azia.az
azia.az

"Onlar "pokazuxa" ilə məşğul olublar..."

30-01-2020, 20:51


"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar".
"Onlar "pokazuxa" ilə məşğul olublar..."
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.

R.Mehdiyev qeyd edib ki, hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir: "Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi akademiya bu məsələlərdən kənarda qalıb".

"Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırki şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir"- deyə AMEA-nın prezidenti əlavə edib.

"Dövlət hər il Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə, demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq" - deyə AMEA-nın prezidenti deyib.

Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə iki fond tərəfindən 50 milyon manatdan artıq vəsait ayrılıb: "Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür".

R.Mehdiyev bildirib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı, ümumiyyətlə, hiss olunmur: "Bu da, öz növbəsində, AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2%-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub".

O əlavə edib ki, alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir: "Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb. Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".

Bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan inkişaf istiqamətindən irəli gəlir.

Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.

O əlavə edib ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir. Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır.

R.Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir:

"Bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. Bu mənada akademiya bütün başlanğıcların lideri olmalıdır. Bu baxımdan “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır". (trend)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi