azia.az
azia.az

Qabil Hüseynli: “Yaxın vaxtlarda ərazi bütövlüyümüzün təmini istiqamətində son döyüşləri aparacağıq”

9-10-2020, 18:59


“Suriyada və Liviyada Türkiyənin əlinin dadını görmüş Rusiya burada işə qarışmır”
Vətən müharibəsinin ikinci həftəsində Azərbayan ordusu ön cəbhədə uğurlar qazanarkən, arxa cəbhədə və beynəlxalq arenada da Dağlıq Qarabağ savaşı ilə bağlı ciddi proseslər gedir. “Yeni Müsavat” son proseslərlə bağlı politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir.
Qabil Hüseynli: “Yaxın vaxtlarda ərazi bütövlüyümüzün təmini istiqamətində son döyüşləri aparacağıq”
- Qabil müəllim, hadisələrin bu günə qədərki nəticələrini necə dəyərləndirirsiniz? Bizi qələbədən nə qədər zaman ayırır?

- Bu günə qədər ordumuzun qazandığı zəfərlər, düşmən üzərində çaldığı qələbələr, azad etdiyi torpaqlar hərbçilərimizin yüksək əzmini, döyüş qabiliyyətini, ordunun təchizat səviyyəsinin yüksəkliyini, müasir silahlarla təchizatını, müasir hərb elminin son nailiyyətlərindən istifadə etdiyini açıq göstərir. Düşmən bizə hücum etdikdən bir neçə dəqiqə sonra ordumuz əks–hücum təşkil etdi və qısa müddət sonra düşmənin ön cəbhəsindəki möhkəmləndirilmiş istehkamlarını, döyüş texnikasını, canlı qüvvəsini məhv edərək düşməmn cəbhəsini bir neçə yerdən yardı və irəliləməyə başladı. Azərbaycan ordusu təxminən 10 gün ərzində böyük uğurlar qazandı, işğal edilmiş ərazilərin bir hissəsini azad etdi. Azad edilən hissələrdə strateji məntəqələr var. Madagiz su-elektrik stansiyası, İranla sərhədimizi təşkil edən yolun açılması çox böyük uğurlardır. Bu zərbələr artıq düşmənin belini sındırıb, onun ön cəbhədə olan döyüş qabiliyyətli hissələrini sıradan çıxarıb. Yaxın vaxtlarda biz ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində son döyüşləri aparacağıq.

- Azərbaycanın ən böyük dəstəyi Türkiyədir. Bu dəstək ən çox hansı məqamlarda həlledici rol oynayır?

- Əvvəlcə onu qeyd edək ki, bu gün Türkiyə ordusu döyüşlərdə iştirak etmir. Türkiyə bizə döyüş texnikası verir, bunlar əsasən kamikadze dronlardır. Ancaq bunları idarə edən Azərbaycan əsgəridir. Türkiyə Azərbaycanı əsasən kənar təsirlərdən qoruyur. Rusiya prosesə müdaxilə etsəydi, müxtəlif əngəllər meydana çıxsaydı, o zaman Türkiyə Azərbaycanın arxasında duracaqdı. Hazırda Türkiyə özünün mənəvi dəstəyi ilə, bütün dünyada Azərbaycana qarşı olan hay-küyün, qışqırıqların cavabını verməklə, Makron kimilərini susdurmaqla, bizim xarici təbliğatımıza çox böyük kömək edir.

- Bu dəfə Rusiyanın da mövqeyi fərqlidir, Rusiyanın təzyiqlərini neytrallaşdıran hansı amillər var?

- Rusiya bu dəfə beynəlxalq hüquq normalarına əməl etməyə çalışır. Doğrudur, silah göndərir, Ermənistan daxilində yerləşdirdiyi bazalardan erməni ordusuna dəstək verir. Ancaq proseslərə tam qatılmaq istəmir. Çünki müharibə Azərbaycan ərazisində gedir, vətən müharibəsi aparılır. O baxımdan Rusiyanın mövqeyini başa düşmək olar. Rusiyanı ən çox çəkindirən və bu cür davranışa vadar edən səbəb Türkiyənin prosesdə iştirak etməsidir. Türkiyə proseslərdə Rusiya ilə daim əlaqə saxlayır və ona xəbərdarlıq edir ki, döyüş əməliyyatlarına qarışsanız, biz də dərhal hadisələrə müdaxilə edəcəyik və qarşısınızda bizi görəcəksiniz. Suriyada və Liviyada Türkiyənin əlinin dadını görmüş Rusiya burada işə qarışmır.

- Paşinyan ən çox dünya ictimiyyətinə , beynəlxalq güclərə güvənirdi, ancaq bu dəfə arzusu baş tutmadı, zəngləri cavabsız qaldı...

- Dünya əla bilir ki, vaxtilə ermənilər bizim torpaqlarımızı alıblar, ən azı iki soyqırım törədiblər - Xocalı və Qaradağlı soyqırımı. 1 milyondan çox insanı etnik təmizləməyə məruz qoyublar, onların çoxu həlak olub, köçkün düşəndən sonra yaşamaq üçün yetərli şəraitləri olmadığından çox böyük əziyyət çəkiblər, xəstəlikdən dünyalarını dəyişiblər. Dünya bilir ki, Ermənistan haqsız tərəfdir. Ona görə də, bəziləri qışqırıb-bağırıb yaxasını cırmağa çalışsa da, ortada BMT-nin 4 qətnaməsi var. Aparılan 30 illik danışıqlar təcrübəsi var, bu danışıqlarda Ermənistanın özünü necə aparması haqqında məlumatlar var. Ona görə də, mənim zənnimcə, dünyada da formal olaraq hay-küy qaldırırlar, daha sonra sakitləşirlər.

- İranın davranışı ilə bağlı fikriniz necədir, sizcə, son açıqlamalar gecikmiş sayılmırmı?

- İran bu proseslərdə çox mənfi rol oynadı. İranın bu hərəkətləri nə şiəliyə, nə İslam birliyinə, nə dini tolerantlığa yaraşmır. İran bizim düşmənimizə hərbi dəstək göstərdi. Maşınlarla yüklənmiş silah-sursat göndərdi. Güney Azərbaycandakı soydaşlarımız ayağa qalxdıqdan sonra və o tırlardan bir neçəsini yandırdıqdan sonra onlar bir qədər özlərinə gəldilər. Gördülər ki, azərbaycanlılar itaətdən çıxa bilər. Sonra da tutduqları xətti, davranışlarını dəyişdilər. Artıq Azərbaycan ordusu İranla sərhəd hissəni götürdükdən sonra, onların ürəyindən keçənlər alt-üst oldu. Yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə başladılar. Halbuki bundan əvvəl vasitəçilik səylərindən dəm vururdular, müharibəni dayandırmağa çağırırdılar. 4-5 gün öncə dediklərini bugünki açıqlamaları ilə müqayisə etdikdə, onların mənəviyyatına və Azərbaycana münasibətinə dair asanlıqla qənaətə gəlmək olar. Çox təəssüf edirəm ki, şiə məzhəbində olan bir dövlət, tərkibində 40 milyondan artıq soydaşımızın yaşadığı bir dövlət bizə qarşı müharibə aparan xristian dövlətinə yardım edir. Başqa yerdə olsa həmin müsəlmanları daşqalaq edərdilər. Görünür, biz də bundan sonra bəzi məsələlərə diqqət yetirməliyik. Sovet dövründə İrana qarşı radio verilişləri aparılırdı. Bu verilişlər yenilənməlidir, həqiqətləri orada yaşayan azərbaycanlılara çatdırmalıyıq. Televiziya verilişlərini də yayımlamalıyıq. İran bizim ərazimizdə “Sabah” proqramını yayır, biz də onun ərazisində buna bənzər proqram yaya bilərik. Söhbət ideoloji mübarizədən gedir. İran nə qədər yaxın qonşu olsa da, mehriban mübasibətini ifadə etsə də, zaman göstərir ki, əsla belə deyil. İranın ürəyində bir aslan yatıb, o aslan hər zaman oyanıb qarşısındakını didməyə hazır imiş. Biz baş verənlərdən ibrət alıb, addımlarımızı ona uyğun atmağa çalışmalıyıq.

-Ermənistanın Bakı-Tiflis- Ceyhan neft kəmərini vurma cəhdlərinə beynəlxalq güclərin də mövqeyini cəlb edə bilərikmi? Çünki bu təkcə Azərbaycanın marağında olan bir layihə deyil...

- Əlbəttə, edə bilərik və etməliyik. BTC-nin operatoru BP-dir, BP isə Britaniya ilə Amerikanın birgə şirkətidir. Bu dövlətlər şirkətlərinin operatorluq etdiyini və şirkətlərinin bu xəttin təhlükəsizliyinə cavabdeh olduğunu bilərək, bizə kömək etməlidir. Doğrudur, Amerikanın bir peyki havadan BTC-ni daim izləyir, hansısa təhlükə olduqda yerə - Azərbaycan xidmət orqanlarına bildirir. BTC-nin təhlükəsizliyi çox ciddi şəkildə təmin olunub, raket hücumundan müdafiə dəstələri var, digər qoruyucu tədbirlər var. Ermənistan bu xətti sıradan çıxartmaqla Azərbaycanın gəlirlərini azaltmağa çalışırlar. Onların bu xam xəyalı baş tutmayacaq.

- Ermənistan Azərbaycanın şəhərlərini, dinc sakinlərini raket atəşinə tutur, bununla nə etməyə çalışır? Azərbaycanı təxribata cəlb edib İrəvanı vurmağa vadar etməklə müharibənin gedişini dəyişməkmi istəyirlər?

- Azərbaycanı təhrik edirlər ki, ordumuz onların atəş açdığı nöqtələrə atəş açsın, yəni Ermənistan əhalisinə... Bununla da Rusiyaya və KTMT-yə şikayət edəcəklər ki, Azərbaycan artıq bizim ərazimizi atəşə tutub. Ancaq buna nail ola bilmədilər.Azərbaycan bu provakasiyaya getmədi. 20-dən çox insanımız həlak oldu, 200-ə yaxın insan xəsarət alıb, 300-dən çox ev dağılıb, əhalimizə çox böyük ziyan dəyib. Ancaq müharibədir, əsas məsələ qarşıya qoyduğumuz hədəfə doğru inamla getməkdir. Şükürlər olsun ki, rəşadətli ordumuz bunu edir.

- Beynəlxalq aləmdə informasiya siyasəti bu dəfə daha uğurla aparılır, həm dövlət başçısının müsahibələrinin, həm də onun köməkçisi Hikmət Hacıyevin rolu yüksək qiymətləndirilir. Sizcə, bu amilin həlledici rolu varmı?

- İnformasiya işi yaxşı qurulub, bu işdə Hikmət Hacıyev də yaxından iştirak edir. Eyni zamanda Türkiyə də bu məsələdə Azərbaycana böyük dəstəkdir. Türkiyə informasiya agentliklərinin xəbərləri 20 dildə bütün dünyaya yayılır. Ərdoğanın bir çıxışı bəzən 5-6 siyasətçinin çıxışından daha effektli olur. Çavuşoğlunun çıxışları da həmçinin. Bu dəfəki təbliğat işi yüksək səviyyədədir. Təbii ki, başda prezident İlham Əliyevin rolu dayanır. Dövlət başçısı çox böyük təbliğat işi aparır, bu sahədə özü bir nümunədir. Belə bir deyim var ki, cəbhədə ordumuz döyüşür, beynəlxalq sahədə isə prezidentimiz döyüşür. Bu mənada prezidentin fəaliyyəti əvəzedilməzdir.

- Vətən müharibəsinin bundan sonrakı gedişatı ilə bağlı nə düşünürsünüz?

- Müharibənin dayandırılmasından söhbət gedə bilməz. Bu yalnız o zaman mümkündür ki, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxaracağını bəyan edir və çox sıx qrafiklə bu prosesə riayət edirlər. Onların təmizlənməsi prosesinə də Azərbaycan ordusu nəzarət edir. Yalnız ondan sonra sülh bağlanmasına dair danışıqlar aparmaq olar.

- Paşinyanın hakimiyyətdən gedəcəyi ehtimalını necə dəyərləndirirsiniz?

- Erməni xalqı Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq. Qarabağ klanı, birləşmiş müxalifət ona qarşı çıxacaq. Bu da çox uzun müddət çəkməyəcək. Bu ayın sonlarına doğru ehtimal edirəm ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prosesi başlayacaq.

- Müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi gözlənilir. Bundan sonra proses necə davam edəcək, birgəyaşayış mümkün olacaqmı?

- Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar sakitcə gəlib öz evlərində yaşaya bilərlər. Azərbaycan bunun üçün hər şəraiti yaradacaq. Eyni zamanda Dağlıq Qarabağa özünüidarə hüququ veriləcək. Oradan çıxarılmış azərbaycanlılar geri qayıdacaq. Azərbaycanlılar və ermənilər orada bir yerdə yaşayacaqlar. Ermənilər də ölkə vətəndaşı kimi öz həyatlarını sürəcəklər.

- Sizcə, insanlar buna hazırdırmı? Əsir erməni qadının Bakıya gətirilməsi, ona olan mehriban münasibət çox qınaqlara səbəb oldu...

- Hərbçilərimiz nə etməli idi, qadını oradaca güllələməli idilər? Zənnimcə, qadını gətirmək humanist bir addım idi. Onu ermənilər orada artıb getmişdilər. Lap tutaq ki, ona hansısa missiya tapşırıblar və erməni agentidir. Bunların hamısını Azərbaycan dövləti, xüsusi xidmət orqanları yoxlayıb aşkara çıxaracaq və lazımi tədbirləri görəcəklər. Qadının gətirilməsi istənilən halda təbliğat üçün Azərbaycana yeni xallar qazandırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi