azia.az
azia.az

Elxan Şahinoğlu: “Prezident qarşı tərəfə məhz bunu xatırladır ki, müharibə hələ bitməyib”

4-04-2019, 08:28


Elxan Şahinoğlu: “Prezident qarşı tərəfə məhz bunu xatırladır ki, müharibə hələ bitməyib”
Prezident deyib ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”-dövlət başçısı əlavə edib.

Ölkə başçısı onu da deyib ki, ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilib: “Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, İ.Əliyev deyib ki, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur: “Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma ”Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır".

Prezident deyib ki, danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır: “Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.

Qeyd edək ki, prezident özünün facebook səhifəsində aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə “Qəhrəmanlarımızla fəxr edirik!” başlığı ilə videoçarx da paylaşıb.

Hələlik Ermənistan və beynəlxalq təşkilatlar dövlət başçısının bəyanatına sükutla “reaksiya verir”. Amma ekspertlər son bəyanatları kifayət qədər ciddi qəbul edir və torpaqların azadlığının anonsu sayır.

“Cənab İlham Əliyev Ali Baş Komandan kimi verdiyi bəyanatla bir daha bildirdi ki, münaqişənin həlli tək diplomatik və ya danışıqlar yolu ilə deyil, həm də hərbi yolla edilə bilər”.


Arzu Nağıyev: “Azərbaycan xalqı və onun ordusu torpaqlarımızın istənilən yola qaytarılması və suverenliyimizin qorunmasına hazır olmalıdır”
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprel döyüşlərinin ildönümündə işğalçı ölkəyə növbəti dəfə ciddi mesajlar ünvanladı.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan ölkə rəhbəri deyib ki, bu gün Azərbaycan ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu fikirlərlə Ali Baş Komandan ikinci Qarabağ savaşının qaçılmaz olduğunu anons edib və düşməni düşünməyə çağırıb.

Bu fikirləri isə politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd etdi ki, prezidentin bəyanatının səbəbləri var: “İşğal olunmuş ərazilər qaytarılmayana, hər bir mərhələnin son nəticəsi olmayana və bütün bu proseslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməyənə qədər münaqişənin bitməsindən danışmaq doğrudan da tezdir. Ermənistan status-kvonun saxlanmasında maraqlıdır və bunu hər dəfə ortaya atdıqları yeni bir arqumentlərlə etməyə çalışırlar. İndi də format məsələsini ortaya atıb separatçıları danışıqlar masasına gətirməyə çalışırlar və bilirlər ki, heç zaman Azərbaycan buna razılıq verməyəcək. Hətta danışıqlardan bir gün öncə atəşkəsin pozulması da buna hesablanan bir variant idi. Paşinyan ”Qarabağ klanı"nın üzvü deyil və separatçılar qarşısında çox böyük cavabdehliyi də yoxdur, Köçəryan və Sərkisyan isə birbaşa bu cinayətkar xuntanın üzvləri idi. Yəni Paşinyanın siyasi manevr imkanları daha çoxdur. Lakin buna baxmayaraq, Qarabağ kartından istifadə etmək ona da sərfəlidir".
Elxan Şahinoğlu: “Prezident qarşı tərəfə məhz bunu xatırladır ki, müharibə hələ bitməyib”
A.Nağıyev qeyd etdi ki, artıq hakimiyyətə gəlməyinin bir ili tamam olan Paşinyan münaqişənin həlli ilə bağlı da hesabat verməlidir: “Lakin nə irəliləyiş, nə də hər hansı bir yenilik yoxdur. Buna görə də danışıqlara gedir və heç olmasa deyiləcək bir söz üçün zəmin yaratmağa çalışır. Azərbaycan isə gözləmə mövqeyindədir və diktə edən tərəf kimi qoyulan suallara cavab gözləyir, əks halda, hərbi yol qaçılmaq ola bilər”. Politoloq qeyd etdi ki, beynəlxalq ictimaiyyət Azərbaycanın hərb yolu ilə ərazilərini azad etməsinə imkan vermək istəmir: “Çünki bütün aktorlar bu müharibədən ancaq ziyan görəcəklər. Baxmayaraq ki, erməni tərəfi absurd bəyanatlar verir, bəlkə də hərbi müdaxilədən ən çox qorxan da məhz onlardır. Bütün təhlillər göstərir ki, yaranmış gərginliyə baxmayaraq, danışıqlar davam etdiriləcək və erməni tərəfi artıq konkret addımlar atmalıdır. Əks halda, yaranacaq şəraitin bütün məsuliyyəti ermənilər və onların havadarlarının üzərinə qoyulacaq. Buna görə də Azərbaycan xalqı və onun ordusu torpaqlarımızın istənilən yola qaytarılması və suverenliyimizin qorunmasına hazır olmalıdır. Bu, Azərbaycan prezidentinin çıxışında da öz əksini tapdı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyev bu fikirləri hər zaman söyləyir: “Çünki danışıqlarda nəticə yoxdur və toqquşma ehtimalı hər zaman realdır. Vyana danışıqları da bir daha göstərdi ki, Ermənistan sülh yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir. Düşmən ölkənin hərbi ritorikası da artır”.

Ekspert dedi ki, bunu Ermənistan müdafiə nazirinin son bəyanatı və Paşinyanın onu müdafiə etməsi də sübut edir: “Demək, belə bir şəraitdə biz ancaq təzyiq yolunu tutmalıyıq. İlham Əliyev də qarşı tərəfə məhz bunu xatırladır ki, müharibə hələ bitməyib. İstəyir ermənilər də anlasınlar ki, danışıqlar yolu ilə məsələni həll etmək istəmirlərsə, qarşılarında Azərbaycan ordusunu görəcəklər”.

E.PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi