azia.az
azia.az

AMEA prezidenti katibliyinin rəisi: “Antropoloji tədqiqatlar aparılmadan xalqın etnogenezi haqqında danışmaq elmi əsaslardan uzaq bir təşəbbüsdür”

6-11-2021, 08:53

“Antropologiya istiqamətinin inkişaf etdirilməsi üçün AMEA-nın institutları arasında birgə əməkdaşlıq olmalıdır”
AMEA prezidenti katibliyinin rəisi: “Antropoloji tədqiqatlar aparılmadan xalqın etnogenezi haqqında danışmaq elmi əsaslardan uzaq bir təşəbbüsdür”
AMEA prezidenti katibliyinin rəisi: “Antropoloji tədqiqatlar aparılmadan xalqın etnogenezi haqqında danışmaq elmi əsaslardan uzaq bir təşəbbüsdür”
AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirov: “Antropologiya istiqamətinin inkişaf etdirilməsi üçün AMEA-nın institutları arasında birgə əməkdaşlıq olmalıdır”
AMEA prezidenti katibliyinin rəisi: “Antropoloji tədqiqatlar aparılmadan xalqın etnogenezi haqqında danışmaq elmi əsaslardan uzaq bir təşəbbüsdür”
Qərb dünyasının müasir siyasi elmində ən aktual istiqamətlərdən biri də siyasi antropologiyadır. Postsovet məkanı üçün yeni olan və az tanınan siyasi antropologiya kursunun tədrisi hətta Rusiyanın aparıcı universitetlərində son 15-20 ili əhatə edir. ABŞ, Kanada və Avropanın aparıcı elmi mərkəzlərində də son illər siyasi antropologiya bir çox elmi araşdırmaların, dissertasiyaların, məqalə və monoqrafiyaların predmetinə çevrilib.
Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivlərinə dair araşdırmaların, eyni zamanda müvafiq sahədə Rusiya və Türkiyə təcrübəsi ilə bağlı fundamental tədqiqatların müəllifi olan AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov müsahibəsində siyasi antropologiyanın bir çox maraqlı aspektləri barədə suallarımızı cavablandırıb.
Bildiyimiz kimi, bu yaxınlarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun adına “Antropologiya” istiqaməti də əlavə olunub. Bu addım ölkəmizdə antropologiya elminin inkişafı baxımından nə kimi yeniliklər vəd edir?
Bu yaxınlarda Azərbaycan Respublikasının Nazirlər Kabineti AMEA-nın müraciəti əsasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilərək Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılmasına dair qərar qəbul etmişdir. Təbii ki, bu, müasir elmdə meydana çıxan zərurətlə əlaqədardır. Belə bir müraciətin edilməsinin arxasında kifayət qədər ciddi səbəblər durur. İlk növbədə qeyd edim ki, Azərbaycanda antropologiya sahəsi istər Sovet dövründə, istərsə də müstəqillik illərində arzu olunan səviyyədə inkişaf etməyib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var.
Məlum olduğu kimi, Sovet dövründə antropologiya elmi Moskva kimi mərkəzi şəhərlərdə cəmləşdirilirdi və mütəxəssislər bu şəhərlərdə yetişdirildiyindən əyalətlərdə, o cümlədən Azərbaycanda bu sahənin inkişafına diqqət yetirilməyib. Digər tərəfdən, müstəqillik dövründə antropologiya sahəsində müəyyən qədər tədqiqatlar aparılıb, lakin təəssüflər olsun ki, sistemli şəkildə tədqiqatlar aparılmadığından bu sahənin inkişafından danışmaq üçün tezdir. Bütün bunları nəzərə alaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin iclaslarında bu məsələni dəfələrlə qaldırmış və yekunda Nazirlər Kabinetinə müraciət edilərək Arxeologiya və Etnoqrafiya İnstitutunda antropologiyanın müstəqil elm sahəsi kimi yaradılması və tədqiqinə qərar verilmişdir.
Düşünürəm ki, Azərbaycanda antropologiya sahəsi kifayət qədər geniş perspektivlərə malikdir. Belə ki, antropologiya olmadan bir çox humanitar sahələrin, o cümlədən tarixin elmi əsaslar üzərində inkişafına nail olmaq mümkün deyil.
Azərbaycan müstəqillik qazandıqdan sonra onun etnogenezi, mənşəyi, formalaşma mərhələləri haqqında istər tarixçilər, istər filosoflar, istərsə də filoloqlar tərəfindən çoxlu sayda əsərlər ərsəyə gətirilib. Lakin bu əsərlərin böyük əksəriyyəti müvafiq antropoloji-genetik araşdırmaların mövcud olmaması səbəbindən elmi bazadan məhrumdur.
Antropoloji təhlillər və tədqiqatlar aparılmadan hər hansı bir xalqın etnogenezi haqqında danışmaq elmi əsaslardan uzaq bir təşəbbüsdür. Buna görə də, hazırda dövlət səviyyəsində milli ideologiya ilə bağlı bu məsələyə maraq kifayət qədər böyükdür. Hər bir xalq kimi, Azərbaycan xalqı da öz tarixi yaddaşını, köklərini, mənşəyini bilməlidir. Antropologiya elminin inkişafına nail olmadan bu məsələlər haqqında danışmaq mümkün deyil.
Qeyd edim ki, hazırda fəlsəfə doktorluğu dissertasiyam əsasında hazırladığım siyasi antropologiya məsələlərini əhatə edən kitabım üzərində işləyirəm. Yaxın zamanda kitabın işıq üzü görməsi planlaşdırılır.
Eldar müəllim, bildiyimiz kimi, fəlsəfə doktorluğu dissertasiyanız Azərbaycan xalqının siyasi antropologiyası məsələlərinə həsr olunub. Bununla yanaşı, Bakı Slavyan Universitetində “Azərbaycan xalqının siyasi antropologiyası” fənninin tədrisi ilə məşğul olmusunuz. Həmçinin Azərbaycan Dillər Universitetində “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə ilə çıxış etmisiniz. Qloballaşma, cəmiyyətin sosiallaşması və beynəlxalq elmi əlaqələrin inkişafı nəticəsində antropologiya elmində hansı yeniliklər baş verib?
Antropologiya müasir dövrdə ABŞ, Kanada, Avropa ölkələrində, Rusiyada ən çox tədqiq olunan sahələrdən biridir. Antropoloji elmi istiqamətin yaradılması çox çətin bir prosesdir. Bildiyimiz kimi, antropologiya fənlərarası, elmlərarası bir istiqamət olduğundan burada təkcə humanitar sahə ilə kifayətlənmək doğru deyil. Antropologiya özü 3 istiqamətdən ibarətdir: antropogenez, irqşünaslıq və siyasi antropologiya.
Tarixçilər antropogenez və irqşünaslıq sahəsində fikir bildirmək üçün müvafiq bioloji sahədə təcrübə keçməlidirlər. Humanitar sahə ilə daha çox bağlı olan siyasi antropologiyanın mövzusu xalqın dövlətçiliyinin siyasi inkişafının onların antropoloji xüsusiyyətləri ilə əlaqəsidir. Bu sahə əsasən müstəmləkəçilik dövründə Böyük Britaniyalılar tərəfindən formalaşdırılıb. Məqsəd xalqların psixologiyasını nəzərə alaraq daha az resurs sərf etməklə müstəmləkələri idarə etmək imkanına malik olmaq idi. Təbii ki, xalqların psixologiyasını, onların siyasi inkişafının xüsusiyyətlərini bilmədən bunu etmək qeyri-mümkün idi.
Təəssüflər olsun ki, Azərbaycanda antropologiya ilə əlaqədar tədqiqatları bəzən irqçiliklə səhv salırlar. Belə bir təsəvvürün formalaşmasının arxasında müəyyən faktlar var. Xüsusilə XIX əsrin ikinci yarısından etibarən Avropada antropologiya məsələləri məhz irqşünaslığın bazasında formalaşdı. Məsələn, Fransanın böyük filosofu, diplomatı və mütəfəkkiri Josef Artur dö Qobino bəşər irqlərinin qeyri-bərabərliyinə dair məşhur əsərini ərsəyə gətirdi və burada alilik ideyasını ortaya atdı, bəzi irqlərin digərlərindən üstün olduğunu bildirdi. Sonralar bu məsələ elmi müstəvidən çıxaraq siyasiləşdi. 1933-cü ildə nasistlər Almaniyada hakimiyyətə gələn zaman Adolf Hitler həm öz planlarını həyata keçirmək, həm də digər xalqlara qarşı soyqırımı gerçəkləşdirmək üçün bu ideyalardan məharətlə istifadə etdi.
Buna görə də, antropoloji tədqiqatlar zamanı daha diqqətli olmalı, məsələnin qoyuluşu, izahı zamanı elmi müstəvidən kənaraçıxmalara yol verilməməlidir. Antropologiya müstəqil elm sahəsidir və əsas məqsədi insanı, xalqların təkamülü və onlar arasındakı fərqləri öyrənməkdir. Botanika bitkiləri, zoologiya heyvanları öyrəndiyi kimi, antropologiya da insanları, bəşəriyyətin inkişafını, onun növlərini, inkişaf xüsusiyyətlərini öyrənir. Bu səbəbdən antropologiya və irqçilik anlayışlarının səhv salınması ciddi problemlərə səbəb ola bilər.
Qeyd edim ki, bu istiqamətdə dini baxımdan yanaşmalara, Allahın hər kəsi eyni yaratdığına dair mülahizələrə də rast gəlinir. Lakin Qurani-Kərimdə Rumlular surəsində də qeyd olunur ki, xalqların, dinlərin, dillərin müxtəlifliyi Allahın qüdrətinin göstəricisidir. Beləliklə, Qurani-Kərim özü də antropologiyanı irqşünaslıqdan ayırır.
Tarixi təcrübə göstərir ki, Şərq xalqlarında əksər hallarda lider, şəxsiyyət amili birinci dərəcəli amildir. Şərq xalqlarının siyasi tarixində sistem anlayışına az-az rast gəlinir. Fərd, fərdin keyfiyyətləri üzərində qurulmuş sistemlər isə davamlı inkişaf edə bilmir. Qərbdə isə hər şey sistemin üzərində qurulub. Buna görə də, xalqın psixologiyasını öyrənmək, fərdçiliyi aradan qaldırmağın yollarını tapmaq üçün siyasi antropologiyanın inkişafına diqqət yetirməliyik.
Bir məsələni də qeyd etmək istərdim. Ərəblər Qafqaza gələndə həm Azərbaycan, həm də gürcü xalqının dini xristianlıq idi. Lakin gürcülərdən fərqli olaraq azərbaycanlılar İslam dinini qəbul etdi, alban milli kimliyi aradan qaldırıldı, bu sivilizasiya yoxa çıxdı. Bu məsələnin araşdırılması da siyasi antropologiyanın predmetidir. Buna görə də, siyasi antropologiya digər istiqamətlərdən daha həssas sahədir. Yanlış stereotiplərin yaranmasının qarşısını almaq üçün dəqiq tarixi faktlar, antropoloji materiallar əsasında elmi araşdırmalar aparılmalıdır.
Digər tərəfdən, tarixin müxtəlif dövrlərində Çin və s. kimi ölkələrdə xalqın psixologiyasını və genetikasını dəyişmək üçün qida və dərman vasitələrindən geniş istifadə olunub. Məsələn, Çində oğlanların hərbi xidmətə yararlılığını artırmaq üçün bu vəsitələrdən istifadə olunub və 5-7 sm boy artımına nail olunub. Albanların boyunun uzun olduğunu bilmək üçün Şəkidə Kiş məbədindəki 195 sm cəsədi nümunə çəkmək olar. Lakin XIX əsrdən etibarən azərbaycanlıların boyu kiçilməyə başlayıb. Buna görə də, baş verən proseslərin təbii və ya süni müdaxilə yolu ilə olduğunu anlamaq üçün antropoloji tədqiqatlar zamanı bioloqların da iştirakı zəruridir. Bununla yanaşı, tarixdə əhalinin intellektual fəallığına təsir edən dərman vasitələrindən də istifadə olunub.
Dünya elm sistemində mövqeyi getdikcə möhkəmlənən siyasi antropologiya istiqaməti üzrə dünya təcrübəsinin öyrənilməsinin əhəmiyyəti barədə danışardınız. Dünyanın görkəmli siyasi antropoloqları və nəzəriyyəçilərinin əsərləri və fikirlərinin təhlili Azərbaycanda yeni olan siyasi antropologiya elmi istiqamətinin inkişafında nə kimi rol oynayır?
Azərbaycanda antropologiyanın inkişafı ilə bağlı birdən-birə ciddi nəticələr gözləmək doğru deyil. Çünki, Sovet dövründə bu istiqamətdə yalnız epizodik təhlillər, səthi tədqiqatlar aparılıb. Bu səbəbdən, hesab edirəm ki, ilk növbədə kadr hazırlığı məsələsinə xüsusi önəm verilməli, tarixçilər üçün biologiya sahəsində, bioloqlar üçün isə humanitar sahədə, tarixin öyrənilməsi istiqamətində hazırlıq keçirilməlidir. Bu iki sahənin sintezi aparılmadan antropologiyanın inkişafından danışmaq mümkün deyil. İkinci məsələ, antropologiya klassiklərinin dilimizə tərcüməsi həyata keçirilməli, elmin banilərinin fikirləri öyrənilməlidir.
Bununla bərabər, bu sahədə müsbət təcrübə ilə yanaşı, mənfi təcrübəni də mənimsəmək, bu yanlışlara yol verməmək üçün həmin dövrdə yanlış anlaşılan, elmin inkişafına səhv istiqamət verən fikirlər də tərcümə edilməlidir. Filosof Josef Artur dö Qobinonun fikirlərinin qeyri-elmiliyini sübut etmək, antropologiya və irqçilik arasındakı sərhəddin nə zaman itdiyini anlamaq üçün, ilk növbədə onun əsərlərini oxumaq lazımdır.
Vurğulamaq istərdim ki, Avropalılarla yanaşı, müsəlman aləmində də antropologiya irqçiliklə səhv salınıb. Orta əsr müsəlman mütəfəkkirlərinin, xüsusən VIII-IX əsrləri əhatə edən əsərlərə nəzər salsaq görərik ki, bu mövzu millətlərarası müharibələrin predmetinə çevrilib. Orta əsr mütəfəkkirlərinin əsərləri antropologiyadan daha çox müşahidə xarakteri daşıyır və onları elm hesab etmək doğru deyil. Lakin antropoloji etnopsixologiyanın dərk edilməsi üçün bu əsərlər əhəmiyyətli mənbədir. Bu baxımdan “Əxlaqi-Nasiri”, “Qabusnamə” əsərlərini nümunə göstərmək olar.
Bəzən həmin dövrün müsəlman mütəfəkkirləri öz fikirlərini sübut etmək üçün uydurma məlumatlar təqdim edirdilər, Quran ayələrini təhrif edirdilər. Məsələn, farslar ərəbləri aşağılamaq üçün Allahın fars dilində danışdığını, axirət dilinin fars dili olduğunu, ərəblərin bədəvi olduğunu bildirirdilər. Eyni fikirləri ərəblər də farslar üçün deyirdilər. Bu da son nəticədə irqçiliyin, millətçiliyin yaranmasına gətirib çıxarırdı. Abbasilərin hakimiyyəti dövründə yaradılmış, bu fikirlərə qarşı çıxan, əsas məqsədi ərəblərin digər xalqlardan üstün olmadığını göstərmək olan Şubiyə hərəkatı iranlılar, türklər və digər qeyri-ərəb millətlərinin cəlb olunduğu intellektual hərəkat idi. Lakin təəssüflər olsun ki, bu məsələ də qısa zamanda siyasiləşdi və millətçilik zəmininə keçdi. Digər millətləri alçaldan əsərlər arasında dövrün tanınmış mütəfəkkirlərinin də əsərlərinə rast gəlmək mümkündür.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev öz çağırışlarında bildirib ki, “dünya elmi tərəfindən təsdiq edilmiş müasir intizamların tətbiqi olmadan universitet səviyyəsində humanitar elmlərin təbliğ edilməsinin keyfiyyətini yüksəltmək və siyasi proses və tarixi reallıqları düzgün dərk etmək mümkün olmayacaq”. Bu fikirlərə necə münasibət bildirərdiniz?
Akademik Ramiz Mehdiyev hələ 2018-ci ildə Moskvada çıxmış “Yeni dünya nizamı və milli ideya” əsərində antropologiyanın əhəmiyyətinə toxunub, onun sahələri, Azərbaycan xalqının antropogenezi barədə məlumat verib, ümumi antropoloji nəzəriyyələrə toxunub. Akademik bu əsərində antropologiya olmadan Azərbaycan tarixinin keyfiyyətçə yenidən işlənilməsinin mümkün olmadığını qeyd edib. Çünki, bütün bu yeni ideyalar elmi əsaslara söykənməlidir. Xüsusilə etnogenezlə bağlı nəzəriyyələrin elmi dövriyyədə qalması üçün onun elmi əsası olmalıdır. AMEA prezidenti bu məsələlərə həm akademiyada keçirilən görüşlərdə, həm də əsərlərində davamlı olaraq yer ayırır. Sevindirici haldır ki, antropologiyanın müstəqil istiqamət kimi formalaşması da məhz akademik Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrə təsadüf edib. İnanıram ki, AMEA prezidenti bu məsələyə də öz töhfələrini verəcək və onun rəhbərliyi dövründə bu sahədə ciddi nəticələr əldə olunacaq.
Ölkəmizdə siyasi antropologiyanın inkişafına nail olmaq üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulurmu?
Ümumiyyətlə, siyasi antropologiya sahəsində dünya təcrübəsinin öyrənilməsi zəruri məsələdir. Siyasi antropologiya əsasən müstəmləkəçilik məqsədləri üçün istifadə edildiyindən həmin sahənin ölkənin öz potensialı hesabına öyrənilməsi vacib amildir. Təbii ki, bu istiqamətdə addımlar atmaq üçün həm Rusiyanın, həm də Qərb ölkələrinin təcrübəsindən yararlanmalıyıq. İlk növbədə kadr hazırlığı məsələləri ilə məşğul olmalıyıq, bu sahədə toplanmış təcrübəni təhlil etməli və qərəzli, ideoloji məqamları süzgəcdən keçirməliyik.
Ümumi antropologiyada bəşəriyyətin mənşəyi, inkişafı, müəyyən coğrafi mövqelərdə yerləşməsi kimi tədqiqatlara yer ayrılır, hər bir xalqın etnogenezindəki fərqlər isə fərdi xarakter daşıyır. Ümumi antropologiya üzrə digər ölkələrlə əməkdaşlıq etmək mümkündür. Etnogenez məsələlərində isə arxeoloji, genetik və antropoloji istiqamətlər üzrə materiallar üzərində işlərin hər bir xalqın özü tərəfindən aparılması daha məqsədəuyğundur. Xalqımızın tarixini, onun mənşəyini təhrif etməyin qarşısını almaq üçün həmin tədqiqatların obyektiv elmi əsaslar üzərində aparılması zəruridir.
Hesab edirəm ki, antropologiyanın digər, ümümi xarakter daşıyan sahələrindən fərqli olaraq, Azərbaycanda siyasi antropologiya sahəsində kifayət qədər ciddi işlər aparılmalıdır.
Azərbaycanda antropologiya istiqamətinin inkişaf etməsi üçün AMEA-nın institutları arasında birgə əməkdaşlıq mövcud olmalıdır. Bu istiqamətin yalnız AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda inkişaf etdirilməsini gözləmək doğru deyil. Bu işə Biologiya və Tibb Elmləri, Humanitar Elmlər bölmələri də cəlb edilməlidir. Antropologiyanın ciddi elmi əsaslar üzərində yaradılması üçün mütləq birgə araşdırmalar aparılmalıdır. Bu istiqamətdə AMEA prezidenti tərəfindən müvafiq tapşırıqlar verilib və bununla bağlı işlərə başlanılıb. Ümid edirəm ki, yaxın zamanda yeni fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi keçiriləcək, klassiklərin əsərləri tərcümə olunacaq və bu sahədə geniş tədqiqatlara yer ayrılacaq. İnanıram ki, antropologiya sahəsi Azərbaycan elminin inkişafına öz töhfəsini verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi