"Oyuq" Uşaq Teatrı bağlandı - 12 illik teatrın gözlənilməz sonu
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərən "Oyuq" Uşaq Teatrı fəaliyyətini dayandırıb.
Bu barədə teatrın rəhbəri rejissor Səidə Haqverdiyeva məlumat yayıb.
O, teatrın bağlanma səbəbini bu cür açıqlayıb:
"12 il əvvəl mənim təşəbbüsümlə “Oyuq” uşaq teatr studiyası yarandı. Məktəblərdə kastinglər keçirdik, uşaqlar seçdik və onların xəyallarına yol açdıq. Həmin uşaqlarla birlikdə gözəl işlər gördük, səsimiz ölkə hüdudlarını aşdı, və hər kəsin dilində uşaqlarımızın adı oldu.
Onları öz balam bildim. Böyüdük, ali təhsil ocaqlarına yol aldıq. Yeni ulduzlar gəldi, onlar da böyüyür. Onlarla hər anım xoşbəxtliklə dolu oldu.
Amma deyəsən, bu yolun sonuna gəldik. Bu gündən etibarən "Oyuq" Uşaq Teatrı fəaliyyətini dayandırır".
Qeyd edək ki, teatrın bağlanması Səidə Haqverdiyevanın şəxsi həyatı və peşə fəaliyyəti ilə bağlı son açıqlamalarından sonra baş verib. Bir müddət əvvəl rejissor Kukla Teatrındakı rejissor vəzifəsindən ayrıldığını, eləcə də teatrın direktoru, həyat yoldaşı Rəşad Əhmədzadədən rəsmən boşandığını ictimaiyyətə açıqlamışdı.
Səidə Haqverdiyeva bu qərarların özünə və ailəsinə göstərilən təzyiqlərlə bağlı olduğunu bildirmiş, məhz həmin səbəblərdən bu addımı atmağa məcbur qaldığını qeyd etmişdi.
Xalidə Gəray