər. Ancaq Təbriz az aşın duzu deyilmiş. Əgər tamaşaçılar mənim xəyanətkar olduğumu düşünürlərsə, bu, o deməkdir ki, xəyanətin düşməni olsam da, öz rolumun öhdəsindən məharətlə gəlmişəm. Amma etiraf edim ki, səhnəciyin ailə xəyanəti deyil, məhəbbət mövzusunda olmasını istəyirdim. Çingiz Əhmədov Roza Zərgərlidən soruşdu ki, səhnəciyi siz qurursunuz, ya mən? Roza xanım dedi ki, sən qur, biz oynayaq. İstədim deyəm ki, səhnəcik məhəbbət mövzusunda olsun. Lakin utandığımdan deyə bilmədim.

- Hər bir aktyorun və aktrisanın oynamaq arzusunda olduğu və yaratmaq istədiyi bir obraz var. Bəs siz hansı rolu oynamaq istərdiniz?
- Bu günədək oynadığım rollar arasında «Vaqif»dən başqa digərləri mənfi obrazlar olub. Hazırda ictimaiyyətdə tələbəlik illərimdəkindən daha çox tanınıram. Ona görə də cəmiyyətdə ictimai qınaq subyektinə çevrilməmək üçün mənfi rollarda oynamaq istəmirəm. Sualınızın cavabına gəlincə, oynamaq arzusunda olduğum obraz var. Məhəbbət mənim yaralı yerim olduğu üçün məhəbbət mövzusunda film çəkilişlərinə vaxtım olmasa da, klipə çəkilmək istərdim. İstəyirəm ki, qəmli məhəbbət şeirlərimdən birinə mahnı bəstələnsin, cavan xanım müğənnilərdən biri onu qəmli səslə oxusun və bu mahnıya klip çəkilsin. Əgər həmin klipin ssenarisini mən yazsam və baş rolda oynasam, bu klipin Azərbaycanda bir nömrəli klip olacağına tam əminəm. Çünki qəmli və ürəkağrıdan səhnəciklərlə zəngin olacaq klip onu izləyənlərin, xüsusilə də gənclərin və yeniyetmələrin yaddaşında dərin iz buraxacaq. Ssenari barədə danışmaq istəmirəm. Çünki bu, mənim sirrimdir.

İradə SARIYEVA
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib
Tanınmış jurnalist bir neçə klipə çəkilməkdən imtina edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi